ANS teleşirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermələri üçün saxlanılıblar.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. O qeyd edib ki, adlarıçəkilən şəxslərin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində izahatları alınıb.

Xatırladaq ki, ANS televiziyasının yayımı 18 iyul 2016-cı il tarixdə dayandırılıb.

ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaq olub.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Qeyd edək ki, dünən ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşova Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons vermişdi. Onu da qeyd edək ki, Q.Ataşova dünyanın müxtəlif KİV-lərinin nümayəndələri ilə birlikdə F.Gülənin mətbuat konfransında iştirak edib.