Nazirlər hələ də plyonkalı maşınlarda gəzirlər
09:59 22-01-2016
İQTİSADİYYAT
20 yanvar günü Şəhidlər Xiyabanına plyonkalı avtomobillərdə gələn vəzifəlilərə yaddaş dərsi
Yüksək vəzifəli şəxslərin özbaşınalıqları, prezidentin tövsiyyə və göstərişlərini qulaqardına vurması haqda çox yazılıb. Təəssüf hissiylə qeyd edirik ki, bu günlərdə rastlaşdığımız daha bir arzuolunmaz mənzərə bizi bu mövzuya yenidən qayıtmağa məcbur etdi. Belə ki, 20 yanvar faciəsinin növbəti ildönümü tədbirlərini işıqlandırmaq üçün Şəhidlər Xiyabanında olan "Unikal" qəzetinin əməkdaşı heç də xoş olmayan mənzərəyə şahidlik edib.
Belə ki, Şəhidlər Xiyabanına ziyarətə gələn əksər nazir və komitə sədrlərinin avtomobilləri pərdə və plyonkalarla örtülü olub. Məlum olduğu kimi, avtomobillərə plyonkaların və görüntünü məhdudlaşdıran digər vasitələrin quraşdırılması bir neçə dəfə prezident İlham Əliyevin iradına səbəb olub.
Prezident İlham Əliyev bununla hələ bir neçə il bundan öncə avtomobillərin salonlarına vurulan xüsusi örtüklərin yığışdırılmasını tələb edib. Aktuallığını nəzərə alaraq prezidentin həmin çıxışından bir hissəni olduğu kimi təqdim edirik: "Mən göstəriş vermişdim ki, maşınlardan plyonkalar sökülsün və buna son qoyulsun. Mən prezidentəm, mənim maşınımda plyonka yoxdur, hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Qorxurlar ki, kimsə onları görəcək? Camaat onları görsə, nə olacaq ki, əriyəcəklər? Mən demişdim, o vaxt tədbirlər görüldü, söküldü, bu gün səhər maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə ötən il 24 min plyonka söküblər. Bu 24 min adamın qulağı yoxdu? Onlar mənim nə dediyimi eşitmirlər? Yoxsa onların yadından çıxıb? Bu o qədər də böyük məsələ deyil, amma göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə? Sənin vəzifən, pulun var, özünü fərqləndirirsən. Sən get özünü işinlə, əməlinlə, ağlınla, ölkəyə verdiyin töhfəylə fərqləndir, daha plyonka ilə, bahalı əşyalarla yox".
Xatırladaq ki, ölkə başçısının bu sərt çıxışından sonra paytaxt Bakıda nəqliyyat vasitələrini qadağan olunmuş pərdə və plyonkalarla idarə edən sürücülərə qarşı reydlərə start verildi, bu istiqamətdə müəyyən işlər görüldü. Ancaq, prezidentin məlum sərt çıxışından xeyli müddət keçib. Görünən isə odur ki, bəzi nazir və komitə sədri bu ötən müddət ərzində prezidentin məlum göstərişini unudublar.
Belə olmasaydı, onlar 20 yanvar faciəsinin ildönümü günündə Şəhidlər Xiyabanına plyonkalı avtomobillərdə gəlməz və bu davranışları ilə prezidentin göstərişlərinə sayğısız münasibət sərgiləməzdilər.
Qey edək ki, həmin pərdə və plyonkalar nəqliyyat vasitələrinin istismarının qadağan olunmasına səbəb olan nasazlıqlar siyahısına aid olduğundan, nəqliyyat vasitələri dərhal mühafizə olunan duracağa yerləşdirilməlidir. Bu pozuntu eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə müvafiq olaraq 50 manat miqdarında cərimə tətbiqini də nəzərdə tutur. Qaydalara əsasən, nəqliyyat vasitələri yalnız o nasazlıqlar aradan qaldırıldıqdan və həmin sürücüyə inzibati tənbeh verildikdən sonra buraxılmalıdır.
Amma maraqlıdır ki, vəzifəli şəxslər, hətta onların yaxın qohumları paytaxt küçələrində sərbəst şəkildə plyonkalı avtomobillərlə şütüyür. Bütün bunlar isə Dövlət Yol Polisi əməkdaşlarının gözləri qarşısında baş verir. Yaxşı, həmin məmurları bir kənara qoyaq, bəs DYP əməkdaşları hansı səbəbdən prezidentin dəfələrlə irad bildirdiyi həmin qayda pozuntusuna göz yumur?
Hesab edirik ki, məsələ müvafiq qurumlar tərəfindən yenidən gündəmə gətirilməli və qayda pozucularına qarşı sərt tədbirlər davam etdirilməlidir. Kimsə hansısa vəzifəni daşıyırsa bu ona qaydaları pozmaq üçün səlahiyyət vermir. Prezidentin də bəyan etdiyi ki, onun avtomobilində heç bir plyonkanın olmadığı halda hansısa nazir və ya digər vəzifəli şəxsin avtomobilini plyonkalara bürüməsi təəssüf doğurur.
Səsləndirilən iradlar isə həm mərkəzi icra hakimiyyəti orqanları, həm də nazirlər, komitə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, onların qohumlarına aiddir. Qanunu nümunə kimi göstərən insanlar əslində qanunları pozan ilk adamlara çevrilməməlidirlər. Bu insanların maaşları 2500-3000 manat olsa da, onların sürdüyü həyat çox dəbdəbəlidir. Adi insanlar da bilir ki, hansısa nazirin ailəsinə xidmət edən 7 dənə avtomobil var. Bu avtomobillərin qiymətini hesablayanda, təqribən 2 milyon manat edir. Onları hamı görür. Prezident hələ 7-8 il bundan əvvəl də deyirdi ki, bu vəzifələrə biz ona görə seçilirik ki, xalqa xidmət edək. Amma görünən odur ki, bəzi məmurlar prezidentin bu sözlərini də unudublar.
Orxan Həsənli
Etibar Pirverdiyevi Akif Çovdarovun qəbuluna gətirən səbəblər
STP-nin icraçı direktoru MTN-ə niyə aparılmışdı, Etibar Pirverdiyev Akif Çovdarovun qəbulunda və…
Ölkəmizin ən iri sənaye müəssisələrindən biri hesab edilən Sumqayıt Texnologiyalar Parkına (STP) bəslənən ümidlər təəssüf ki, özünü doğrultmur. Qeyd edək ki, bu müəssisə qeyri neft sektorunun inkişaf etdirilməsi, sənaye potensialının artırılması məqsədilə işə salınmışdı. Amma gözləntilər nəinki özünü doğrultmadı, əksinə STP-də işlər qaydasına düşmək əvəzinə, vaxt ötdükcə daha da pis məcraya yönəlir.
Məlumat üçün bildirmək istəyirik ki, Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 479180 kvadratmetrdir. İstehsalat sahəsi isə 438992 kvadratmetr təşkil edir. Parkda 17 zavod fəaliyyət göstərir. Adıçəkilən müəssisədə nöqsanlar kifayət qədər olsa da bugünkü mövzumuz heç də bu deyil. "Unikal"a daxil olan şok informasiyalarda STP və onun himayədarı olan "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin adının qalmaqallı "MTN işi"nə görə hallandırılmasından bəhs olunur. Bu haqda bir qədər sonar daha ətraflı, hələlik isə STP-nin "MTN işi"nə görə adı hallanan icraçı direktorunu yaxından tanımağa çalışaq…
STP-nin icraçı direktoru Sahib Musayev əslən Qazax rayonunun Köçvəlli kəndindəndir. O 2006-cı ildən Yüksək Gərginlikli Elektrik Avadanlıqlar ASC-nin sədri işləməyə başlayıb. 2007-ci ildən "AZENCO" ASC-nin sədr müavini kimi Sumqayıt Texnologiyalar Parkının inşa edilməsinə cavabdeh şəxs kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Sumqayıt Texnologiyalar Parkı ASC-dən ayrılaraq ayrıca müəssisə kimi fəaliyyət göstərməyə başlayıb. Sahib Musayev də STP-nin icraçı direktoru təyin olunub. "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin ən yaxın adamlarından biri kimi tanınan icraçı direktorla bağlı bu günə qədər ölkə mətbuatında çeşidli tənqidi məqalələr dərc olunub.
İndi isə "Azərenerji" sədri Etibar Pirverdiyev və STP-nin icraçı direktoru Sahib Musayevi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilən sabiq rəisi, general-mayor Akif Çovdarovla birləşdirən ilginc olayın təfərrüatlarına nəzər salaq. Qəzetimizi məlumatlandıran mənbənin bildirdiyinə görə, MTN-nin zərərsizləşdirilən mütəşəkkil cinayətkar qruplaşmasının ən qəddar personası olan general Akif Çovdarov STP-nin icraçı direktoru Sahib Musayevlə də "haqq-hesab" çəkibmiş. Həmin məlumata görə, Sumqayıt Texnoloji Parkında baş vermiş hansısa şok maxinasiya haqda məlumatlı olan Akif Çovdarov Sahib Musayevi MTN-ə çağırtdırıb. 3 sutka onu MTN-də girov saxlayan Akif Çovdarovun Sahib Musayevi hansı maraqlar qarşılığında azad etməsi da çox maraqlıdır. Mənbəmiz bununla bağlı deyir ki, 3 gün MTN-də saxlanan Sahib Musayev Akif Çovdarova fantastik məbləğdə rüşvət ödəyərək azadlığını satın alıbmış.
Sözügedən olayla bağlı maraqlı məqamlardan biri isə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin də həmin mövzuyla bağlı MTN-də, Akif Çovdarovun qəbulunda olmasıdır. Etibar Pirverdiyevi Akif Çovdarovun qəbuluna gətirən səbəblər, eləcə də digər ilginc təfərrüatlarla bağlı araşdırmalarımız yekunlaşdıqdan sonar tanış ola biləcəksiniz.
Xatırladaq ki, Akif Çovdarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, reketlik, quldurluq əməlləri ilə yanaşı adam oğurluğu maddəsi üzrə də ittiham irəli sürülüb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17