Bəzi məmurların bankları iflasın bir addımlığında!
10:39 14-01-2016
CƏMİYYƏT
Problemli kreditlərin sürətlə artması dəhşətli vəziyyət yaradıb
Ötən ilin dekabrında ölkədə baş vermiş ikinci devalvasiya banklar üçün "soyuq duş" olmaqla yanaşı, onları öz strateji planlaşdırmalarına yenidən baxmağa məcbur edib.
Əsas problem banklarda sürətlə artan problemli kreditlərdir. Fiziki və hüquqi şəxslərin müxtəlif məqsədlər üçün banklardan götürdükləri kreditlərin arasında böyük həcmli kreditlər də var.
Qeyd edək ki, 2015-ci ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda problemli kreditlərin məbləği 1 milyard 229,6 milyon manat təşkil edib. Xatırladaq ki, bu rəqəmlər ikinci devalvasiyadan əvvəl açıqlanıb. Dekabrın 21-dən sonrakı statistika isə hələ bəlli deyil.
Banklar tərəfindən təqdim olunan kreditləri iki hissəyə ayırmaq olur: biri hüquqi şəxslərə təqdim olunanlar, digəri isə fiziki şəxslərə ayrılanlar. Hüquqi şəxslərə verilən kreditlər böyük dövriyyə, sahibkarlıq və biznesin inkişafı üçün nəzərdə tutulur.
Ölkə bankları artıq devalvasiya dalğasından sonra iri həcmdə kreditlər verməkdən imtina edirlər. Səbəbsə aydındır: kreditlərin qaytarılmasında ciddi problemlərin yaranması bankları bərk qorxudub.
2015-ci il üzrə bəzi bankların maliyyə hesabatlarına nəzər yetirdikdə, bəlli olur ki, 2015-ci ilin əvvəli ilə müqayisədə ötən ilin ikinci yarısından problemli kreditlərin həcmi kəskin artıb. Hətta bəzi banklarda belə borclarda artım 2 dəfəyə yaxındır.
Məsələn, "AccesBank"ın vaxtı keçmiş kreditlərin həcmi 2.8 dəfə artıb. Ötən ilə dair maliyyə göstəricilərinə görə, problemli kreditlərin məbləği 21 milyon 660 min manat təşkil edib.
"Bank Of Baku"nun 2015-ci ilin ikinci yarısında vaxtı keçmiş kreditlərinin həcmi 83 milyon manata yüksəlib. 2014-cü ilin sonu ilə müqayisə etdikdə bu rəqəm 47,8 milyon manat idi. Ən çox kənd təsərrüfatı sektoruna və fiziki şəxslərə verilən kreditlərin qaytarılmasında problem yaşanır.
"VTBank"ın bu ilin birinci rübünün göstəricilərinə görə vaxtı keçmiş kreditlərin ümumi məbləği 41.1 milyon manat təşkil edib ki, bununda portfeldəki xüsusi çəkisi 11.9 faizə qədər yüksəlib. Belə ki, ötən ilin sonunda problemli kreditlərin həcmi 21.2 milyon manat (7.6 faiz) idi.
"Paşa Bank"ın problemli kreditləri sürətlə artıb. Belə ki, hələ 30 iyun 2015-ci il tarixə olan məlumata görə, vaxtı keçmiş kreditlərin həcmi 139.1 milyon manat (21.6 faiz) təşkil edib.
"Unikal"xatırladır ki, Azərbaycanın bank sektorunda fəaliyyət göstərən qurumların bir çoxu müəyyən iri məmurların biznes dairəsinə daxildir. Belədə isə bankların düşdüyü acınacaqlı durumun həm də bəzi yüksək vəzifəliləri çətin vəziyyətdə qoya biləcəyi ehtimalı kifayət qədər yüksəkdir.
Şübhəsiz ki, elə iri məmurlar var ki, onların banklarının hər hansı təhlükə qarşısında olduğunu söyləməyə dəyməz. Belə ki, Ziya Məmmədovun nəzarətindəki "Bank of Azərbaycan", həmçinin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun "Bank Respublika"sı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin "Xalq Bank"ı, AZAL prezidenti "Silk Way Bank"ı kimi banklar mövcudluqlarını hər bir halda davam etdirəcəklər.
Əvəzində isə daha zəif məmurlara məxsus banklar iflasdan qaça bilməyəcəklər və böyük ehtimalla bağlanacaqlar. Bununla həm də oliqarx banklarının meydanının daha da genişlənə biləcəyi istisna olunmur. Amma iqtisadi proseslərin indiki sürətlə və neqativ istiqamətdə cərəyan edəcəyi təqdirdə hətta ən aparıcı bankların da bundan mənfi təsirlənməsi qaçılmazdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00