Prezident ölkədəki vəziyyətlə bağlı müşavirə keçirdi, nazirlərə tapşırıqlar verdi
11:57 19-01-2016
İQTİSADİYYAT
İlham Əliyev: "Süni bahalaşmaya qarşı ciddi mübarizə aparmaq vacibdir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir.
Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırıb.
Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib.
İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlət başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirib. Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu deyib.
Prezident İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirdi, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlət başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirib. Dövlət başçısı bildirib ki, işbazlar qiymətləri süni şəkildə qaldırmağa çalışırlar: "Görülən tədbirlər nəticəsində çörək və unun qiyməti əhəmiyyətli dərəcədə düşüb. Bu da sosial təşəbbüsdür. İlk növbədə çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq biz bunu edirik. Gələcəkdə çalışmalıyıq ki, bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud siyasi maraqları üçün istifadə etmək istəyirsə, cəzasını alacaq. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar. Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları biz qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən şəxsi maraqları üçün istifadə etsin".
Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən Prezident İlham Əliyev bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verilib, təkliflər hazırlanıb: "Bu sahədə qanunvericilik bazası hazırlanmalıdır və Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacaq". Prezident İlham Əliyev Bundan əlavə, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlətimizin başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib. Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.
Prezident İlham Əliyev bildirib ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.
Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxundu, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlətimizin başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.
Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini dedi, bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə edib.
Hökumət üzvləri də müzakirələrdə çıxış ediblər.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17