Azərbaycan dövlətinin xalqın sosial rifah halının yaxşılaşdırılmasına, iqtisadi göstəricilərin yüksəldilməsinə hesablanmış sosial siyasəti hər zaman diqqət çəkib. Uzun illərdir ki, bu istiqamətdə sistematik və ardıcıl tədbirlər həyata keçirilir, məhz həmin siyasətin nəticəsidir ki, bu gün ölkədə yoxsulluqla mübarizə müsbət nəticələrini verir, aztəminatlı ailələrin sosial müdafiəsi isə ən yüksək səviyyədə təşkil olunub. Hətta bütün dünyanı bürümüş qlobal iqtisadi böhranın yaşandığı indiki sitiuasiyada belə Azərbaycan dövləti aztəminatlı ailələrin maraqlarını nəzərə alır, həyata keçirilən tədbirlərdə buna hesablanmış addımlar atır.
Bu baxımdan bu günlərdə bütün ölkə boyunca süni qiymət artımına qarşı həyata keçirilmiş uğurlu tədbirlər diqqəti daha çox çəkir. Artıq süni qiymət artımına rəvac vermiş onlarla işbaz haqda həbs qətiimkan tədbiri seçilib. Eyni zamanda manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub ki, bu da əhali tərəfindən böyük məmnunluqla qarşılanmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.
Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Ümumiyyətlə isə ölkəmizdə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlayan "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Sistemin tam fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli, 32 nömrəli Qərarı ilə "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası" təsdiq edilib.
Azərbaycanda dövlət aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə ünvanlı sosial yardım verməklə bərabər aztəminatlı ailələrin gəlirini artırmaq üçün müxtəlif tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri 2011-ci ilin mart ayından icra edilən "Özünədəstək" proqramıdır.
Bu proqram çərçivəsində də aztəminatlı ailələrə ünvanlı şəkildə sosial yardım edilir. Lakin "Özünədəstək" proqramı davamlı olaraq hər ay yardımın verilməsini yox, birdəfəlik yardımın verilməsini nəzərdə tutur. Proqrama cəlb olunan aztəminatlı ailələrə respublika üzrə ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 12 misli məbləğində birdəfəlik pul yardımı verilir.
Dövlət bu proqramı həyata keçirməklə səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq, gəlirlərini artırmaq üçün potensial imkanlara malik aztəminatlı ailələrin şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmələri, gəlirlərini artıraraq yoxsulluq vəziyyətindən çıxmalarını istəyir.
Birdəfəlik ünvanlı dövlət sosial yardım olan proqram aztəminatlı ailələrin sosial reabilitasiyasına şərait yaradılması üçün qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb.
Qeyd edək ki, ilk əvvəl ailələrdə proqrama inam aşağı idi. Lakin dəqiq mexanizm və ciddi nəzarət sistemi ortaya qoyulandan sonra inam artdı. İlkin nəticələr göstərir ki, əgər bir çox dünya ölkələrində analoji proqramların icrasında 60 faiz uğur əldə olunursa, Azərbaycanda müsbət nəticə 95 faizə çatdı.
Proqrama qoşulduqdan sonra ailələrin 49 faizində 2 nəfər, 41 faizində 1 nəfər, 8 faizində 3 nəfər, 2 faizində isə 4 nəfər işlə təmin olunub. Ailələrin 67 faizi əldə etdiyi gəlirlərin üçdə ikisini, 23 faizi yarısını, 4 faizi yarıdan azını, 6 faizi isə hamısını ərzağa xərcləyir. Sorğuya cəlb olunan ailələrin böyük əksəriyyəti tibbi xidmətdən istifadə edib. Ailələrin yarıdan çoxunda ailə üzvü son vaəsait çatışmazlığı üzündən həkimin təyin etdiyi dərmanları ala bilməyib. Proqrama cəlb olunandan sonrakı həyat səviyyələrini qiymətləndirən ailələrin 71,4 faizi "orta səviyyədən bir az aşağı", 10,2 faizi "orta səviyyədən çox aşağı", cəmi 18,4 faizi "hamı kimi" yaşadığını qeyd edib. 40 ailə (81,6 faiz) proqramın onların yoxsulluqdan çıxmalarına qismən fayda verdiyini, 8 ailə (16,3 faiz) tam yoxsulluqdan çıxardığını, 1 ailə (2,1 faiz) fayda vermədiyini bildirib. Ailələrin əksəriyyətinin fikrincə, verilən birdəfəlik yardımın məbləği artırılmalıdır. Əksər ailələr hesab edir ki, proqramın sınaq mərhələsi bitdikdən sonra onlara məşğul olduqları işi böyütmək üçün aşağı faizli mikrokreditlərin (5000 manata qədər) və ya faizsiz qrantların verilməsi zəruridir.
Başa çatan bu layihənin yekunu kimi İqtisadi Tədqiqatlar Mərkəzi birdəfəlik yardımın təkmilləşdirilməsi üçün bəzi təkliflər də verib. Həmin təkliflərə görə ilk növbədə "Özünədəstək" birdəfəlik sosial yardım sisteminin hüquqi bazası formalaşdırılmalıdır. Proqramın idarə edilməsi üçün ilkin olaraq ayrıca bir strukturun - Sosial Dəstək Fondunun yaradılması vacibdir. Tədqiqatlar mərkəzi bu qənaətdədir ki, "Özünədəstək" proqramının bir ilini uğurla başa vuran ailələrə sonrakı mərhələdə faizsiz qrantların və aşağı faizli mikrokreditlərin verilməsi yaxşı olardı.
QHT təklif edir ki, proqrama qoşulan aztəminatlı ailələrin məcburi tibbi sığortası aparılmalı və sığorta haqqı bu istiqamətə ayrılan vəsaitdən ödənməlidir. Həmçinin proqram çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan ailələrin əmlakının da söğortalanması zəruri sayılır.
Tədiqatlar Mərkəzi hesab edir ki, iki dəfə qrant alan ailənin aşağı faizli kreditə cəlb olunması üçün menecment və marketinqlə bağlı (biznes planın hazırlanması, məhsulun istehsalı, qablaşdırılması, bazarların öyrənilməsi və sair) təlimdən keçməsi şərt kimi qoyulmalıdır.
Təkliflər sırasında "Özünədəstək"çilərin uğur hekayələrinin yazılması, nazirliyin saytına yerləşdirilməsi, proqramın təbliği ilə bağlı qısa reklam çarxlarının, sənədli filmlərin çəkilməsi, sosial reklamların TV-də verilməsi, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlı sosial yardım üçün iddia edən ailələrin kredit öhdəçiliyinin olub-olmaması haqda bütün məlumatların verilməsinə imkan yaradılması da var.
Qeyd edək ki, "Özünədəstək" proqramının sınaq işlərinin müsbət nəticələri əsas götürülərək, proqramın bütün ölkədə tətbiqi nəzərdə tutulur. Hazırda bu proqramın davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılması, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi istiqamətində işlər aparılır.
Mikrokreditlərin verilməsi müəyyən potensiala malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə hesablanıb.
Əslində, hər ay verilən ünvanlı yardım yoxsulluq şəraitində yaşayan ailələrin yaşayışında mühüm rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv və müvəqqəti xarakterli yardımdır və uzunmüddətli şəkildə belə yardımların verilməsi həmin vətəndaşlarda dövlət yardımlarından daimi asılılıq yarada bilər.
Buna görə də dövlət sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı ailənin məşğulluq potensialını reallaşdırmağa, onların sosial reabilitasiyasına xidmət edən aktiv tədbirlər kimi "özünədəstək" proqramına dəstək verməyi lazım bilib. Proqramın davamı olaraq aztəminatlı ailələr mikrokreditlərin verilməsi nəzərdən keçirilir. Hökumət hesab edir ki, mikrokredit alacaq ailələr daim yoxsul qalmaqdan xilas olacaq.
Təbii ki, mikrokreditlərin verilməsi üçün mütləq xüsusi mexanizm hazırlanmalıdır. Mexanizmin əsas elementi sosial dəstək fondu olacaq. Gözlənilir ki, belə bir fond yaradılsa onun vasitəsilə aztəminatlı ailələrə 5 min manatadək faizsiz kredit verilə bilər. Bu kreditlər nağd vəsait və ya həmin vəsaitin dəyərində müxtəlif avadanlıqlar şəklində ayrılması mümkündür.
İnkişaf etmiş ölkələrin hər birində aztəminatlı ailələr üçün faizsiz mikrokredirlər verilir. Adətən, bu kreditlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, amma girov qoymaq imkanı olmayan aztəminatlı ailələrə ayrılır. ABŞ-da aztəminatlı ailələrə 20 min dollaradək, Avropa Birliyi ölkələrində 10 min avroyadək faizsiz kredit verilir.
Deməli, aztəminatlı ailələrə mikrokreditlər sıfır faizlə verilsə dövlət ya banklara əlavə olaraq xidmət haqqı ödəməlidir, ya da kredit verilməsi prosesi elektronlaşdırlmalıdır. Beynəlxalq təcrübədə elektron kredit mexanizmindən istifadə edilir. Bu zaman vətəndaş kredit almaq məqsədilə internet vasitəsilə müraciət etmək imkanı qazanır. Onun müraciəti müvafiq təşkilat tərəfindən elektron formada araşdırıldıqdan sonra elə internet üzərindən də vətəndaşa cavab verilir.
Xatırladaq ki, hazırda aylıq ünvanlı sosial yardımların təyinatı elektron qaydada aparılır. Eyni proseduru mikrokreditlər üçün tətbiq etmək realdır. Azərbaycanda 2006-cı ildən bəri verilən ünvanlı yardımların nəticələri göstərir ki, bu yolla ölkədə aztəminatlı ailələrin sayını azaltmaq çətindir. Elə ailələr var ki, onların üzvləri məhz vəsaitin olmaması səbəbindən öz gəlirini artıra bilmir. Xüsusən kənd yerlərində belə ailələrə daha çox rast gəlinir. Bu mənada aztəminatlı ailələrə birdəfəlik yardım verməklə və həmin yardımın düzgün istifadəsinə nəzarəti həyata keçirməklə aztəminatlı ailələrin məşğulluğunu artıraraq yoxsulluq həddindən çıxartmaq olar.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16