KIVDF Yevlaxda regional konfrans keçirdi
14:22 29-12-2015
CƏMİYYƏT
"İnformasiya əldə etmək haqqında" qanunun şərhi sahəsində region KİV-lərin maarifləndirilməsi" mövzusunda müzakirə aparıldı
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İnformasiya əldə etmək haqqında" qanunun şərhi sahəsində region KİV-lərin maarifləndirilməsi" mövzusunda konfrans keçirilib.
Tədbirdə rayonda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, yerli icra orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, habelə Bakıda fəaliyyət göstərən bir sıra aparıcı qəzetlərin baş redaktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov qonaqları salamlayaraq cəmiyyət həyatının ən müxtəlif sahələri ilə bağlı yeniliklərin ictimaiyyətə operativ, dolğun və obyektiv şəkildə çatdırılmasında ölkə KİV-lərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Q.Səmədov Yevlax rayonunda keçirilən konfransın rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulması, habelə jurnalistlərin informasiya əldə etmək sahəsində maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Daha sonra söz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. Yekunlaşmaqda olan 2015-ci ilin Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olduğunu deyən Vüqar Səfərli ölkəmizdə ilk Avropa Oyunlarının təşkilini, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla milli mətbuatın 140 illik yubiley tədbirlərinin təşkil olunduğunu, 180 nəfər jurnalistin fəxri adlar, orden, medal və fəxri diplomlarla təltif edildiyini, eləcə də Milli Məclisə seçkilərin keçirilməsini və digər mühüm məqamları diqqətə çatdırıb.
İcraçı direktor Fondun 2015-ci ildə KİV-lərin maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib.
Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nın 4.16-cı bəndinə əsasən, informasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilib. O, Yevlax rayonunda keçirilən konfransın region jurnalistlərinin maarifləndirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, ölkədə demokratik dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri də informasiyalı cəmiyyətin yaradılmasıdır. O, "İnformasiya əldə etmək haqqında" Qanunu özündə informasiya əldə edilməsi prosesinin bu qanunun qəbulunadək olan məsələlərini istər təcrübi, istərsə də nəzəri baxımdan daha təkmil birləşdirən sənəd kimi dəyərləndirib.
Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "İnformasiya əldə etmək haqqında qanunvericilik" və jurnalistlərin hüquqi məsuliyyət normaları" mövzusunda məruzəsində informasiya almaq haqqında qanunvericiliyin cəmiyyətin inkişaf tempinə adekvat olaraq təşmilləşdirildiyini bildirib. Ekspert "İnformasiya əldə etmək haqqında" Qanuna, habelə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikləri geniş təhlil edərək hüquqi təkmilləşdirmələrin istər jurnalistlərin məsuliyyətinin artırılması, istərsə də onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev çıxışında qeyd edib ki, informasiya əldə etmək haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədəki yeniliklərin ictimaiyyətə izahı cəmiyyətdə şəffaflığın, məmur məsuliyyətinin artırılmasında və dövlət qurumlarının ictimaiyyətə açıqlığının təmin edilməsində vacib amillərdən biridir.
Müzakirələrə yekun vuran Fondun icraçı direktoru V.Səfərli aparılan müzakirələrin kütləvi informasiya vasitələri ilə rayonun müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi, region jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ümümən vətəndaşların informasiya əldə etmək sahəsində maarifləndirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı öz növbəsində rayonda belə bir konfransın keçirilməsinin əhəmiyyətini bir daha xüsusi vurğulayaraq, Fondun rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00