Vüqar Gülməmmədovdan absurd addım
10:02 22-01-2016
İQTİSADİYYAT
Hesablama Palatası ölkə başçısının «dövlətə xəyanət» hesab etdiyi korrupsiya faktlarını açıqlamadı
Dünən Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Palatanın saytında yerləşdirilən məlumata görə, iclasda 2015-ci il iş planına uyğun olaraq "Azərpoçt" MMC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin və dövlət əmlakından istifadənin vəziyyəti, habelə "Azərkosmos" ASC tərəfindən büdcə vəsaitlərinin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin necə sərf edilməsinə dair hesabat müzakirə edilib.
Lakin Palata dövlət strukturlarında və büdcədən maliyyələşən təşkilatlarda bundan əvvəl apardığı auditlərdən fərqli olaraq bu dəfə "Azərkosmos" ASC-də və "Azərpoçt" MMC-də aparılmış yoxlamaların nəticələrinə dair heç bir məlumat verməyib. Palatanın press-relizində eləcə qeyd olunur ki, hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.
Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. Lakin hansı "adiyyəti dövlət qurumları"ından söhbət getdiyi göstərilməyib.
Hesablama Palatasının bu qeyri-şəffaflığı, büdcə vəsaitlərinin xərclənməsinə dair aparılmış auditin nəticələrini açıqlamaması bəlkə də başqa vaxt təəccüb doğurmazdı. Lakin bu dəfə söhbət qalmaqallı sahədən-rabitə və yüksək texnologiyalar sahəsindən gedir. Hansı ki, həmin sahənin naziri qalmaqallı şəkildə işdən çıxarılıb, nazirliyin bir çox yüksək vəzifəli şəxsləri, o cümlədən "Azərpoçt" MMC-nin direktoru həbs olunub.
Bütün bunlar Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra başlayan proseslərin bir hissəsi idi. Doğrudur, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin cəzalandırılmasının rəsmi əsası kimi bu strukturda yol verilmiş ciddi korrupsiya halları göstərilir. Ancaq müstəqil mənbələr hesab edir ki, əslində bu tədbirlər həm də MTN-in ətrafında baş verənlərlə bağlıdır.
Hər halda informasiya-telekommunikasiya sektorunda baş vermiş korrupsiya halları prezident İlham Əliyevi hiddətləndirmişdi. Yanvarın 10-da Nazirlər Kabinetinin iclasında çıxışı zamanı prezident bu məsələyə toxunub və deyib ki, informasiya-kommunikasiya sektorunun inkişafı üçün böyük potensial var. Ancaq dövlət indiyədək bu sahəyə ayırdığı vəsaitlərin, cəlb etdiyi kreditlərin xeyrini görə bilmir. Səbəb isə dəhşətli korrupsiyadır.
"Bu sektorda tam şəffaflıq təmin edilməlidir və dövlət bu sektorun inkişafından xeyir görməlidir. Çünki bu günə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar. Bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə, əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq" - prezident bildirib.
Prezidentin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturlarında (o cümlədən "Azərkosmos"da) hansı orqanın apardığı yoxlamaların nəticələrinə istinad etdiyi məlum deyil. Lakin mümkündür ki, söhbət həm də Hesablama Palatasının apardığı yoxlamaların nəticələrindən gedir. Eyni zamanda hüquq-mühafizə orqanlarının, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin prezidenti bu cür hiddətləndirən faktlar üzə çıxardığı şübhə doğurmur.
Ümumilikdə isə Vüqar Gülməmmədovun rəhbərlik etdiyi Hesablama Palatasının ölkə başçısı tərəfindən «cinayət, vicdansızlıq, dövlətə xəyanət» kimi xarakterizə olunan korrupsiya faktları ilə bağlı susqunluq nümayiş etdirməsini, həmin halları açıqlamamasını anlamaq qeyri-mümkündür. Qurumun buna hansı məntiqi izah verəcəyini bilmək isə yəqin ki, hamımız üçün maraqlı olardı.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17