Türkiyə Ali Hərbi Şurasının iclasında qəbul olunan qərarlar dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanıb.
Unikal.org-un məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin yenidən təşkilatlanması ilə əlaqədar açıqlama verən Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın diqqətə çatdırıb ki, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Dəniz Qüvvələri komandanı, ordu generalı Rəcəb Bülent Bostanoğlu və Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal vəzifələrinin icrasına davam edəcəklər. Ordu generalları Yaşar Gülər və Ümid Dündar müvafiq olaraq Jandarma Qüvvələri komandanı və Baş qərargah rəisinin müavini vəzifələrinə təyin olunublar.
Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.
Qeyd edək ki, iyulun 28-də Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın 5 saat davam edən iclasında mühüm qərarlar qəbul olunub. İclasda dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və digər məsələlər müzakirə edilib.