İrəvanda polis-patrul alayının binasının tutan silahlı qrup bütün girovları azad etsə də, binanı tərk etməyib.

Unikal.org publika.az-a istinadən bildirir ki, müxalif qrupları Sarkisyanın istefasını və həbsdə olan Jiray Sefilyanın azad olunmasını tələb edən silahlılara dəstək aksiyaları keçirir.

Hazırda silahlı qrupun olduğu Xorenaçi küçəsində sakitlik hökm sürsə də, etirazlar, əsasən, axşam saatlarında başlayır. Dünən axşam binanı tərk etmək istəməyən silahlı qrup hakimiyyətin onlara yemək verilməsini qadağan etməsinə etiraz olaraq, polis maşınını yandırıb.

Özlərini "məğlubedilməz döyüşçülər" adlandıran silahlı qrupun üzvü Varujan Avetsyan qeyd edib ki, onlar, həmçinin polisin pilotsuz uçan aparatını da vurublar.
"Bizə yemək, işıq vermirlər, əlaqəni kəsiblər. Buna görə də biz etirazımızı bu cür bildiririk. Polis maşınını yandırdıq, həmçinin bizim olduğumuz zonaya göndərilən pilotsuz aparatı iki atəşlə məhv etdik. Əhval-ruhiyyəmiz yaxşıdır, çünki biz azad olunmuş ərazidəyik. Bütün xalqı etiraza səsləyirik", - deyə o bildirib.
Qeyd edək ki, silahlı qrup iyulun 17-də polis binasını ələ keçirərək, polis əməkdaşlarını və yüksək rütbəli polis zabitlərini girov götürüb. Onlar həbsdə olan "Yeni Ermənistan" hərəkatının lideri J.Sefilyanın azad olunmasını, prezident Serj Sarkisyanın istefa verməsini tələb edirlər. Girovluqda olan şəxslərin hamısı iyulun 23-nə qədər sərbəst buraxılıblar. Hazırda silahlı qrup olduqları binanı tərk etmir və əvvəlki tələblərini irəli sürürlər. Ermənistanda müxalifət onlara dəstək verir. Dünən Sarkisyanın qiyamçıların lideri olan J.Sefilyanla görüşməyə razı olduğu haqda məlumatlar yayılmışdı. Lakin hakimiyyət əvvəlcə polis binasının azad olunmasını və qiyamçıların hüquq-mühafizə orqanlarına təslim olmasını tələb edib.