SSRİ-ni dağıdan qırğının müdhiş pərdəarxası... – Məşhur alimin yazısı dünya mediasında!
23:26 20-01-2016
CƏMİYYƏT
SSRİ-ni dağıdan qırğının müdhiş pərdəarxası...
Azərbaycan tarixinin qanlı, eyni zamanda şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələri ilə bağlı real həqiqətlərin dünyaya çatdırılması vətəndaşlıq borcudur. Bu istiqamətdə xüsusilə siyasətçilərin və elm adamlarının üzərinə ciddi missiya düşür. Unutmamaq lazımdır ki, 20 Yanvar yalnız bir xalqa qarşı silahlı terror aktı deyildi. Bu həm də SSRİ kimi nəhəng bir imperiyanın çöküşünə bilavasitə təsir edən, onu şərtləndirən tarixi hadisədir.
Azərbaycanın görkəmli alimi, geologiya elmləri doktoru, professor Çapay Sultanov son bir neçə ildə 20 Yanvar hadisələri ilə bağlı kifayət qədər geniş araşdırmaların və dərin analizin nəticəsi olan kitablar nəşr etdirmişdir. Həmin kitablar alimin şəxsi saytında – sultanov.azeriland.com ünvanındakı elektron kitabxana bölməsinə yerləşdirilib.
Şəkildə: Ç. Sultanovun "İmperiyanın son zərbəsi" kitabının ingiliscə və rusca nəşri
Qeyd edək ki, bu sayta dünyanına az qala hər yerindənb baş vurulur və onu indiyədəık milyonlarla internet istifadəçisi ziyarət edib. Təsadüfi deyil ki, dünya informasiya məkanında saytların araşdırılması ilə məşğul olan tanınmış "StatMyWeb" (http://www.statmyweb.com/) şirkəti çoxillik araşdırmalarının nəticələrini dərc edib. Şirkətin maraq dairəsinə, populyarlığına görə, Azərbaycanın görkəmli alimlərindən biri professor Çapay Sultanovun www.sultanov.azeriland.com saytı da düşüb. Monitorinq nəticəsində on beş illik fəaliyyəti nəticəsində sayta gün ərzində 16.760 giriş olduğu müəyyənləşib. Bu isə bir ay ərzində 528.000, bir il ərzində isə 6.336.000 giriş deməkdir. On beş illik fəaliyyəti nəticəsində adıçəkilən sayta 94.040.000 dəfə baxış olub. Heç şübhəsiz, bu göstərici bir alimin yaradıcılığını əhatə edən sayt üçün fenomenal nəticədir.
Bu isə həm də o deməkdir ki, adıçəkilən sayt vasitəsilə milyonlarla internet istifadəçisi həm də 20 Yanvarla bağlı kifayət qədər dolğun informasiyaya və bu hadisənin sonrakı tarixi gedişatda oynadığı rola dair ətraflı təsəvvürə malik olublar.
Həmçinin tanınmış alimin 20 Yanvara tarixi faktlarla işıq tutan kitabları bir neçə xarici ölkədə dərc olunub. Onun "İmperiyanın sonuncu zərbəsi. Bakı, 20 yanvar 1990-cı il"" kitabı Azərbaycandan başqa ingilis, rus və türk dillərində nəşr edilib. Kitab qardaş ölkə Türkiyədə isə xüsusi maraqla qarşılanıb və onu bir neçə dəfə çap etməli olublar.
Bir müddət əvvəl SSRİ qoşunlarının Macarıstana hücumunun ildönümü münasibəti ilə adıçəkilən ölkədə sərgi təşkil olunub. Macarıstandakı səfirimiz Vilayət Quliyev Çapay müəllimlə əlaq yaradaraq, ondan həmin hücumla 20 Yanvar arasında bənzərliyin həmin ölkənin geniş ictimaiyyətinə təqdim olunması üçün köməyini xahiş edib. Alim isə öz növbəsində 20 Yanvar haqqında kitablarını ona göndərib.
Ç. Sultanovun 20 yanvarla bağlı məqaləsinin dərc edildiyi İtaliya jurnalının üz qabığı
İndiyə qədər heç bir kənar kömək, o cümlədən, hökumət dəstəyi olmadan 20 Yanvarla bağlı real tarixi həqiqətlərin dünyaya çatdırılması üçün əlindən gələni edən, çoxsaylı kitabların nəşrinə nail olan Çapay Sultanovun bu günlərdə İtaliya mətbuatında dərc olunan məqaləsi həmin ölkədə böyük maraqla qarşılanıb. Bu məqalənin elə bizim oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq onun dilimizə tərcüməsini məlum hadisələrin 16-cı ildönümündə sizə təqdim edirik.
Çapay Sultanovun "İmperiyanın son zərbəsi" kitabının türkcə nəşrləri
İmperiyanın sonuncu zərbəsi
Sovet İttifaqını Bakıdakı 20 Yanvar qırğını dağıtdı!
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
Kağız parçası...
1990-cı il yanvarın əvvəlində Sov.IKP MK Siyasi Bürosunun iclasında M.S.Qorbaçov bəyan etdi: "1990 - həlledici ildir. Qayda yarada bilməsək, təchizatın vəziyyətini dəyişməsək, biz getməliyik!".
Və ardınca Bakıya zərbə baş verdi.
"Şirin cütlük" - Qorbaçov və Yazov! Onlardan biri 1990-cı ilin 20 yanvarında Bakıda öldürmə əmrini verdi, digəri yerinə yetirdi. Yazov xatırlayır: "Məni, Kryuçkovu və Puqonu çağırdı. Uçduq, yazılı əmr isə hələ də yox idi. Qorbaçova dedim: "Yazılı əmr verin". Cavab verdi: "Kağız parçasını neynirsən, qalsın sonraya".
Buyurun, öldürülmüş və yaralanmış minlərlə insanın həyatı ilə bağlı sənədi Qorbaçov "kağız parçası" adlandırır!
"Mən Bakıdakı 4-cü ordunun komandanı idim və Azərbaycan xalqı haqqında məndə ən sıcaq xatirələr qalıb". - Yazov müxbir Kudryavtsevə belə deyir. Bu sıcaqlığın əvəzini verdi - rus mətbuatı belə yazdı: "Yazov Bakı qırğınına görə şıltaq marşal paqonları qazandı...".
Mən tanışıma cavab verdim:
"Planeti gəzib
Yol küləyinə bələd oldun.
Onu, bunu gördün...
Amma niyə özünü incitdin?
Axı hələ Bakını görməmisən!
Bakını görməmisənsə,
Nə görmüsən ki? Nə?
Robert Rojdestvenski,
"Bakını görməmisənsə"
"Şirin cütlük" – Qorbaçov və Yazov
Ikinci Dünya Müharibəsindən sonra Avropada Qorbaçov vəhşiliyinin oxşarı olmamışdı. 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının vəhşiliyi "məhvetmə ölçüsü" oldu. Vilnüsdəki teleqülləyə hücum qabağı "Alfa"nın komandiri polkovnik (sonradan general) V.Karpuxin demişdir: "Onları Bakı variantı ilə, mümkün qədər çox öldürmək lazımdır...".
...1953-cü ilin 17 iyulunda Berlində üçüncü dünya müharibəsi üçün real təhlükə yarananda Sovet qoşunları daxil edilərkən məlum hadisələrdə müxtəlif məlumatlara görə, 35-dən 70-ə qədər insan həlak olmuşdu.
Qoşunların Bakıya daxil edilməsi 80 nəfərin öldüyü və 722 nəfərin yaralandığı Çexoslovakiya müdaxiləsindən daha qanlı və amansız olmuşdur.
"Le Mond"un Moskva müxbiri Bernar Qetta Spitakdakı uşaq meyidlərinə baxan baş katib M.Qorbaçovun gözlərindəki yaşdan yazmışdı. Bakıdakı meyidləri isə Qorbaçov zərurətlə əsaslandırıb.
Qorbaçovun tankları Azərbaycan xalqının azadlıq əzmini əzə bilmədi.
22 yanvar 1990-cı il, Gəncə şəhəri. Şəhər sakinləri Sovet tanklarının qarşısında canlı divar hörürlər...
SSRI-ni 20 Yanvar dağıtdı
L.Yunusova belə yazır: "Onlar əl-ələ tutaraq dayanmışdılar. Həmin gecədə çoxları kimi mənasını itirmiş və tezliklə adını da qeyb etmiş Kommunist küçəsi üzərində "Azadlıq!" səsi gurlayırdı. Onlar tırtılları Tbilisi prospektində, XI Qızıl Ordu meydanında və digər yerlərdə basılıb öldürülənlərin qanı ilə qızarmış zirehli daşıyıcılar və tanklar qarşısında dayanıb durdular. - "Azadlıq!".
Artıq 22 yanvarda bütün Bakı sovet qoşunlarının çıxmasını tələb edərək küçələrə axdı və Şəhidləri son mənzilə yola saldı.
Qoşunlar təkcə Bakıya deyil, həm də Azərbaycanın başqa şəhərlərinə yeridilmişdi. Qoşunların müdaxiləsi hər yerdə çoxsaylı qurbanlarla müşayiət olunmuşdu.
Kim nə deyir desin, bir həqiqət var - SSRI faktiki olaraq 1990-cı ilin 20 yanvarından sonra dağıldı.
20 yanvar 1990-cı il hadisələri SSRI-nin taleyinə tarixi təsir göstərdi.
Bunu tez-tez eşitmək olar ki, İmperiya son zərbələrini Vilnüs və Riqaya vurdu. Amma bu belə deyil. Sözsüz, 20 yanvar 1990-cı ildə Bakıda olduğu kimi, Vilnüs və Riqadakı hadisələr zamanı ölənlər həyatlarını öz respublikalarının azadlığı uğrunda vermişlər və onların hamısına abidə qoymaq lazımdır. Amma Bakı hadisələrində SSRI rəhbərliyinin birinci şəxsləri iştirak etmişdisə, əməliyyata SSRI müdafiə naziri, SSRI daxili işlər naziri, SSRI DTK-sı sədrinin birinci müavini, Sovet Ordusu və SSRI DİN-in elit hissələri rəhbərlik edir, ən yeni silahlar (məsələn, Mi-8 hərbi vertolyotları) tətbiq edilirdisə, Tbilisi və Vilnüs hadisələrində bir alay, Riqada isə rəhbərini sonradan yeni Riqa hakimiyyətinin mühakimə etdiyi Riqa OMON-u iştirak edirdi.
SSRİ öz mövcudluğunu 1990-cı ilin 20 yanvarından sonra bitirdi.
"Aclıq təhlükəsi"
Qorbaçov hakimiyyətinin son illərində mağazaların boş piştaxtalarının TV ilə gündəlik və sürəkli olaraq göstərilməsini hamı xatırlayır. Eyni zamanda aclığın başlanacağı proqnozunun haradan yarandığı tapmacası SSRI- nin sonuncu sirri olaraq qalır!
Aclıqla bağlı Andrey Qonçarov deyir: "Baxın, 1992-ci il yanvarın biri üçün keçi, qoyun və quşları saymadan, Rusiya axurlarında 90,1 milyon baş iri buynuzlu mal-qara və donuz var idi. Indiki faktiki istehlak normalarına görə bu, beş illik ət ehtiyatıdır!
Bakıya hücum xəritəsi. Tərtibçi: Çapay Sultanov
İndi həmin ət bolluğunun yarısı da qalmayıb, amma heç kəs belə hesab etmir ki, Rusiya "aclıq həddi"ndədir.
Amma bu hələ hamısı deyil. Mifik "aclıq təhlükəsi"ndən əvvəlki 1990-1991-ci illər kifayət qədər yüksək məhsul və kənd təsərrüfatının bütün sektorlarında yaxşı artım illəridir. Indi ildə 80 ton taxıl yığımının yaxşı göstəricisi sayılır. Guya aclığın bizi təhdid etdiyi o vaxt yüz milyon tondan artıq taxıl toplanmışdı. Bütün bu varidatı başqası deyil, "aclıqdan şişən" gombul Yeqor Timuroviç Qaydar idarə edirdi. Odur ki, Qaydar tərəfdarlarının "ölkəni aclıqdan xilas etmə" barədəki bəyanatlarını həyasız və abırsız hesab edirəm".
Boş mağazalar və bu hadisə ilə bağlı hər şey barədə müəllifin öz versiyası var - SSRI-də, sonradan Rusiyada da məhsullar əvvəlki illərdən nə çox, nə də az idi - adekvat idarə sistemi, vahid iqtisadi ideologiya yox idi və SSRI-nin maliyyə sistemi dağılmışdı. Müəllif SSRI-nin öz mövcudluğunu Belorusiyada, Belovej meşəsində bitirməsi barədə geniş yayılmış fikrə tərəfdar deyil - təkrar edirik, o öz mövcudluğunu 1990-cı ilin 20 yanvarında Bakıda itirmişdir! SSRI-nin Belovej razılaşmasından sonra dağılması Qorbaçov və onun silahdaşlarının uydurduğu böyük blef idi. ABŞ ştatları qubernatorlarının yığışıb ABŞ-ın artıq mövcud olmadığını bəyan etməsi situasiyasını təsəvvür etmək olarmı? Yaxud Fransa regionlarının başçıları? Yaxud da Almaniya federal ərazilərinin rəhbərləri? Bu yalnız SSRI-də olduğu kimi, ölkənin mərkəzi hakimiyyətinin çökdüyü və ölkə liderinin siyasi meyit olduğu halda mümkündür. Məhz Azərbaycan xalqı Imperiya tanklarına qarşı dim-dik dayandı, Imperiyanın sonuncu zərbəsi məhz ona tuş gəldi! Faşistlərin Moskvaya hücumu zamanı Moskva mühəndislərindən biri səngərdə qışqırmışdı: "Yoldaşlar! Hücumun başlanması üçün kimsə birinci olaraq ayağa qalxmalıdır!". Imperiyanın son illərində məhz Azərbaycan xalqı dik ayağa qalxdı. Bu hadisədən sonra SSRI-nin bütün respublikaları Qorbaçov yenidənqurmasının tank arqumentinə gəlib çatdığını başa düşdülər və Moskva ilə bütün siyasi və iqtisadi əlaqələri başqa yönə çevirməyə başladılar. SSRI-nin Qorbaçov yenidənqurması zamanı 30-40% səviyyəsində fəaliyyət göstərmiş idarə sistemi və respublikalar arasındakı iqtisadi əlaqələr tamamilə çökdü - respublikalar öz aralarında barter münasibətlərinə keçdilər - heç kim mərkəzləşdirilmiş qaydada Moskvaya heç nə vermək istəmədi. Bütün respublikalar sovet pullarından can qurtarmağa, öz aralarında möhkəm valyuta ilə alverə başladı.
Bakı şəhərini zəbt planı. Tərtibçi Çapay Sultanov
SSRİ iqtisadiyyatının dağılması belə baş verdi - Qorbaçovun "işi"ni Yeltsin davam etdirdi!
Nəhayət, Qorbaçov barədə
"2020-ci il.
Vaqanka qəbristanlığının qarovulçusundan soruşurlar:
- Işiniz necədir, yaxşı pul ödəyirlər?
- Maaş azdır, əvəzində əlavə qazanc çoxdur. Budur, gül satıram. Məsələn, Okucavanın qəbri - onun ad günündə 30 dollar qazanıram. Bu isə Vısotskinin məzarıdır. Ordan 50 dollar xeyirim var. Amma bu - Qorbaçovun qəbri ən gəlirli nöqtəmdir. Burda hər gün yüzlərlə dollarım var.
- Güllərdənmi?
- Yox, sadəcə lövhə qoymuşam: "Tüpürmək olmaz. Cərimə - 10 qəpik".
"Hamımız öləcəyik, bəziləri isə gəbərəcək", - bu isə M.Şarqanın sözləridir.
Azərbaycan son nəticədə İmperiyanın dağılmasına gətirən sonuncu zərbə qarşısında diqqətəlayiq qurbanlar verərək duruş gətirdi. Çox təəssüf ki, keçmiş sovet respublikaları Azərbaycan xalqının bu rəşadətini xatırlamır...
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42