Respublikamızda enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılması, elektroenergetika təsərrüfatının yenidən qurulması və yeni güclərin yaradılması istiqamətində görülən işlər ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, sənaye potensialının artırılmasına çox güclü təkan verir.  Belə generasiya güclərdən biri də ümumi gücü 780 meqavat təşkil edən "Cənub Elektrik Stansiyasıdır. 

"Azərenerji ASC-nin mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, cari ilin iyun ayında Cənub Elektrik Stansiyasında 318,4 milyon kilovatsaatdan artlq elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 97,6 milyon kilovatsaat çoxdur. 

Qeyd edək ki, 2016-cı ilin I yarımilliyi ərzində bu elektrik stansiyasında 2 milyard 257,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehsaldan 58,9 milyon kilovatsaat artıqdır. Mənbəyə istinadən qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzindədir. Son üç ay ərzində əsas və köməkçi avadanlıqlarda müxtəlif təyinatlı cari təmir işləri aparılıb. 
Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənib. Eyni zamanda, yanğına qarşı əks-qəza məşqi də keçirilib.

Xatırladaq ki, enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, sözügedən stansiyada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilib. "Cənub Elektrik Stansiyasının Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi sisteminin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.