Bakı. Fərid Mirzəyev - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu il sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendumda) MSK nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin olunması barədə qərar qəbul edib.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki (referendum) komissiyasına təqdim olunmalıdır. İmza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq MSK tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə işçi qrupu yaradılmalı, komissiyanın həlledici səs hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin edilməlidir.
MSK yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə əsasən qərara alıb ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) zamanı referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə, MSK-da Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın.
MSK-nın üzvü Azər Tağıyev işçi qrupun rəhbəri təyin edilib.
Qərar bu gündən qüvvəyə minib.