PA-nın şöbə müdiri Azərbaycan-ABŞ münasibətlərini şərh etdi
12:24 15-01-2016
CƏMİYYƏT
Novruz Məmmədov: "Prezidentin ABŞ təmsilçisi ilə görüşündə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atıldı"
"Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərimizdə uğurlu və zəngin yol keçib. Bu münasibətlər həmişə xarakter və əhəmiyyətini saxlamağa qadirdir".
Bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N.Məmmədov bildirib ki, bu münasibətlər təsadüfi maraqlar üzərində qurulmayıb: "Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını Heydər Əliyev qoyub, daha sonra Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üzərində qurulan bu münasibətlər prezident İlham Əliyev tərəfindən davam etdirilib. Əməkdaşlıq əlaqələrində hansısa problemlər ola bilər. 21-ci əsr dövlətlərin maraqları uğrunda mübarizənin gərgin xarakter alması ilə diqqət çəkir".
N. Məmmədov qeyd edib ki, prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan arasında görüş çox konstruktiv, qarşılıqlı anlaşma əsasında keçib: "Bu görüşün əhatə dairəsi də geniş oldu. ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparıldı. Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub, bu gün yüksək səviyyədədir. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak etmişik, bu gün Əfqanıstanda bu missiya davam edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib".
N. Məmmədovun sözlərinə görə, "Əsrin müqaviləsi"nin imzalanmasından tutmuş, enerji xətlərinin şaxələndirilməsinə qədər, ABŞ-ın böyük dəstəyi olub: "Görüşdə ABŞ və Azərbaycan arasında əməkdaşlıq münasibətləri geniş təhlil edilib və əlaqələrin bundan sonra da yüksək perspektivinin olduğu, əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Münasibətlərin belə xarakter alması təbii və məntiqidir. Müxtəlif vaxtlarda münasibətlərdə müəyyən qədər soyuqluq olduğu qeyd edilib. Çünki Azərbaycan prezidentinin əsas vəzifəsi mili maraqlarımızın qorunması, müdafiə edilməsidir. Nəzərə almaq lazımdır ki. ABŞ-ın ən yaxın müttəfiqi İsraildir, lakin onlar arasında da müəyyən fikir ayrılığı yaranır, sonra anlaşırlar. Azərbaycan da haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir. Bu görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atıldı, gələcək əməkdaşlıqda da bu, özünü göstərəcək".
Ramiz Mikayıloğlu
Digər Xəbərlər
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17
2024-11-01 19:35:09
2024-11-01 19:12:41
2024-11-01 18:43:13
2024-11-01 18:29:32