Qərbin II Qarabağ müharibəsi qorxusu
12:14 15-01-2016
İQTİSADİYYAT
Amerikalı həmsədr: "Genişmiqyaslı müharibə regionu məhv edə bilər..."
Sülh danışıqlarının səmərəsizliyi Dağlıq Qarabağda müharibə ehtimalını yenidən gündəmə daşıyıb. Məlumat üçün bildirək ki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək tribunalardan danışıqların fayda verməyəcəyi təqdirdə işğal olunmuş əzəli torpaqlarını hərb yoluyla geri qaytarmaq hüququnu özündə saxladığını bəyan edib. Bu isə hər dəfə beynəlxalq dairələr tərəfindən narahatlıqla qarşılanıb və formal da olsa danışıq proseslərində aktivlik müşahidə olunmağa başlayıb.
Bu baxımdan ötən gün ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Britaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr başlaması diqqət çəkir. Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən yayılan məlumata görə, o, ölkənin Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb. Görüşdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
C. Uorlik region üzrə ekspertlər, hökumət nümayəndələri, QHT sektoru üzvləri və akademik dairələrin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masaya da qatılıb.
Amerikalı həmsədr həmçinin Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Maykl Tethemlə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.
Xatırladaq ki, bundan öncə amerikalı həmsədr ikinci Qarabağ müharibəsinin başlanmasının fəlakət gətirəcəyini bəyan edərək tərəfləri danışıq prosesinə sadiq qalmağa çağırmışdı.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən bildirib ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşməsinə ümid edir.
Amerikalı həmsədr tərəflərin güc tətbiqindən çəkinəcəklərinə və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklərinə inamlı olduğunu dilə gətirib. "Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı əllərində olan iki insandır. Prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər. Biz də hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək", - deyə Uorlik bildirib.
Həmsədrin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri açıq şəkildə bəyan ediblər ki, münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər.
"Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz prezidentlərin də bunu başa düşdüyünə əminik. Ümid edirik ki, 2016-cı ildə münaqişə tərəfləri həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər və sülhə nail olacaqlar", - deyə Ceyms Uorlik vurğulayıb.
Diplomatın sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər: "Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik".
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Londonda apardıqları məsləhətləşmələrin nəticələri ilə bağlı yerli ekspertlərin fikirləri isə birmənalı deyil.
Bəzi təhlilçilər isə münaqişənin həllinə vasitəçilik edən Minsk qrupunun fəaliyyətinin ümumiyyətlə səmərəsiz olduğunu düşünür. Onların fikrincə Minsk qrupunun həmsədrləri münaqişənin həllində vasitəçilikdən çox Ermənistanı dəstəkləyən tərəf kimi çıxış edirlər. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi halda ona heç bir təzyiq göstərilmir, əksinə, dəstək verilir.
Proseslərin təhlili də göstərir ki, həmsədr dövlətlərin regionla bağlı maraqlarında, eləcə də qlobal maraqlarında ziddiyyət kəskinləşir. Bu hansısa mərhələdə Qarabağ probleminin həlli prosesinə fərqli töhfələr verə bilər. Amma həmsədrlik institunun effektivliyini artırmayacaq. Lakin ola bilsin ki, həmsədrlərə yönələn tənqidlərin artması, yeni vasitəçi axtarışı ilə bağlı təkliflər və s. ona səbəb olsun ki, həmsədrlər görüntü xatirinə də olsa, səylərini artırsınlar.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53