Rusiyanın RenTV telekanalının əməkdaşı Valentin Truşnin İstanbul hava limanında saxlanılıb.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu barədə sözügedən telekanalın saytında deyilir.

Jurnalist Türkiyəyə baş tutmamış dövlət çevrilişi barədə reportaj hazırlamaq üçün ezam olunmuşdu.

RenTV-nin çəkiliş qrupu sərhəddə iyulun 18-i səhər vaxtı saxlanılıb. Valentin Truşnin redaksiyaya saxlanmaları, axtarış aparıldığı və sənədlərinin götürülməsi barədə məlumat ötürməyə imkan tapıb. O vaxtdan bəri 10 saatdır ki, jurnalistlə əlaqə yoxdur.

Telekanal Türkiyədəki Rusiya səfirliyinə, həmçinin Xarici İşlər Nazirliyinə müraciət edib. Diplomatlar Valentin Truşninin yerini müəyyənləşdirməyə çalışırlar.

Valentin Truşninin həmkarı, operator Mixail Fomiçyov isə Moskvaya qayıdıb və "RİA Novosti"yə başına gələnləri danışıb.

Fomiçyov baş verənlər barədə deyib: "Biz birlikdə Bakıdan İstanbula gəldik. Pasport nəzarətindən keçdiyim zaman məlum oldu ki, mənim soyadım hansısa qara siyahıya daxil edilib. Sərhəd nəzarətində işləyən qadın mülki geyimli şəxsləri çağırdı, onlar məni ayrıca kabinetə apardılar".

Kabinetdə operatora deyiblər ki, Türkiyəyə giriş onun üçün bağlıdır, lakin nə bunun səbəbini, nə də hansı vaxta qədər bağlı olduğu bildirilməyib. Fomiçyovun sözlərinə görə, onu elə gəldiyi təyyarəyə mindirib geriyə, Bakıya yola salıblar. RenTV-nin əməkdaşı artıq Moskvadadır.