Cahangir Əsgərovla Etibar Pirverdiyevin erası bitir
09:15 20-01-2016
İQTİSADİYYAT
İki oliqarxın rəhbərlik etdiyi qurumlar özəlləşdirməyə açıla bilər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ölkədəki iqtisadi-sosial vəziyyətə həsr edilmiş fövqəladə iclasını keçirərək bir sıra mühüm anonslar verib.
Bunlardan biri də geniş özəlləşdirmə proqramının hazırlanması ilə bağlıdır. "Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər" deyə ölkə başçısı bildirib.
Bəs prezidentin anons etdiyi böyük özəlləşdirmə proqramına hansı dövlət müəssisələri və əmlakı daxil edilə bilər? İqtisadi böhran dövründə hansı dövlət aktivlərindən yaxa qurtarmaq və onları xarici, yaxud yerli investorlara satmaq daha sərfəli olardı?
Özəlləşdirmə proqramının konturları yəqin ki, yaxın vaxtlarda görünəcək. Lakin bəri başdan təxmin etmək olar ki, prezident bu proqramı başladarkən ilk növbədə dövlət büdcəsinə yük olan bəzi səhmdar cəmiyyətlərin özəlləşdirilməsini nəzərdə tutur.
Böyük özəlləşdirmə proqramına daxil edilə biləcək dövlət səhmdar cəmiyyətləri arasında ilk növbədə Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" və Cahangir Əsgərovun rəhbəri olduğu AZAL-ın, həmçinin "Azəristliktəchizat" və "Azəraliminium" kimi ASC-lərin yer alması tamamilə realdır. Çünki bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə də əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.
Üstəlik 2016-cı ilin böhran büdcəsində həmin ASC-lərin xarici borclarının ödənilməsi üçün yüz milyonlarla manat vəsait nəzərdə tutulmuşdu. Əslində isə bu müəssisələr çoxdan gəlirlə işləməli və öz borclarını özləri ödəməli idi. Lakin pis menecment, korrupsiya və ayrılan vəsaitlərin düzgün xərclənməməsi kimi səbəblər üzündən dövlət ASC-ləri əslində dövlətə böyük yükə çevriliblər. Və belə görünür ki, indiki iqtisadi vəziyyət dövləti "pis aktivlərdən" yaxa qurtarmağa məcbur edir.
Özəlləşdirmə proqramına dövlət neft şirkəti SOCAR-ın da daxil edilməsi ehtimalı hazırda çox aşağı dəyərləndirilə bilər. Lakin istisna deyil ki, SOCAR-ın özü bütövlükdə olmasa da onun ayrı-ayrı strukturları, məsələn, qaz operatoru "Azəriqaz" özəlləşdirməyə çıxarılsın. Çünki "Azəriqaz"a ayrılan milyardlarla manat investisiyalara, Bakının və ətraf qəsəbələrinin qazpaylayıcı şəbəkəsinin yenidən qurulmasına baxmayaraq bu strukturda təsərrüfatsızlığı, böyük həcmdə qaz itkilərini (ildə az qala 1 milyard kubmetr) aradan qaldırmaq mümkün olmayıb.
Habelə özəlləşdirməyə çıxarılacaq dövlət akivləri arasında artıq başlamış struktur islahatları nəticəsində ləğv edilən dövlət təşkilatlarının inzibati binaları və əmlakı, onların balansında olan torpaq sahələri və s. yer ala bilər. Ancaq istər bu özəlləşdirmə proqramının hazırlanması mərhələsində, istərsə də aktivlərin satışında olduqca ölçülüb-biçilmiş iş tələb olunacaq. 90-cı illərin ortalarında olduğu kimi dövlət akivlərinin satışa çıxarılmasının bir çoxları üçün bu aktivləri talama fürsətinə çevrilməsinə yol vermək olmaz. Görünür prezident proqramın hazırlanması prosesinə beynəlxalq ekspertlərin cəlb edilməsinə dair göstərişi verərkən məhz bu amilləri nəzərdə tuturdu.
Beləliklə, görünən odur ki, anonsu verilən geniş özəlləşdirmə planı iki önəmli oliqarxın - Etibar Pirverdiyevlə Cahangir Əsgərovun "erasını" bitirəcək. Artıq hakimiyyətin bu iri məmurlarla yollarını ayıracağı barədə deyilənlər daha inandırıcı görünməyə başlayıb.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-02 14:45:42
2024-11-02 11:36:52
2024-11-01 17:27:07
2024-11-01 16:49:44
2024-11-01 12:25:00
2024-11-01 11:46:52
2024-11-01 10:37:55
2024-11-01 10:11:56
2024-11-01 10:01:35
2024-11-01 09:46:47
2024-11-01 09:17:40
2024-11-01 09:11:32
2024-11-01 09:02:38
2024-10-31 18:05:48
2024-10-31 17:43:00
2024-10-31 15:53:43
2024-10-31 15:16:00
2024-10-31 14:45:09
2024-10-31 12:21:38