Azərbaycanda

Ekspert: "Onun qiyməti keyfiyyətinə uyğun deyil"

Ekspert Vahid Məhərrəmov son zamanlar hökumətin, məmurların un və çörəyin qiymət artımını əsaslandırmağa çalışmasını yersiz sayıb.
Kənd təsərrüfatı üzrə mütəxəssis Azərbaycandakı qiymətlərin Gürcüstan bazarındakı qiymətlərlə müqayisəsinin reallığı əks etdirmədiyini və qüsurlu olduğunu vurğulayıb:
"Ölkəmizə gətirilən və unüyütmədə, çörəkbişirmədə istifadə olunan buğda ərzaq buğdası deyil. Keyfiyyəti aşağı olan, yemlik, yəni 4-cü və 5-ci sinif buğdadır. Gürcüstanda hələ Saakaşvili dönəmində 4-cü və 5-ci sinif buğda idxalına qadağa qoyulub.
Dünya bazarında 4-cü sinif buğda ilə 3-cü sinif buğda arasında qiymət fərqi 35-40 faizə qədərdir.
Ərzaq buğdası hesab olunan 3-cü sinif buğdanın 1 tonunun qiyməti 200 dollardan baha olduğu halda, Rusiya treyderləri 4-cü sinif buğdanı 140 dollara, 5-ci sinif buğdanı isə 125 dollara təklif edirlər. Ona görə də sözügedən məhsullar üzrə qiymət müqayisəsi aparmaq qeyri-ciddidir".
V.Məhərrəmov bildirib ki, ölkəyə gətirilən buğdanın keyfiyyəti aşağı olduğu üçün həmin xammaldan alınan unun da keyfiyyəti aşağıdır: "Ölkəmizdə istehsal olunan unun keyfiyyətini nəzərə alsaq, təklif olunan məhsulun (50 kq) qiyməti 17 manatdan baha olmamalıdır. Azərbaycanda un və çörəyin qiyməti keyfiyyətinə uyğun deyil. Əgər idxaldan və un bazarından monopoliya tamamilə götürülərsə, ölkəyə gətirilən unun satış qiyməti 17 manat civarında olar. Bu gün Azərbaycan bazarında aşağı keyfiyyətli buğdadan alınan unun qiyməti yüksək olaraq qalır".
Sənan Mirzə