Gürcüstan parlamentinin eks-spikeri, müxalif Demokratik Hərəkatın lideri Nino Burcanadze ölkədə Fəthullah Gülən Fondu ilə bağlı ola bilən bütün təhsil müəssisələrini bağlamağa çağırıb.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Bu yaxınlarda Türkiyənin Gürcüstandakı baş konsulu Yasin Temizkan Batumidə fəaliyyət göstərən Refaydin Şahin adına məktəb-liseyini və digər türk məktəblərini, hansıları ki onun fikrincə, terrorçular idarə edirlər, Fətullah Gülən Fondu maliyyələşdirir, bağlamağa çağırıb.
"Mən hakimiyyəti dərhal tədbirlər görməyə və Acariyada, eləcə də bütün Gürcüstan ərazisində Gülənin adı ilə bağlı ola bilən məktəbləri bağlamağa çağırıram. Bu məktəblər bağlanmalıdır, bu kolleclərlə bağlı məsələləri araşdırmaq üçün xüsusi dövlət komissiyası yaradılmalıdır", - deyə Burcanadze brifinqdə bildirib.
O, hakimiyyəti bu məsələ həll olunana qədər adıçəkilən məktəblərin lisenziyalarını dayandırmağa çağırıb.
Burcanadze, həmçinin bildirib ki, hakimiyyət həmin məktəblərdə oxuyan uşaqların qayğısına qalmalı və onların başqa təhsil ocaqlarına köçürülməsini təmin etməlidir.
Onu da qeyd edək ki, konsulun bəyanatından sonra Türkiyə səfiri Levent Gumrukchu Zek Gürcüstan XİN-ə dəvət edilib. O bildirib ki, konsulun sözləri təhrif olunub.
Yeri gəlmişkən, virtualaz.org Gürcüstan KİV-inə istinadən xatırladır ki, Mixail Saakaşvilinin prezident olduğu dönəmdə ölkənin bütün böyük şəhərlərində Fətullah Gülənin maliyyə dəstəyi ilə 14 təhsil müəssisəsi açılıb. Onların arasında Mixail Saakaşvilinin anası Qiuli Alasaniyanın faktiki olaraq rektoru olduğu "Gürcüstan Universiteti" də var. Gürcü agentliyi "Kvira ("Bazar günü") iddia edir ki, Fətullah Gülənin təşəbbüsü ilə "Universitet hər ay konfranslar keçirir".
O da iddia olunur ki, Qiuli Alasaniya bu günün özündə də Mixail Saakaşvili və Fətullah Gülən arasında vasitəçi rolunu oynayır.