XİN-dən 2015-ci ilin yekunlarına dair hesabat
11:25 13-01-2016
CƏMİYYƏT
Nazirlik: "2016-cı ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası prioritet vəzifə olacaq"
"2015-ci il noyabrın 1-də 503 beynəlxalq müşahidəçinin iştirakı ilə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilməsi ölkədə aparılan səmərəli quruculuq, həmçinin qanunun aliliyi, insan hüquqları və demokratiyanın inkişafının aşkar göstəricisidir".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir. Bildirilir ki, Milli Məclisə keçirilmiş 5-ci çağırış seçkilərlə bağlı Avropa Şurasının Parlament Assambleyası (AŞPA) seçkilərin bütün ölkə üzrə dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirildiyini bəyan edib: "AŞPA seçici fəallığının əhəmiyyətli dərəcədə artmasını, həmçinin səsvermə və səslərin hesablanmasında şəffaflığının təmin edilməsini ədalətli və demokratik seçkilər sahəsində atılan daha bir qabaqcıl və müsbət addım kimi dəyərləndirib və səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd edib. Eyni zamanda, İƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq qurumların parlament təsisatları da seçkilərin şəffaf və demokratik şəkildə keçirildiyini qeyd ediblər".
Hesabatda Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına toxunularaq bildirilib ki, 12-28 iyun tarixlərində 50 ölkəni təmsil edən 6000-dən çox idmançının iştirakı ilə keçirilmiş oyunlar Azərbaycanın universal olimpiya prinsipləri, eləcə də beynəlxalq sülhün, dostluğun, tolerantlığın və qarşılıqlı anlaşmanın təşviqinə və təbliğinə verdiyi böyük töhfəni qabarıq şəkildə nümayiş etdirib.
Qeyd olunub ki, Azərbaycan xüsusi diqqəti bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan iqtisadi əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyinin təminatı və transregional infrastruktur layihələrin irəliləməsinə ayırıb: "Ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracının təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edib".
Hesabatda həmçinin vurğulanıb ki, Azərbaycanın xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişafı məqsədilə 2015-ci il ərzində 11 ölkə (Belarus, Macarıstan, Avstriya, Çexiya, Serbiya, Rusiya, Qazaxıstan, Çin, İran, Türkmənistan, Səudiyyə Ərəbistanı) ilə birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun (Almaniya və Çinin Sincan-Uyğur Muxtar Rayonu) iclası keçirilib, habelə işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində 9 biznes forum (İran, Səudiyyə Ərəbistanı, Avstriya, Belçika, Sinqapur, Niderland, Belarus, Çexiya, Rusiya ilə) təşkil edilib. Keçirilmiş görüşlərdə Azərbaycanın ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə razılaşmalar əldə olunmuş və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib: "Strateji coğrafi məkanda yerləşən Azərbaycan nəqliyyat potensialını və tranzit imkanlarını səmərəli istifadə edərək, bu sahədə öz rəqabət qabiliyyətliliyini yüksəltmək məqsədilə səylərini davam etdirib. 3 avqust 2015-ci il tarixində Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarının Bakı Beynəlxalq Ticarət Limanına çatması yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyanı birləşdirən mühüm transregional nəqliyyat dəhlizinin reallığa çevrilməsi baxımından əlamətdar hadisə olub".
Bildirilir ki, Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri eyni zamanda Svazilend Krallığında, Braziliyadakı səfiri eyni zamanda Trinidad və Tobaqoda, Malayziyadakı səfiri eyni zamanda Myanmada və Türkmənistandakı səfiri eyni zamanda Əfqanıstanda akkreditə olunub, həmçinin İtaliyanın Kataniya şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib. Həmçinin ötən il Bakıda Əlcəzair və Portuqaliyanın diplomatik ofisləri açılıb.
Qeyd olunur ki, qarşıdan gələn ildə Xarici İşlər Nazirliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi və qorunması məqsədilə apardığı çevik və praqmatik xarici siyasət və diplomatik fəaliyyətini artan templə davam etdirəcək. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaq. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə tarazlaşdırılmış və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin həyata keçirilməsi və mədəniyyətlərarası dialoqda fəal iştirakın təmin edilməsi ilə Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə mövqeyinin gücləndirilməsinə yönələcək.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54