Ermənistan iqtisadi tənəzzül astanasında...
12:53 09-06-2012
DÜNYA
Ermənistan iqtisadi tənəzzül astanasında...
İşğalçı ölkənin xarici borcları dövlət büdcəsini üstələyir
Qonşu dövlətlərə qarşı təcavüzkarlıq və açıq işğalçılıq xətti yeridən Ermənistan bunun nəticəsində uzun illərdir ki, regional özünütəcrid vəziyyətinə düşüb. Bu ölkənin xarici borcları artıq 4,5 milyard həcmindədir.
Müvafiq göstərici işğalçı ölkənin rəsmi dövlət büdcəsini 34-35 faiz üstələyir. Eyni zamanda, son 4 ay ərzində bu ölkəni 50 mindən artıq yerli vətəndaş miqrant kimi tərk edib. Bu kimi faktlar Ermənistanda sosial-iqtisadi vəziyyətin getdikcə kəskinləşdiyini, əhalinin çıxış yolunu ölkəni tərk etməkdə gördüyünü bilavasitə təsdiqləyir.
Borcların artması
tendensiyası: erməni
dramı qiymətdən düşür
Ermənistanda son 6-7 ildə borcların yığılması və davamlı şəkildə artması tendensiyası davam edir. Rəsmi Yerevan bir müddət əvvəl strateji xarakterli yerli sənaye müəssisələrini Rusiyaya dəyər-dəyməzinə sataraq, vəziyyətdən çıxmağa, borcların heç olmasa, bir qismindən xilas olmağa çalışsa da, bu, gözlənilən nəticəni verməyib. Əksinə, ölkənin xarici, qismən daxili borcları artmaqda, ölkənin milli valyutası olan dram isə getdikcə qiymətdən düşməkdədir.
Növbəti təxribat cəhdi:
bu, işğalçı dövlətin
aqoniyasından xəbər verir
Diqqəti çəkən odur ki, Cənubi Qafqaz ölkələrinə səfərdə olarkən, ABŞ-ın dövlət katibi Hillari Klinton da müvafiq məqamı vurğulayıb. O, Yerevanda olarkən Azərbaycan və Türkiyə ilə münasibətlərin nizama salınmaması səbəbindən Ermənistan iqtisadiyyatının lazımınca inkişaf etmədiyini bildirib. Bütün bunların fonunda işğalçı Ermənistanın silahlı qüvvələrinin atəşkəsi intensiv şəkildə pozaraq, cəbhə xəttində qarışıqlıq yaratmaq cəhdi də diqqətdən yayınmır. Bəlli olduğu kimi, son belə cəhdlərin qarşısını alarkən 5 Azərbaycan əsgəri şəhid olub, erməni qüvvələri isə ciddi itki verərək geri çəkilməyə vadar ediliblər. Ermənistanın belə aqressiv davranışı ABŞ dövlət katibinin də diqqətindən yayınmayıb və o tərəfləri atəşkəs rejiminə əməl etməyə, cəbhə xəttində gərginlik yaratmağa yönələn hərəkətlərdən çəkinməyə çağırıb.
Belə görünür ki, rəsmi Yerevan son parlament seçkilərinin total şəkildə saxtalaşdırılmasına və Qarabağ münaqişəsinin həllində tutduğu destruktiv mövqeyə görə, ABŞ-dan və Qərbdən gələn tənqidləri məhz cəbhə xəttində vəziyyəti gərginləşdirməklə önləmək istəyir. Burada ermənilərin son zamanlar İran və Azərbaycanın rəsmi və ictimai dairələrində yaranan müəyyən fikir ayrılıqlarından faydalanmaq istəməsi də istisna deyil.
Ermənistan getdikcə
"qazandığından"
daha çox itirir
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, uzun illər ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olmuş Metyu Brayza Hillari Klintonun səfəri əsasında Qarabağ məsələsinin və İrandakı vəziyyətin başlıca müzakirə mövzularından olacağını bildirmişdi. Görünür ki, ABŞ-ın dövlət katibi Yerevanda olarkən Ermənistan rəsmilərinə Qarabağ münaqişəsinin konstruktiv, ədalətli həlli ilə bağlı müəyyən təpkilər göstərib. ABŞ dövlət katibini son söylədiklərini, müvafiq danışıq ritorikasını nəzərə alsaq, bu kifayət qədər real görünür.
Bəlli olan odur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində son 18-20 il ərzində qazandığından daha çox itirib. Bu gün məhz regional əlaqələrdən, açıq infrastrukturdan təcrid olunması səbəbindən Ermənistanın iqtisadiyyatı, faktiki olaraq, iflic vəziyyətindədir. Münaqişənin həll olunmaması səbəbindən bu ölkə yarımqapalı vəziyyətdədir, öz iqtisadiyyatını səmərəli şəkildə qura və inkişaf etdirə bilmir.
İşğalçı ölkənin xarici
asılılığı artır
Ölkənin xaricdən asılılığını artıran daha bir amil xarici borclardır. Serj Sarkisyan hakimiyyəti durmadan müxtəlif dövlətlərdən, beynəlxalq təşkilatlardan borc götürür, borcların qaytarılması barədə isə demək olar ki, heç düşünən yoxdur. İşğalçı qonşumuz qlobal maliyyə böhranının başlanandan sonra postsovet dövlətləri arasında iqtisadi çöküşünə görə öndə gedir. Maraqlıdır ki, Ermənistan rəsmiləri məhz ölkəni borcdan və böhrandan qurtarmaq üçün borc aldıqlarını bildirirlər. Aydındır ki, bununla ictimai rəyi az da olsa dəyişmək və sadə insanları nəyəsə inandırmaq qəti mümkün deyil. Reallıq ondan ibarətdir ki, rəsmi Yerevan son bir neçə ildə xarici dövlətlərdən aldığı borcun miqdarını əhəmiyyətli dərəcədə artırıb.
Bəllidir ki, borcla tənəzzülün yalnız qismən qarşısını almaq mümkündür, bu da ancaq müvəqqəti hal kimi, müəyyən müddət davam edə bilər. Hakimiyyət təmsilçiləri də, əslində, dolayı şəkildə bunu etiraf edirlər. Onlar bəyan edirlər ki, əgər dövlət xaricdən külli miqdarda borc almasaydı, vəziyyət daha ağır, dramatik xarakter alardı, ölkənin iqtisadi tənəzzül, geriləmə göstəriciləri isə fəlakətli bir həddə çatardı.
Qeyri-sabitlik,
sosial-iqtisadi böhran,
repressiv siyasət...
Əslində, bütün bunlar - daxili qeyri-sabitlik, ağır sosial-iqtisadi durum, xarici ölkələrdən asılılıq, hakimiyyətin gündən-günə miqyasını genişləndirdiyi repressiv siyasət işğalçı ölkənin üzləşdiyi labüd nəticədir. Belə vəziyyət Ermənistanda əhalinin miqrasiyasına da ciddi təsir göstərir. Baş verənlər bu ölkədə demoqrafik vəziyyətə də təsirsiz ötüşmür. Ötən illərlə müqayisədə əhalinin sayının sürətlə azalması, təbii artımın əhəmiyyətli dərəcədə aşağı düşməsi Ermənistanı demoqrafik fəlakət həddinə gətirib.
Erməni sosioloqlar açıq şəkildə etiraf edirlər ki, hazırda ölkədə əhalisizləşmə prosesi yaşanır və artıq bu prosesin qarşısını almaq olduqca çətindir. Sosial-demoqrafik problemlər Ermənistanın ucqar rayonlarında, xüsusən, kəndlərdə özünü daha qabarıq şəkildə biruzə verir. Burada tam şəkildə boşalan yaşayış məntəqələrinin sayı getdikcə daha da artmaqdadır.
Son illərdə ucqar kənd və ya rayon sakinləri bir qismi paytaxt Yerevana, əksəriyyəti isə xarici ölkələrə üz tuturlar. Əvvəllər belə yaşayış məskənlərində qocalar, qadınlar, uşaqlar az da olsa nəzərə çarpırdı, indi isə onların da sayında ciddi azalma müşahidə olunur.
Demoqrafik fəlakət
qaçılmazdır
Belə vəziyyət Yerevan və digər iri şəhərlərdə yaşayan, lakin iş tapa bilmədiyi üçün xaricə üz tutan şəxslər üçün də xarakterikdir. Buna əsas səbəb daimi yaşayış yerini tərk edən və iş dalınca xaricə üz tutan şəxslərin ailələrini özləri ilə aparmalarıdır.
Ermənistanda demoqrafik vəziyyətin pisləşməsinə təsir edən amillər təkcə bununla məhdudlaşmır. Faktiki olaraq, ağır sosial-iqtisadi vəziyyət Ermənistanda doğum səviyyəsinin və bağlanan nikahların sayının da nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Bu mənada, maliyyə, məişət, mənzil problemlərinin açıq şəkildə mövcudluğu nikahların sayının azalmasına xüsusi təsir göstərir. Bu da, öz növbəsində, əhalinin təbii artımına təsir göstərir. Ermənistanda yeni doğulan uşaqların 50 faizindən çoxu ilk övladlardır, ailələrin çoxu isə, ümumiyyətlə, ikinci uşağın dünyaya gəlməsinə qarşı çıxır.
Digər təhlükəli fakt ondan ibarətdir ki, indi orta yaş həddində olanlar 1980-ci illərdə doğulanlardır. Tezliklə isə bu yaş həddinə 1980-ci illərin sonu, 1990-cı illərdə doğulanlar çatacaqlar. Məhz bundan sonra doğum səviyyəsi ilə bağlı daha ciddi problemlər yaşanacaq. Əgər 1980-ci illərdə doğulanların sayı çox idisə, 1980-ci illərin sonu, 1990-cı illərdə doğulanların sayı bundan təxminən 2-2,5 dəfə az olub. Bu isə qarşıdakı dövr ərzində doğum səviyyəsinin kəskin düşəcəyini söyləməyə əsas xəbər verir.
Vergi terroru...
Elə bu səbəbdən, həm Ermənistan müxalifəti, həm də sadə əhali ölkə hakimiyyətinin iqtisadi siyasətini də kəskin tənqid edir, narazılıqlarını açıq şəkildə ifadə edirlər. Ermənistan Milli Konqresinin təmsilçisi Vaaqn Xaçatryan mətbuata verdiyi açıqlama da, bu baxımdan, müəyyən maraq doğurur. O qeyd edir ki, Serj Sarkisyan iqtidarının iqtisadi siyasətinin əsl mahiyyəti "vergi terroru"dur: "Əhalinin bütün təbəqələrinə, o cümlədən kiçik və orta biznes nümayəndələrinə, büdcədən maliyyələşən işçilərə, kəndlilərə qarşı çox ciddi şəkildə təzyiqlər var. Böhran şəraitində ölkə hakimiyyəti əhaliyə kömək göstərmək, onu müdafiə etmək əvəzinə daha çox xalqın hesabına varlanmaq barədə düşünür".
Belə şəraitdə Ermənistanda əhalinin yoxsullaşması prosesi sürətlənməkdədir. İnsanların maddi ehtiyaclarını təmin etməklə bağlı problemləri getdikcə daha kəskin xarakter alır. Sosial-iqtisadi sahədə isətənəzzülün miqyası daim artmaqda davam edir. Buna səbəb bir tərəfdən hakimiyyətdə olan qüvvələrin korrupsiya fəaliyyətlərinin durmadan genişlənməsi, digər tərəfdən, ölkənin üzləşdiyi iqtisadi çətinliklərin aradan qaldırılması üçün real, ciddi addımların atılmamasıdır.
Mütiliklə icra edilən
xarici sifarişlər...
Ermənistan hökuməti xarici siyasətdə olduğu kimi, iqtisadi fəaliyyətdə də hər hansı real proqrama və ya səmərəli fəaliyyət konsepsiyasına malik deyil. Eyni zamanda, kommunal xərclərin artırılması, ərzağın, xidmət növlərinin mütəmadi olaraq bahalaşması əhalidə ciddi narazılıq yaradır.
Baş verənlərlə əlaqədar Ermənistanın özündə də bəzi qüvvələr həyəcan təbili çalırlar. Bu ölkədə müxalifətdə yer alan qüvvələr bəyan edirlər ki, ölkə hakimiyyəti tərəfindən həyata keçirilən siyasət Ermənistanı beynəlxalq qüvvələrin əlində alətə çevirib və hazırkı iqtidarın fəaliyyəti yalnız xaricdən ona diktə edilənləri yerinə yetirməkdən ibarətdir.
Bununla yanaşı, Ermənistan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını daha da artırır. Bütün bunlar bir daha təsdiqləyir ki, işğalçı ölkə demoqrafik baxımdan fəlakət içindədir. Eyni zamanda, Ermənistanın xaricdən götürdüyü borcların miqdarı sürətlə artır. Bunun nəticəsində işğalçı ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdikcə daha da güclənir. Belə şəraitdə Ermənistanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır. Çünki dərin siyasi-iqtisadi tənəzzül Ermənistanın onsuz da formal xarakter daşıyan müstəqilliyinin itirilməsini sürətlə yaxınlaşdırır.
Naib Niftəliyev,
politoloq
Digər Xəbərlər
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07