Dövlət tərəfindən sosial qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində mühüm addımlar atsa da, yeniliklərin davam etdirilməsi də müsbət haldır. Belə ki, aztəminatlı ailələrin hüquqlarının qorunması, onların maarifləndirilməsi üçün də kifayət qədər tədbirlər həyata keçirilir.
Ölkəmizdə digər sosial proqramlar kimi, aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsində mühüm yer tutan ünvanlı dövlət sosial yardımı proqramı da uğurla davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Unikal"a verilən məlumata görə, 2015-ci ildə respublikamızda orta hesabla 112663 ailə (492337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü illə müqayisədə 8772 vahid (38334 nəfər) və ya 7,2 % azalma deməkdir. Yardım alan ailələrin sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ödənilən yardımların məbləğinin artmasına imkan verib. Belə ki, 2015-ci ilin dekabr ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqribən 18,7 manat və ya 14,1% artaraq 152,6 manata çatıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sistemində aparılan islahatlara toxunaraq, bu yardımı alan insanların sayının azaldığını, bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verildiyini vurğulayıb.
Dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemi üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. Ünvanlı dövlət sosial yardımlarının təyinatı prosesi "Elektron hökumət" portalı üzərindən VEMTAS vasitəsilə avtomatlaşdırılmış şəraitdə həyata keçiriləcək. Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən 20 qurumun müvafiq informasiya resurslarına çıxışı təmin olunacaq. Bununla da VEMTAS-da müxtəlif qurumların daxil olduğu çoxşaxəli elektron infrastruktur formalaşacaq. Həmin qurumların nümayəndələri ilə mütəmadi görüşlər keçirilərək bu sahədə işlərin yüksək səviyyədə təşkili üçün müzakirələr aparılır.
Artıq 20 dövlət qurumundan 12-si tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası təmin olunub. Digər qurumlar tərəfindən də bu istiqamətdə işlər davam etdirilir. Portala qoşulan bu sistemlər vasitəsilə əldə olunan məlumatlar ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmə aparılmasına imkan verəcək. Bütün məlumatlar ümumiləşdirilərək təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə avtomatik şəraitdə qərar qəbulu həyata keçiriləcək.
Müraciət edən vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat da onun elektron ünvanına, yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək. Ünvanlı dövlət sosial yardımı təyin edildiyi halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka avtomatik şəraitdə sifariş veriləcək. Həmçinin ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək.
Amma aztəminatlı ailələrin problemlərinin həllinə kömək və yeni imkanların yaradılması bununla bitmir. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemi üzrə yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) Bakının Binəqədi və Yasamal rayonlarında sınaq işlərinə başlanılıb.
Bu məqsədlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün elektron formada müraciət etmək imkanı verir. Yardımın alınması üçün elektron formada müraciət VEMTAS-da qəbul ediləcək. Vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan tələb olunmayacaq, aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən 20 qurumun müvafiq informasiya resurslarına çıxışının təmin olunması nəzərdə tutulur. Həmin qurumlardan artıq 12-si tərəfindən müvafiq informasiya sistemləri və servislərin portala inteqrasiyası işləri başa çatdırılıb. Digər qurumlar tərəfindən də bu yöndə işlər artıq son mərhələdədir.
Xidmət rəisi vurğulayıb ki, sınaq işlərinə başlanılması ilə əlaqədar Binəqədi və Yasamal rayon əhalinin sosial müdafiəsi mərkəzlərində həmin rayonların sakinlərinə ünvanlı yardım almaq üçün elektron formada müraciət edilməsində ilkin texniki köməkliyin göstərilməsi üçün yardım masaları da fəaliyyət göstərir. Hər bir yardım masasında bu elektron xidmətdən yararlanmaq üçün iki kompüter avadanlığı quraşdırılıb. Kompüterlərdən biri sərbəstdir və vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq məqsədilə özlərinin sərbəst şəkildə elektron müraciət etmələri üçündür. Digər kompüter önündə isə mərkəzlərin əməkdaşları əyləşib və vətəndaşlar özləri bacarmadıqları hallarda onların köməyindən istifadə edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov isə nəzərə çatdırıb ki, müvafiq qurumların informasiya resurslarından əldə edilmiş məlumatlar əsasında ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmələr aparıldıqdan sonra ailəyə yardımın təyin olunub-olunmaması barədə qərar avtomatik şəraitdə qəbul olunacaq. Yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin verilməsi də avtomatik şəraitdə həyata keçiriləcək. Qəbul edilmiş qərar, ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək. Yeni sistem aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımla təminatı sahəsində məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, həmin ailələrin bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan yaradacaq.
Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsinə dair artıq heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada e-məlumat əldə edə bilmələrinə şərait yaradılıb.
Ötən ay "Elektron hökumət" portalı üzərindən əhalinin istifadəsinə verilən "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidməti istifadəçiyə həmin Komissiyalar tərəfindən aparılmış müayinənin nəticəsi barədə məlumat verməyə xidmət edir. Burada aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək də mümkündür.
Lakin bu e-xidmətdən faydalanmaq üçün istifadəçinin ilk növbədə müvafiq autenfikasiya vasitəsinə malik olması tələb olunur. Hazırda bir çox şəxslərin belə autenfikasiya vasitəsinə malik olmadıqları nəzərə alınaraq, vətəndaşların portalda qeydiyyatdan keçmədən də, sadələşdirilmiş qaydada qeyd olunan məlumatı əldə edə bilmələrinə texniki imkan yaradılıb. Bunun üçün artıq istifadəçinin portalda autenfikasiyadan keçməsinə ehtiyac yoxdur.
Belə ki, əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən şəxs "Elektron hökumət" portalına daxil olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi" adlı e-xidməti seçir. Müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə kifayətlənir. Bundan sonra isə keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat əldə edə bilər.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08