Dolların məzənnəsi çərşənbə günü keçirilən ticarət sessiyasında digər əsas valyutalara nisbətən dörd aylıq maksimum göstəricinin ətrafındadır.

Unikal.org "APA-Economics-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-da baş verənlər və Yaponiyanın Mərkəzi Bankının monetar siyasətin yumşaldılması üzrə görəcəyi tədbirlər üçün gözləntilərin artmasıdır.

Ticarət Nazirliyinin məlumatlarına əsasən, ABŞ-da tikilən obyektlərin (evlər daxil) sayı iyunda 4,8% artaraq 1,19 milyona çatıb. Halbuki analitiklər bu rəqəmin 17 milyon olacağını proqnozlaşdırırdı. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun (Brexit) ilkin şokundan sonra treyderlər Yapon Mərkəzi Bankının pul-kredit siyasətinin yumşaldılması istiqamətində qərar qəbul edəcəyini gözləməyə başladılar. 

Dollar digər əsas 6 valyutaya nisbətdə dəyişməz olaraq 97,067 səviyyəsində qalıb. Daha əvvəl isə 97,185 səviyyəsinə qədər yüksəlmişdi. Bu isə martın 10-dan etibarən ən yüksək göstəricidir. Avro isə 0,07% azalaraq 1,1013 dollara bərabər olub.

Avropa Mərkəzi Bankının cümə axşamı günü keçirəcəyi iclasda isə siyasətin yumşaldılması istiqamətində hər hansı əlavə tədbirlər görməyəcəyi gözlənilir.