Filadelfiyanın Federal Ehtiyat Bankının prezidenti Patrik Harker ilin sonunadək FED uçot dərəcəsini iki dəfə qaldıra biləcəyini açıqlayıb: "Hesab edirəm ki, inflyasiya hədəflənən səviyyəyə gələn il qayıdacaq. Mənim gözləntilərimə görə, ilin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq".
Unikal.org bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov AzNews.az-a açıqlamasında Amerikada işsizliyin səviyyəsi kəskin azaldığı və digər problemlər həllini tapdığı üçün bu məsələnin hazırda müzakirə olunduğunu deyib: "Federal Ehtiyat Sistemi faiz dərəcəsini artırsa, əlbəttə, bunun dünya maliyyə bazarına böyük təsiri olacaq. O cümlədən faiz dərəcəsi dollara da təsirini göstərəcək. Yəni, bir başa Azərbaycan iqtisadiyyatına təsir edən psixoloji cəhətdən müəyyən məqamlar baş verəcək. Manata müəyyən təzyiqlər olacaq. Yəni ümumi götürəndə faiz dərəcəsinin artırılması müəyyən təzyiqlər yaradacaq. Çünki dünya maliyyə bazarında ən qüvvətli valyuta dollardır. O dünya maliyyə bazarına ciddi təsir edən amildir. Ona görə də bunun təsirindən qaçmaq qeyri-mümkündür.
Millət vəkilinin fikrincə, FES-nin uçot dərəcəsini iki dəfə qaldırması ilə bağlı qərarının hansı aylarda verəcəyini bəri başdan demək çətindi: "Ayın 28-də sistem yenə toplanacaq. Orada hansı qərarların veriləcəyini o zaman biləcəyik.