Süni qiymət artıranlar bağışlanmayacaq
10:43 14-01-2016
CƏMİYYƏT
Sərt cəza tədbirlərinin icrasına başlandı: həbslər davam edəcək
Məlum olduğu kimi, sonuncu devalvasiyadan dərhal sonra bəzi məhsulların qiymətində kəskin artım müşahidə olunub. Aydın məsələdir ki, ABŞ dollarının bahalaşması fonunda ölkəyə idxal olunan məhsulların qiymətindəki artımı başa düşmək olar. Amma hazırda müşahidə olunan qiymət artımı ABŞ dollarının bahalaşması sərhədlərini də keçib, yerli istehsal olan mal və məhsulların bahalaşması isə ümumiyyətlə anlaşılan deyil.
Bütün bunlar isə bəzi işbazların yaranmış fürsətdən istifadə edərək ölkədə xaos yaratmaq məqsədlərindən xəbər verir. "Unikal" qəzeti xatırladır ki, ölkə prezidenti İlham Əliyev sonuncu çıxışında da süni qiymət artımına yol verənlərin sərt şəkildə cəzalandırılacağının anonsunu vermişdi. Baş verənlər isə artıq bu istiqamətdə əməli addımların atıldığını düşünmək üçün əsaslar yaradır. Prosesin bundan sonra da davam edəcəyi və həbslər dalğasının davamlı olacağı isə istisna deyil.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
İqtisadiyyat və Sənaye Nazirliyi, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı "Giləzi – Quşçuluq Şirkəti" MMC, "Hacıqabul Quşçuluq Şirkəti" MMC və "Astel LTD" MMC–nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən "Alfa med" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən "Grateziano" dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.
Cəmiyyətin ambarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.
Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.
"Alfa med" MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla "Alfa med" MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbərdarlıq edir.
İşbazların yaratdığı süni qiymət artımının artıq sosial narazılıq yaratması isə həbslər dalğasının genişlənməsi zərurətini ortaya qoyur.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15