Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində görüşlər keçirir
11:27 22-01-2016
CƏMİYYƏT
Ölkə başçısı dünya liderləri və nüfuzlu şirkət rəhbərləri ilə fikir mübadiləsi aparıb
Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə gedib. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulandı. Baş nazir Əhməd Davudoğlu dövlətimizin başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamının Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş etdi. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edilib, bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin "Cənub qaz dəhlizi" layihəsinin uğurla reallaşdırıldığı qeyd olunub, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirilib.
İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə qeyd olunub ki, "LUKOIL" şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. "LUKOIL" şirkəti uğurla icra edilən "Şahdəniz" layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "LUKOIL" arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir. Söhbət zamanı Azərbaycan ilə "LUKOIL" şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.Görüşdə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.
İlham Əliyev yanvarın 20-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb. Görüşdə Azərbaycan ilə İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Məhəmməd Nəhavəndian İran Prezidenti Həsən Ruhaninin salamını və xoş arzularını İlham Əliyevə çatdırıb. Azərbaycan prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb. Bildirib ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparılıb. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb. Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirib ki, Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.
Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib. Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev İran dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Həsən Ruhaniyə çatdırılmasını xahiş edib.
Azərbaycan prezidenti İlham Əliyev "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb. Görüşdə "Procter and Gamble Europe" şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev Davosda "Microsoft Corporation" şirkətinin vitse-prezidenti Syuzan Hauserlə görüşüb. Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub, "Microsoft Corporation" şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulanıb. Söhbət zamanı həmçinin Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edilib, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirilib. Eyni zamanda Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib. Görüşdə Azərbaycanla "Microsoft Corporation" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
İlham Əliyev Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42