Apreldəki 4 günlük müharibədə hərbi uğursuzluqdan sonra Ermənistanda daxili ictimai-siyasi vəziyyət artan xətlə gərginləşməkdə davam edir. Bu da təbiidir, proseslərin bu yöndə inkişaf edəcəyi barədə müstəqil ekspertlər proqnoz vermişdilər.

Məsələ də ondadır ki, müharibə faktoru üzərində Ermənistanda hakimiyyəti ələ keçirmiş "Qarabağ klanı", onun odioz üzvü, prezident Serj Sərkisyan günün birində elə bu amilə görə hakimiyyətdən gedə biləcəyini artıq hiss etməyə başlayıb.

Öz hakimiyyətinə artıq daxildən real təhlükə hiss edən Serj Sərkisyan gözləndildiyi kimi, aprel rüsvayçılığından sonra ölkədə özünə qarşı təhlükə kəsb edən bütün ünvanları susdurmağa, yeni həbslərə və orduda kadr dəyişikliklərinə start verib. Hakimiyyət hərisliyi onu hətta dünənədək qatı siyasi rəqib saydığı keçmiş prezident Levon Ter-Petrosyanın ayağına aparmışdı.

Lakin Sərkisyan rejiminin durumunu daha da qəlizləşdirən vazkeçilməz bir amil var. Bu da rəsmi İrəvanın Qarabağ məsələsində vaxtı yetişən real addımların atılması ilə bağlıdır - hansı addımlardan ki, o, dəhşətli şəkildə çəkinir, çünki bununla hakimiyyətinin süqutunun tezləşəcəyini yaxşı bilir.


İstənilən halda Azərbaycan əsgərinin şücaəti sayəsində Ermənistanın ziyanına dəyişən və "Qarabağ klanı"nın ənənəvi təbliğat silahını kəsərsiz hala gətirən status-kvo Ermənistan prezidentini təcili preventiv addımlar atmağa sövq edir. Neçə aydır ölkədə siyasi opponentlərə qarşı aparılan "əcinnə ovu"nun, hədə-şantajın, həbslərin, yaradılan xof atmosferinin arxasındakı əsas hədəf də budur.

Ancaq çətin ki, bu üsul-vasitələr 18 ildir (1998) xalqı yalan vədlərlə yemləyən "Qarabağ klanı"nı, Köçəryan-Sərkisyan rejimini xilas edə bilsin. İş ondadır ki, hakim rejimdən narazılıq təkcə iflas olan Qarabağ strategiyasına görə deyil, həm də ölkədə sosial-iqtisadi durumun, korrupsiya-rüşvətin heç vaxt olmadığı qədər acınacaqlı səviyyəyə çatmasına, Ermənistandan miqrasiya axınının ifrat şəkil almasına, təbəqələşmənin dərinləşməsinə görədir...



***
Artıq qonşu ölkədən silahlı qiyam, çevriliş cəhdləri haqda məlumatlar gəlməkdədir. Belə ki, dünən səhərdən Ermənistan KİV-lərində və sosial şəbəkələrdə paytaxt İrəvanda silahlı üsyan haqqında informasiyalar yayılmağa başlayıb. Milli.Az musavat.com-a istinadən bildirir ki, bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat yayıb və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini iddia edib.

Lakin bəyanatda etiraf edilir ki, bir qrup silahlı şəxs ötən gün səhər Ermənistan polisinin komendant alayı ərazisinə daxil olublar və silah təhdidi ilə oradakı şəxsləri girov götürüblər. O cümlədən, Polis İdarəsinin rəis müavinləri Yeqizaryan və Valeri Osipyan girov götürülüblər.



Bəyanatda təsdiq edilir ki, komendantlığı ələ keçirənlərlə danışıqlar aparılır. Eyni zamanda sosial şəbəkələrdə üsyançılar kimi təqdim olunan silahlı şəxslərin digər dövlət obyektlərini də ələ keçirməsi haqda informasiyalar yayılmaqda davam edib. Təhlükəsizlik xidməti bu və hər hansı digər belə hərəkətlərin ən ağır şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edib.



Rəsmi açıqlamada hücum edənlərin müxalif "Yeni Ermənistan" ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb etdiyi deyilir. Lakin Ermənistanın rəsmi dairələrindən verilən bəyanatların əksinə olaraq, qiyamçıların əsas tələbinin prezident Serj Sərkisyanın istefası olduğu deyilir. Bunu hadisə haqqında ilk məlumat yayan "Müəssisələr Parlamenti"nin vitse-prezidenti Varujan Avetisyan keçirdiyi xüsusi mətbuat konfransında bəyan edib. O, "silahlı üsyanın başlandığını", bir sıra polis məntəqələrinin ələ keçirildiyini də söyləyib. Sayı 25-ə yaxın olduğu deyilən silahlılar Serj Sərkisyanın istefasını tələb ediblər.



***

Daha sonra daxil olan xəbərlərə görə, Daxili Qoşunların və polis binasının ələ keçirilməsi zamanı bir nəfər - polis polkovniki Artur Vanoyan ölüb, daha bir neçə polis zabiti və əməkdaşı yaralanıb. Az sonra bəlli olub ki, binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun hissələri, zirehli texnika göndərilib. Polis qüvvələri İrəvanın Erebunu rayonuna gedən yolları mühafizə altına alıb. Rayonun polis idarəsinin yaxınlığında əhali evakuasiya edilib. Polis, daxili qoşunlar və xüsusi təyinatlıların böyük qüvvələri əməliyyata cəlb olunub.



Qəzet çapa gedərkən qiyamçılarla güc strukturu nümayəndələri arasında binanın boşaldılması və girovların azad edilməsi ilə bağlı danışıqlar davam edirdi. Məlumatlara görə, silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar. Həbslər həmçinin, İrəvanın digər rayonlarında, Gümrü, Kirovakan və digər şəhərlərdə aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub (Virualaz.org). Gümridə "Asparez" qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə "Yeni Ermənistan" təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb. Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sərkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.

***

Beləcə, Ermənistanda Sərkisyan rejiminə qarşı mübarizədə artıq ilk qanlar tökülüb, ölənlər var, kütləvi həbslər başlayıb. Bütün bunlar isə heç şübhəsiz, bataqlıq effekti üzrə öz xalqından çoxdan ayrı düşmüş hakim qüvvənin süqutunu daha da tezləşdirəcək. Hər halda, tarixin acı təcrübəsi var.