Binəqədi sakinlərinin "lift problemi"
11:53 06-01-2016
CƏMİYYƏT
Sakinlər "Unikal" qəzeti vasitəsilə dövlət qurumlarına müraciət etdi: "Kömək edin..."
Paytaxtın 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsi, bina 33a ünvanında yaşayan bir qrup sakin "Unikal" qəzetinə şikayət məktubu göndərib. Onlar bildirir ki, binalarındakı liftlər neçə mçüddətdir ki, işləmir, müvafiq qurumlara edilən saysız hesabsız şikayətlərin isə heç bir faydası yoxdur. Xatırladaq ki, sözügedən bina "Yazıçılar binası" kimi tanınır və burada yazıçılar, şairlər, ziyalılar yaşayır.
Şikayətçilərin sözlərinə görə, liftin işləməməsi sakinlər üçün əlavə problemlər yaradıb. Xüsusilə də yaşlı insanlar və uşaqların yuxarı mərtəbələrə qalxmasında çətinliklər meydana çıxıb. Qeyd edək ki, Bakıdakı liftlərin hamısı "Bakı Lift-Təmir" İstehsalat Birliyinin balansındadır. Yəni liftlərdə hansısa nasazlıq baş verəndə bu qurum cavabdehlik daşıyır. "Bakı Lift İdarəsi" isə liftlərin təzələnməsi prosesinin getdiyini desə də, deyilənlər həqiqəti əks etdirmir. Yeni tikilən binalarda quraşdırılan liftlər qısa müddətdə sıradan çıxır və vaxtında təmir edilmədiyindən müxtəlif qəzalar baş verir.
Ümumiyyətlə isə sovet dövründən qalan binaların lift problemi bitib-tükənmir. Köhnə binaların sakinləri liftlərin fəaliyyətindən narazı olduqlarını bildirirlər. Demək olar ki, vətəndaşlar tez -tez liftdə qalırlar. Aylarla lift işləmir. Hər il büdcədən "Binəqədi Lift İdarəsi"nə kifayət qədər vəsait ayrılsa da demək olar ki, sakinlərin liftlə bağlı şikayətləri səngimək bilmir.
Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər liftlər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır. Məsələ burasındadır ki, hər ay sakinlərdən liftin təmiri adı altında pullar yığılır. Lakin yığılan pulların müqabilində vətəndaşlar normal liftlə təmin olunmurlar. Ekspertlərin fikrincə, istifadə müddəti bitmiş liftlərin yeniləri ilə əvəz olunmasında dövlət özü birbaşa maraqlı olmalıdır. Bakıda inşa olunan hündürmərtəbəli binalardakı liftlərin hamısı çox əladır. Amma köhnə binalarda liftlərin əksəriyyəti istənilən vəziyyətdə deyil. Bəzi vətəndaşlar həmin liftlərə minməkdən qorxurlar. İstifadə müddəti başa çatmış liftlər dəyişdirilməlidir. Xatırladaq ki, 2009-cu ildə ölkə başçısının sərəncamına əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Amma nədənsə Binəqədidə hələ də könhə liftlər fəaliyyət göstərir.
Liftlərdəki mövcud problemlər isə müntəzəm olaraq faciələrin yaşanmasına səbəb olur. Xatırladaq ki, Bakıda bir müddət öncə növbəti dəfə lift faciəsi yaşandı. Belə ki, Nərimanov rayonunda 4 yaşlı uşaq faciəvi şəkildə ölüb. 2010-cu ildə anadan olmuş Şahin Dəmirov liftin şaxtasına düşüb. O ağır xəsarətdən yerindəcə keçinib. Hadisə baş verən binada liftin şaxtası açıq olub. Ş.Dəmirov da birinci mərtəbədə həmin şaxtaya düşüb. Başı dəmirə dəyib və dünyasını dəyişib.
Xatırladaq ki, bir müddət əvvəl bədbəxt hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb. Ata azyaşlı övladının gözləri önündə faciəvi şəkildə ölüb. İ.Məmmədov küçəsi, bina 2-də 40 yaşlı Elmar Mustafayev 3-cü mərtəbədə övladı ilə liftdə qalıb. O, nasaz liftin qapılarını aralayaraq çıxmaq istəyib. Bu zaman nasaz lift işə düşüb və E.Mustafayevin başı liftin arasında qalıb. Qeyd edək ki, nasaz liftlərin ucbatından hər il 2-3 nəfər xəsarət alır, hətta ölüm halları da baş verir. Məsələn, bir neçə il əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Orxan Rüstəmov, daha sonra isə Xətai rayonu ərazisində 16 mərtəbəli binada yaşayan 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov liftin şaxtasına düşərək həyatını itirmişdi.
Göründüyü kimi, Sovet dövründən qalmış və istismar müddətini başa vurmuş liftlər vətəndaşlar üçün ciddi problemlər yaradır, hətta onların ölümünə səbəb olur.
Ümid edirik ki, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, bina 33a ünvanında yaşayan sakinlərin "Unikal" qəzetinə yazdıqları lift problemi tezliklə həllini tapacaq və biz mövzuya yenidən qayıtmaq zərurəti hiss etməyəcəyik.
Elvin Rustımov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18