Tacikistanda yaxın qohumlar arasında evlilik qadağan edilib. Bizimyol.info xəbər verir ki, iyul ayının 1-dən etibarən Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması" qanununa qəbul edilən düzəlişə əsasən, yaxın qohum evlilikləri bundan sonra qadağan edilir və nikaha girməzdən əvvəl cütlüklər mütləq həkim müayinəsindən keçməlidirlər.
Qanuna əsasən, bundan sonra qardaş, bacı uşaqları, eyni zamanda xala (bibi), dayı (əmi) uşaqları bir-biri ilə evlənə bilməzlər. Bununla yanaşı, VVAQ orqanları tibbi arayış olmadan nikah mərasimini təşkil etməyəcəklər.

Bir müddət öncə Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan 30 mindən çox əlil uşağın dünyaya gəldiyini bildirib.

Bu gün dünyanın 20 faizi qohum evliliklərdir və doğulan uşaqların ən azı 8,4 faizi qohum nikahdan doğulur. Qan qohumlarının evliliyi məsələsi bu gün ölkəmiz üçün də aktualdır. Bibi, dayı, əmi, xala uşaqları ailə qurarkən gələcəkdə övladlarında hansı problemin yarana biləcəyindən çox vaxt xəbərsiz olurlar. Ailələr isə "ən yaxşısı öz evimin içidir" düşüncəsi ilə belə evliliklərin tərəfdarı olurlar.

Bəs nə üçün qohum evlilikləri riskli sayılır?

Məsələ ilə bağlı bir balaca internetdə axtarış edən zaman qan qohumu olan şəxslərin evliliklərindən dünyaya gələn uşaqlarla bağlı xeyli məlumatlar əldə edə bilərsiniz. Belə nikahlar uşaqda anadangəlmə eybəcərlik və xəstəliklərin əmələ gəlməsi risklərini artıran əsas faktor hesab olunur. Səbəbləri isə belə izah olunur:

İnsan orqanizmi bütün hüceyrələrində 46 xromosom (23 cütlük) mövcuddur. Kişi və qadın cinsi hüceyrələrində isə 23 xromosom olur ki, onlar birləşəndə yeni orqanizmin gen toplusu əmələ gəlsin (23 xromosom atadan + 23 xromosom anadan = 46 xromosom). Xromosomlar genlərdən ibarətdir və bu genlər hər bir insan orqanizminin bütün xüsusiyyətlərindən (saç, dəri və gözlərin rəngi, mübadilə proseslərin xüsusiyyətləri, irsi xəstəliklər və s.) məlumat daşıyırlar. İnsan orqanizmində hər bir əlamət haqqında informasiyanı 2 gen-cütlük daşıyır. Əgər cütdəki genlərdən biri insanın hər hansı bir əlamətinin təhrif olunmuş, mutasiyalı, patoloji informasiyanı daşıyırsa, digər gen isə sağlamdırsa, insan sağlam doğulur. Uşaq hər bir valideynin gen-cütlüyündən bir gen alır. Qan qohumlarında çoxsaylı ümumi genlərin olması ona gətirib çıxara bilər ki, bu nikahda doğulan uşaqlar öz valideynlərindən iki eyni təhrif olunmuş, patoloji informasiyanı daşıyan gen qəbul edə bilərlər. Nəticədə uşaq xəstə doğulur.

Qan qohumları olmayan insanların uşaqlarında, genotiplərində (gen toplusu) eyni mutasiyaya məruz qalmış genlərin "görüşməsi" ehtimalı çox azdır.

Adil Qeybulla: "Qohum evliliklərində döldə xəstəliklərin qalma ehtimalı yüksək olur"

Unikal.org xəbər verir ki, həkim Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirib ki, əsas məsələ hansı kateqoriya qohum evliliyi olması məsələsidir: "Birinci dərəcəli qohumlar, yəni xalaoğlu, əmioğlu, əmiqızı və s. arasında evliliklərdə əsas məsələ dölün sağlam gen götürmə ehtimalın məhdudlaşır. Yəni döl hər iki valideyndən gen götürdüyünə görə yaxın qohumlarda müxtəlif xəstəliklər nəsil üzrə davam elədiyindən məsələn, şəkərli diabet, döldə onların qalma ehtimalı daha çox artır. Ona görə də yaxşı olar ki, evlənən cütlüklərin qohumluq əlaqələri olmasın. Ancaq bu mentalitetə bağlı məsələdir. Ona görə hesab edirəm ki, bu cür məsələlər təbliğatla həyata keçirilməlidir. Yəni bunu insanlara hansısa qadağalarla etdirmək mümkün deyil. Hər halda qadağalar da dövlət səviyyəsində həyata keçirilməlidir. Ancaq ən əsası maarifləndirmə işlərinin aparılmasıdır".

"Dünyaya gələn uşaqların ən azı 8,4 faizi qohum nikahdan doğulur"

Azərbaycanda qohum evliliklərinin sayı heç də az deyil. Son illərdə əlilliyi olan uşaqların sayının artmasında əsas səbəblərdən biri kimi qohum evlilikləri göstərilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2015-ci ildə ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 11,2 min nəfər olub. 2014-cü ildə isə bu rəqəm 8,9 min nəfər olub. Məlumatda bildirilir ki, ilk dəfə əlil hesab edilən 18 və yuxarı yaşda olan şəxslərin sayı ötən il 31,0 min nəfər olub ki, 2014-cü ildə bu göstərici 38,6 min nəfər təşkil edib. Dünyaya əlil gələn uşaqların ən azı 8,4 faizi qohum nikahdan doğulur. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Alimlərin araşdırmalarına görə, qohum nikahlardan yaranan irsi xəstəliklər arasında əsas yeri talassemiya tutur.

Musa Quliyev: "Qohumların evliliyini qadağan etmək insan hüquqlarına ziddir"

Millət vəkili Musa Quliyev hər ölkənin öz qayda-qanunları olduğu kimi ölkələrin sosial-iqtisadi göstəricilərinin də fərqli olduğunu deyib: "Tacikistanın qərarlarına hörmətlə yanaşırıq, amma indiki halda Azərbaycanda qohum evliliklərinə qadağa üçün bir zərurət görmürük".

Yaxın qohumlarla evliliyə qadağa qoyulmasının insan hüquqlarına zidd olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, cəmiyyətdə belə evliliklərdən qüsurlu uşaqlar doğulsa da, ancaq insanlar evlilikdən öncə genetik analizlərdən keçib bunun qarşısını ala bilərlər. O, mətbuata açıqlamasında bildirib ki, qanuna dəyişiklik etməkdənsə, maarifləndirici tədbirləri artırmaq lazımdı: "Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da yaxın qohumların evlənməsi halları məqbul sayılıb və kifayət qədər də geniş yayılıb. Düzdür, yaxın qohumların evliliyi zamanı genetik xəstəliklərin üzə çıxma ehtimalı yüksək olur və daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur. Amma bu o demək deyil ki, biz qohum evliliklərinə qadağa qoyub, kimin-kiminlə evlənməsinə qərar verməliyik. Sadəcə səhiyyə sahəsində maarifləndirici addımlar atmalı, insanlar arasındakı mədəni əlaqələri yüksəltməliyik. Onu da deyim ki, qohum evliliklərində dünyaya gələn uşaqların heç də hamısı qüsurlu olmur. Bəzən belə ailələrdə dünyaya gələn uşaqlar daha istedadlı, fiziki və əqli cəhətdən daha yüksək potensiala sahib olur. Burada əsas məsələ sağlam və xəstə genlərin kombinasiyasıdır. Əgər hər hansı bir nəsildə xəstə gen daşıyıcıları varsa, həmin nəsildə qohum evlilikləri riskli ola bilər. Bunu ayırd etmək isə o qədər də çətin deyil. Artıq bir ildən çoxdur ölkədə nikaha girən şəxslərin icbari - tibbi müayinəsi həyata keçirilir. Hazırda genetik xəstəliklərin yoxlaması aparılmasa da, gələcəkdə müəyyən əlavələr etmək olar. İndiki mərhələdə öz əmisi qızı, yaxud da xalası qızı ilə evlənmək istəyənlər həkimə müraciət edərək genetik xəstəlik daşıyıcısı olub-olmadıqlarını müəyyənləşdirə bilər".