Yerevanda girovların götürülməsi ətrafında çıxılmaz vəziyyət yaranıb. Bunu Ermənistanın müxalifətçi deputatı Nikol Paşinyan deyib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, o, bazar günü silahlı şəxslər tərəfindən ələ keçirilən patrul və polis qüvvələri alayının qərargahını ziyarət edən yeganə kənar şəxs olub.

Paşinyanın fikrincə, növbəti qan tökülməsini ehtimal edən çıxılmaz vəziyyət yaranıb: "Hamı anlayır ki, bu vəziyyət belə çox davam edə bilməz və bizim sonrakı qan tökülməsinin qarşısını almaq üçün cəmi bir neçə saatımız var".

Bununla əlaqədar deputat hesab edir ki, vətəndaşlar, siyasətçilər, Ermənistan ziyalıları yeni qurbanlar verilməsinin və qan tökülməsinin qarşısının alınması üçün hər şeyi etməlidirlər.

Paşinyan bu gün Jirayr Sefilyanla görüşmək və ona bütün vəziyyəti izah etmək üçün "Vardaşen" cəzaçəkmə müəssisəsinə getmək istəyib, lakin bunun üçün izn ala bilməyib.

Parlament üzvü bildirib ki, radikal müxalifətin həbs edilmiş lideri ilə vəziyyət və çıxış yolları haqda danışmaq üçün yenə görüşməyə çalışacaq.

Deputat xatırladıb ki, qiyamçılar Sefilyanın azad edilməsini və onun hakimiyyətlə danışıqlar aparılacaq yerə gətirilməsini tələb edirlər. "Onların başqa tələbi - Ermənistan prezidenti Serj Sarkisyanın istefası və müvəqqəti xalq etimadı hökumətinin formalaşdırılmasıdır", - deyə müxalifətçi qeyd edib.

Deputatın fikrincə, polis alayının tutulmasının ətrafında vəziyyət sakit, ancaq son dərəcə gərgindir və "istənilən vaxt nəzarətdən çıxa, onlarla qurban verilə bilər".

Onun fikrincə, "indi alayda, qəsəbədə, Yerevanda, Ermənistanda hər kəsin həyatı təhlükə altındadır. Bu vəziyyət onlarla, bəlkə də yüzlərlə insan üçün birbaşa təhlükədir".

Parlament üzvü hesab edir ki, onlar bu insanların həyatını xilas etmək, yeni qurbanlar verilməsinin və Yerevanda güllə atılmaısının qarşısını almaq üçün tədbirlər görməlidirlər.

Paşinyanın danışdıq apardığı qiyamçıların təslim olmağa hazırlaşmadıqlarını və polisin müdaxiləsi zamanı müqavimət göstərməyə hazır olduqlarını da vurğulayıb

Deputat tutulan alaydan qiyamçıların əlinə kifayət qədər silah keçməsindən narahat olduğunu da bildirib.

Xatırladaq ki, həm xüsusi xidmət orqanları, həm də Ermənistanın polisi bildirir ki, onların xüsusi təyinatlı bölmələri döyüşə hazır vəziyyətindədir, ancaq hərəkətə keçmək üçün əmr almayıblar.