Təhsil Nazirliyi (TN) Azərbaycanda müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələrində tətbiq ediləcək keçid balını açıqlayıb.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, Nazirlikdən verilən məlumata görə, keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən, keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60 faiz, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80 faiz nəzərdə tutulub.

Bal hesablanan zaman səhv cavabların sayı düz cavabların sayına təsir etmir, düz cavabların sayına uyğun bal verilir.

Nazirlik namizədlər arasında həvəsləndirmə tədbirlərinin kimlərə şamil olunduğunu da açıqlayıb. Bu tədbirlər dövlət sifarişinə əsasən, kənd rayonlarındakı ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və üç il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə aiddir.