Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı Hərbi-Hava Qüvvələrinin artıq sabiq komandanı, ordu generalı Akın Öztürklə onun kürəkəni, polkovnik Hakan Karakuş həbs olunublar.
Onlar Ankaranın Kazan rayonundakı AKınçı 4-cü aviabaza komandanlığındakı əməliyyat zamanı tutulublar. Bazadakı hərbçilər silahı yerə qoyaraq təslim olublar.
Ordu generalı Akın Öztürk avqustun 30-da istefaya göndərilərək təqaüdə çıxarılacaqdı.

Ötən il onun Fətullah Gülən tərəfdarı olduğu aşkarlanmış, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına xəbərdarlıq məktubu göndərilmişdi. Fəqət, generalla bağlı heç bir tədbir görülməmiş, xəbərdarlıq qulaqardına vurulmuşdu.
Türkiyə ordusunda F.Gülən tərəfdarı olan generallar və admiralların vəzifələrindən kənarlaşdırılması ilə bağlı əməliyyatın başlanacağından, onların Ali Hərbi Şura üzvlyündən çıxarılacaqlarından xəbər tutan "fətullahçı" generallar və admirallar hərbi çevrilişə qərar veriblər.
Çevriliş uğurlu olacağı təqdirdə ordu generalı Akın Öztürk Baş Qərargah rəisi postuna yiyələnəcəkdi.

Çevriliş gecəsi toy vardı

Dünən gecə Eskişehirdə yerləşən Hərbi Hava Qüvvələrinin bütün "zərbə gücü" sayılan baza komandanı olan korpus generalı İlhan Şanverin qızının İstanbulda toy vardı. "Moda Deniz Külübü"ndəki toya HHQ-nin bütün rəhbərliyi dəvətli idi. Bu səbəbdən də HHQ komandanı Abidin Ünal başda olmaqla bütün hərbi aviasiya generalları və komandanlar İstanbulda, toyda idilər.
Toya qatılmayan yeganə dəvətli şəxs ordu generalı Akın Öztürk idi.

"Başlayın!" əmri Ankarada verildi

Ordu generalı Akın Öztürk dünən gecə yerli vaxtla saat 22.00-da Ankaradakı Akıncı 4-cü Əsas Qırıcı Avaisiya Bazasından F-16 qırıcılarının səmaya qaldırılması əmrini verdi.
Bu, Türkiyədə hərbi çevriliş cəhdinin başlanğıcı idi.
Əməliyyat generalın kürəkəni, polkovnik Hasan Karakuşun komandan olduğu Akıncı bazasındakı 141-cü aviadonanmada başlandı.
Bu arada xatırladım ki, H.Karakuş iki il əvvəl Ankarada küveytli diplomatlarla dava etmiş, döyülmüşdü.
Türkiyə Hərbi-Hava Qüvvələrinin qərargah qüvvəsi sayılan 141-ci aviadonanmanın əksər zabitləri komandanın əmri ilə qışlalara göndərilmişdi.

Tanker təyyarəsi göndərildi

Qiyamçıların F-16 qırıcılarının uzun müddət səmada qalması üçün İncirlik aviabazasından KC135R tipli iki tanker təyyarəsi havaya qaldırıldı. Bu təyyarələr əvvəlcə Ankarada, sonra İstanbulda istifadə olundu və qiyamçıların F-16 qırıcılarının uzun müddət səmada qalaraq uçuşlar etməsini təmin etdilər.

Modaya vertolyot endi

Korpus generalı İlhan Şanverin qızının Modadakı toyu əsnasında Ankara səmasında F-16 qırıcıları uçarkən toya Sikorsky S-70 tipli hərbi vertolyot endi.
Vertolyotdan çıxan hərbçilər başda HHQ komandanı, ordu generalı Abidin Ünal olmaqla bütün komanda heyətini girov götürərək naməlum istiqamətə apardılar.
HHQ komandanın əsir alınması Türkiyə Hərbi-Hava Qüvvələrinin aviabaza və donanmalarını "iflic" duruma saldı: qiyamçılara qarşı müqavimət əmrini verəcək adam artıq yoxdu.

Yerdən dəstək

Çevriliş cəhdinə başlayanlara Ankaranın Güverçinlik rayonundakı quru qoşunlarının aviabazası və jandarmeriya qüvvələrinin aviasiyası da dəstək verdi.
Səmaya qalxan Sikorsky S-70 vertolyotlarına az sonra Ankarada AH-1 Cobra hərbi vertolyotları da qoşuldular
Bu zaman HHQ-nın F-16 qırıcıları səmaya qalxdılar və səmada qiyamçıların F-16 qırıcılarını qovmağa başladılar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi pilotlara "qiyamçıların F-16 qırıcılarını vurun" əmrini verdi.
Bundan sonra S-70 vertolyotu HHQ-nin F-16 qırıcısı tərəfindən vuruldu.

Ərdoğanın təyyarəsini vurmaq istədilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dalamandakı aerodromda TC-ATA nişanlı VİP təyyarəyə minərək İstanbuldakı Atatürk hava limanına yollananda qiyamçıların təyyarələri dövlət başçısını hədəfə almışdılar.
Lakin bir saata yaxın Biqa səmasında dövrə vuran TC-ATA nişanlı təyyarəni F-16 qırıcıları qorumağa başladı.
Qiyamçılar sakitləşməmişdilər. Türkiyə prezidentinin təyyarəsi İstanbuldakı Atatürk limanına enərək tam təhlükəsiz durumda olandan sonra Bandırma aviabazasından havaya qalxan F-16 qırıcıları qiyamçıların F-16 təyyarələrini qovdular.

TC-ATA nişanlı təyyarə isə Florya limanındakı anqarda idi.
İndi bəlli olur ki, qiyamçıların iki F-16 qırıcı təyyarəsi Türkiyə prezidentinin olduğu TC-ATA nişanlı təyyarəni vurmaq istəyiblər.

Rus təyyarəsini də qiyamçılar vurubmuş?

Ötən ilin noyabrın 24-də Suriya-Türkiyə sərhədini keçərək Türkiyənin səmasına girmiş Rusiya Su-24 bombardmançı təyyarəsinin də dünən çevrilişə cəhd etmiş generalların əmri ilə vurulduğu iddai edilir.
Rusiya təyyarəsinin vurulması əməliyyatında əli olan generallar, zabitlər və pilotlar tutulublar.

Milli.Az