Türkiyə ölüm cəzasının bərpa olunması məsələsinə baxa bilər.
Unikal.org-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib.
Onun sözlərinə görə, hakim partiya xalqın qiyamçılara ən ağır cəza verilməsi tələbini anlayır.
Baş nazir qeyd edib ki, tezliklə bütün qiyamçılar məhkəmə qarşısında cavab verəcək və onlar barəsində ölüm hökmünün veriləcəyi istisna deyil.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.