Elman Rüstəmovun optimizmi alt-üst edildi
10:00 22-01-2016
CƏMİYYƏT
Baş bankirin dolların 2 manat olmayacağı barədə dedikləri inandırıcı görünmür
Rusiyanın "Sberbank" bankının korporativ-investisiya biznesi sayılan Sberbank CIB "MDB: Borc bazarları" adlı sərmayə hesabatı dərc edib.
Hesabatda deyildiyinə görə, manatın enişinin hansı səviyyədə dayanacağı ilə bağlı sual açıqdır və bu, ancaq manata deyil, Rusiya rubluna, Qazaxıstan təngəsinə və Körfəz ölkələri əməkdaşlıq şurasına daxil olan, valyutaları sabit məzənnə ilə müəyyən edilən bütün ölkələrə aiddir.
Hesabatda daha sonra deyilir: "Vəziyyətin belə olmasının səbəbi odur ki, bazar neftin qiymətinin nə qədər enəcəyini proqnozlaşdırmaqda acizdir. Dünən (yanvarın 19-u) elan edilmiş tədbirlərə baxmayaraq, Brent markalı neftin qiyməti 1 barrelə görə 25 dollara düşərsə, USD/AZN məzənnəsi indiki 1,60 səviyyəsindən daha yüksək səviyyəyə qədər yüksələ bilər və ola bilsin ki, 2 manata yaxınlaşsın".
Hesabatda vurğulanır ki, Azərbaycan hakimiyyəti kapitalın ölkə xaricinə çıxarılmasını məhdudlaşdıran tədbirlərin tətbiqinə başlayıb.
Qeyd edək ki, "Sberbank"ın hesabatı Mərkəzi Bankın başçısı Elman Rüstəmovun dolların məzənnəsinin 2 manata qədər qalxması barədə yayılan şayiələri əsassız adlandırdığı bəyanatı ilə ziddiyyət təşkil edir. Belə ki, təxminən bir həftə əvvəl ölkənin baş bankiri demişdi: «Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 - 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir".
Amma dünyadakı iqtisadi proseslərin hazırki gedişi və Azərbaycan iqtisadiyyatının hazırki real durumu Elman Rüstəmovun optimizmini bölüşməyə imkan vermir. Elə «Sberbank»ın yuxarıda haqqında danışılan sərmayə hesabatı da Mərkəzi Bank rəhbərinin məlum açıqlamasındakı fikirlərin həqiqiliyinə inamı azaldır.
Xatırladaq ki, iki gün öncə tanınmış müstəqil iqtisadçı Natiq Cəfərli də bildirmişdi ki, neft dövlət büdcəsində 30 dollardan hesablansa, dolların məzənnəsi 2,25 manata qalxacaq. Sitat: "Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dünən dedi ki, dollar 2 manat olmayacaq. Bir də qeyd edib ki, büdcədə dəyişiklik ediləcək, neftin baza qiyməti 30 dollar götürələcək. Elman müəllim 2 dəfə xalqı aldadıb, atalar isə üçdən deyib. Amma bu dəfə aldatmır, düz deyir. Dollar 2 manat olmayacaq, əgər neftin büdcədə baza qiyməti 30 dollar götürülsə, dollar 2,25 manat olacaq. Neft Fondunun təsdiq edilmiş büdcəsi və 2016-cı ilin büdcə parametrləri bunu deməyə əsas verir".
Qeyd edək ki, hələ ötən ilin fevralında baş bankir manatı hər hansı kəskin devalvasiyanın gözləmədiyi barədə qətiyyətlə danışmış, bunun üzərindən cəmi dörd gün keçdikdən sonra Azərbaycanın milli valyutası birdən-birə 35 faiz ucuzlaşmışdı. Bu isə yüzminlərlə vətəndaşın çətin duruma düşməsinə, ittihamların əsas hədəfinin isə məhz E.Rüstəmov olmasına gətirib çıxarmışdı. Çünki əksəriyyət məhz baş bankirin həmin «qətiyyətli» açıqlamasına etibar etmiş, nəticədə əlindəki milli valyutanı dollara çevirməyə tələsməyən əhali pis vəziyyətdə qalmışdı.
Belə görünür, Elman Rüstəmov ikinci dəfə vətəndaşların başının altına yastıq qoyur. Əgər onun haqqında danışılan açıqlaması da yalan çıxarsa, bu dəfə baş bankirə qarşı ümumvətəndaş qəzəbinin tonunu və miqyasını təsəvvür etmək çətin deyil.
Sonda onu da deyək ki, srağagün bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da Mərkəzi Bankın ünvanına sərt ittihamlarla çıxış edib. O, bildirib ki, ölkədə dollarlaşma prosesini dəstəkləyən və manatın mövqelərini sarsıdan əsas qüvvə elə Mərkəzi Bankdır: «Halbuki, manatı qorumaq onun başlıca vəzifəsidir. Bunu da etmirsə, kimə lazımdır belə Mərkəzi Bank?! O da məlumdur ki, devalvasiyanın ilk dalğasından sonra bəzi banklar bəyan etdilər ki, onlar manatla kredit verməyə davam edirlər. Özlərini yaxşı reklam etdilər: "Baxın, heç kəs manatla kredit vermir, amma mən verirəm!" Düzdür, sözügedən manat kreditləri üzrə faiz dərəcələri o qədər yüksək (28-35%) idi ki, əhalinin və sahibkarların bir qismi dollar kreditlərini almaqda davam etdi. Mərkəzi Bank buna da göz yumdu. Halbuki, Prezidentin 22 dekabr 2014-cü il tarixli Fərmanında ona tapşırılmışdı ki, "kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görsün". Xatırladıram ki, Mərkəzi Bankın uçot dərəcəsi 3%-dir! Yəni prezident Mərkəzi Banka deyir ki, faiz dərəcələrinin aşağı salınmasını təmin et, banklar bunun tam əksini edir, Mərkəzi Bank da heç bir tədbir görmür. Kimə lazımdır belə Mərkəzi Bank?!»
Fikrimizcə, ekspertin bu sualı indi ölkə vətəndaşlarının böyük əksəriyyətini düşündürür.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42