Avropanın ölkəmizə qarşı "TAP təxribatı"
11:45 26-12-2015
CƏMİYYƏT
Azərbaycanın beynəlxalq qaz layihəsinə kimlər və niyə mane olur?
2000-ci illərin ikinci onilliyində gündəmə gəlmiş "Trans Adriatik Pipeline" (TAP) qaz ixracı boru kəməri Xəzər qazının Yunanıstan və Albaniyadan keçməklə, Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutur və Avropa İttifaqının 21-ci əsr enerji təhlükəsizliyi xartiyasının bir parçası hesab edilirdi.
TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qaz sayılırdı. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanmalı idi. TAP kəmərinin tikintisinə isə 3 il tələb olunurdu.
Lakin müəyyən müddətdən sonra məlum oldu ki, bir zaman TAP üçün əlindən gələni etməyə hazırlaşan qüvvələr sonradan onun ərsəyə gəlməsi üçün bir o qədər də maraq göstərmirlər. Bəs Qərbin bu layihəyə başısoyuqluğunun nəticəsi nədən qaynaqlanır? Azərbaycanın təşəbbüslərinin əngəllənməsinin, bu layihə haqqında anti-təbliğat aparılmasının kökündə nə dayanır?
Mütəxəssislər isə hesab edir ki, bütün bunlar Qərbin Azərbaycana etdiyi təzyiqlərin bir başqa formasıdır. Eyni zamanda TAP layihəsinin reallaşmamasında dünyada gedən iqtisadi-siyasi proseslərin də müəyyən qədər rolu var.Bu öz yerində, amma ölkəmizə qarşı hər zaman məkrli xətt yürüdən qüvvələr məhz bu cür çirkin yollara baş vurmaq məcburiyyətində qalırlar. Həmin dairələr TAP kimi böyük layihələrin reallaşmasını əngəlləməklə, rəsmi Bakıya təsir göstərməyə çalışırlar. "Trans Adriatik Pipeline" Balkan ölkələri və Cənubi Avropa ölkələrinin təbii yanacaqdan asılılığını aradan qaldırmaq üçün idi. Bu layihə ilə həmin region ölkələri əlverişli və sərfəli bir marşrutla qaz alacaqdılar. Belə olan halda isə onlar müəyyən müddətdən sonra yenə də Rusiyanın və ya digər qaz maqnatı ölkələrinin təsirinə düşə bilərlər.
Azərbaycanın "Şahdəniz II" yatağından çıxan təbii qazın Avropaya nəqlini nəzərdə tutan "Trans Adriatic Pipeline" (TAO) layihəsinin gerçəkləşməsi hələ də sual altındadır. Səbəb isə qeyri-adi deyil - layihənin icrası üçün tranzit imkanlar təklif edən ölkələr, ilk növbədə Yunanıstan TAP-dan siyasi divident qazanmaq üçün istifadə etməyə çalışır və bununla kəmərin çəkilişi üçün daşı- daş üstə qoymur. Layihəyə əsasən uzunluğu 800 kilometr olacaq qaz kəmərinin 478 kilometri Yunanıstan ərazisindən Albaniyaya uzanır, oradan Adriatik dənizinin altı ilə çəkiləcək 105 kilometrlik kəmər Azərbaycan qazını İtaliyaya çatdırır. Kifayət qədər bahalı olan kəmərin inşası üçün çəkilən xərclər özünü artıqlaması ilə doğruldur. Lakin Avropada siyasi və iqtisadi böhran iştirakçı dövlətlərin layihəyə nəinki marağını azaldır, eyni zamanda, bu dövlətlər tranzit imkanlarını digər tərəflərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Yunanıstan və Albaniyanın iqtisadi durumu zatən məlumdur, Afina həm də özünün ən kiçik strateji üstünlüklərindən belə Avropaya, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir, desək, yanılmarıq.
Belə bir vəziyyət isə tələb edir ki, Azərbaycan istənilən təzyiqlərdən qaçmağı bacarmalıdır. Bunun üçün də Azərbaycan yeni layihələrin işlənib, həyata keçirilməsinə diqqət ayırmalıdır. Azərbaycan mavi yanacaq ölkəsidir. Mənbə dövlətlər üçün isə layihə qıtlığı olmur. Azərbaycan istənilən bir layihə ilə öz qazını dünya bazarına çıxaracaq. Hətta mövcud xətlər vasitəsi ilə Türkmənistan da öz qazını Avropaya çıxarmağa can atır. TAP-ın reallaşmamasından Azərbaycan yox, Qərb itirəcək.
Bu baxımdan həmin layihə daha çox Avropaya lazımdır. TAP Avropa İttifaqının 5 prioritet layihələrindən biridir və onlar tərəfindən də maliyyələşməlidir. Azərbaycan üçün daha vacibi TANAP layihəsidir. TAP həmin layihədə payı olan şirkətlər tərəfindən maliyyələşməlidir. Bunun 30 faiz kompaniyalar, 70 faizi isə maliyyə institutlarının ucuz kreditinin payına düşəcək. 2020-ci ilə nəzərdə tutulan bu kəmər vasitəsilə ildə 10 milyard kubmetr Azərbaycan qazının ötürülməsi planlaşdırılır.
Avropanın qaz təminatının 42 faizinin Rusiyanın əlində olduğu və şimal qonşularımızın bunu daim "kozır" və təzyiq vasitəsi kimi istifadə etdiyi məqamda Azərbaycanın köhnə qitənin qaz bazarına girməsi Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Hazırda bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Ona görə də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm alternativ mənbə hesab edilir. Belə ki, TAP istifadəyə veriləcəyi təqdirdə Balkan ölkələrində, xüsusən, böhran zolağında olan Yunanıstanda, həmçinin, İtaliyanın Tarantino bölgəsində iqtisadi həyat yenidən canlana bilərdi.
Amma təəssüf ki, daha çox Avropaya lazım olan bu layihənin həyata keçməsi üçün Azərbaycanın təşəbbüs və cəhdləri lazımi səmərə vermir. Paradoksal olsa da, faktlar göstərir ki, Rusiyanın basqısından qurtulmaq istəyən bəzi Avropa ölkələrinin "müstəqil" qeyri-hökumət təşkilatları və mediası TAP-ın əleyhinə çıxır, ona qarşı antikampaniyalar təşkil edir, əks-təbliğat aparılır, hətta bələdiyyələr və ölkə hökumətləri səviyyəsində Azərbaycanın təşəbbüslərinin əngəllənməsinə çalışırlar.
Digər ekspertlər isə hesab edirlər ki, əgər belə bir layihə Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə, riskləri özləri qarşılamalı, həm ümumavropa səviyyəsində, həm də yerli hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qaldırılmalıdır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18