İlham
Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Yeni enerji tarazlığı" mövzusunda sessiyada iştirak edən Azərbaycan prezidenti İlham Əliyevə moderator Azərbaycandakı etiraz aksiyaları barədə sual verib.

"Sizin valyutanız 70 faiz devalvasiyaya məruz qaldı. Bu, çox ağrılı bir proses oldu və hətta Azərbaycanda bir sıra etirazlar yaratdı. Buna səbəb neftin qiymətlərinin kəskin düşməsi idi" sualına prezident aşağadakı kimi cavab verib: "Bunun, əlbəttə, bir çox səbəbi var. Birincisi, neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi.

Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq".