"Qiymətlər tədricən sabitləşəcək" - Sabiq nazir
12:02 23-01-2016
CƏMİYYƏT
"İstehsal olunan məhsulun qiymətini bazar tənzimləyir. Bu isə qiymət tənzimlənməsinin ən doğru yoludur".
Bunu sabiq maliyyə naziri Fikrət Yusifov deyib. Onun sözlərinə görə, qiymətlərin inzibati yollarla tənzimlənməsi isə təbii inhisarçılara aid oluna bilər: "Məsələn, neft məhsullarının, elektrik enerjisinin və başqa məhsulların qiyməti bu gün xüsusi qaydalarla tənzimlənir. Ancaq ərzaq məhsullarının və başqa istehlak mallarının qiymətini yalnız bazarın tənzimləməsi gərəkdir. Bu gün manatın məzənnəsində baş vermiş son dəyişiklik fonunda süni qiymət artımı diqqət çəkir. Belə olan halda qiymətlərə dövlət tərəfindən nəzarət edilməsinin nə qədər düzgün olub-olmaması ciddi müzakirə olunur. Əslində burada heç kim təbii qiymət artımının qarşısına çıxmaq fikrində deyil. Söhbət yaranmış vəziyyətdən kimlərinsə sui istifadə etməsinin qarşısını almaqdan gedir. Onsuz da bu gün yaranmış vəziyyətdən istifadə edilərək süni qaldırılmış qiymətləri bir müddətdən sonra bazar yenidən qaytarıb öz yerinə qoyacaq".
F.Yusifov hesab edir ki, qısa zaman kəsiyində yaranmış ajiotajdan istifadə edərək insanların cibinə girənlərə qarşı mübarizənin aparılması vacibdir: "Bəs real olaraq qiymətlərə hansı təbii yollarla təsir etmək mümkündür? Azərbaycanın bu yolu tam keçməsi üçün zamana ehtiyac var. Əslində bu yol artıq tutulub və ilkin nəticələr heç də pis deyil. Söhbət ölkədə qeyri-neft sektorunun inkişafından gedir. Ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən müasir, böyük olmayan çox müəssisələr artıq qurulub. Bu müəssisələrdə istehsal olunan məhsullar bir tərəfdən daxili bazarın təlabatını ödəyir, digər tərəfdən isə ixrac olunur. Hələ ki, daha çox daxili təlabatın ödənilməsi təmin olunur".
Sabiq nazir vurğulayıb ki, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması zərurəti və eyni zamanda daxili bazarda qiymətlərin normal həddə formalaşa bilməsi üçün hələ çox iş görülməlidir: "Bu gün bizim qeyri-neft sektorundan ixracımızın həcmi 2 milyard dolları ötmür. Ancaq iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək üçün yaxın bir neçə il ərzində bu rəqəmin bir neçə dəfə artsı gərəkdir. Neftdən gələn valyuta gəlirlərinin kəskin azalmasının verdiyi fəsadlar bu vəziyyətdən çıxmaq və onun bir daha təkrar olunmaması üçün koordinal addımlar atmağı zəruri edir".
"Bunun üçün hansı addımları atmaq lazımdır" sualını isə F.Yusifov belə cavablandırıb: "Bunun üçün ilk növbədə bütün ölkə üzrə xüsusi bir inventarlaşma aparmaq yolu ilə Azərbaycanda hansı məhsulların istehsalının real ola bilməsi müəyyən edilməlidir. Bundan sonra həmin istehsal sahələrinin kiçik və orta müəssisələr şəkilində ölkənin bütün regionları üzrə necə qurula bilməsi prinsipləri müəyyən olunmalıdır. Bu eyni zamanda yerlərdə işsizliyin aradan qaldırılması yolunda ciddi bir addım olacaqdır. Burada söhbət bir-iki il ərzində minlərlə müəssisələrin qurulmasından gedir. Bax bunun üçün də dövlət əmlakının bir qisminin özəlləşdirilməsi, xarici və daxili borclanmaya gedilməsi, Neft Fondunun vəsaitlərinin bir qisminin cəlb edilməsi hesabına 10 milyard manata qədər və bəlkə də ondan daha artıq investitsiyanın qoyulması zəruridir".
F.Yusifov onu da əlavə edib ki, layihələrin seçilməsi, onlara vəsait ayrılması və ayrılan vəsaitlərdən istifadənin vəziyyətinə nəzarət tam şəffaf həyata keçirilməlidir: "Bu işin daha səmərəli təşkili və idarə edilməsi məqsədilə xaricdən peşəkar mütəxəsislər də cəlb etmək olar. Belə bir addım bir neçə ildən sonra həm qeyri-neft sektorundan gözlənilən nəticələrin əldə olunmasına və daxili bazarda qiymətlərin sabitləşməsinə gətirib çıxara bilər. Bu gün ölkənin aqrar sektorunda həm bitkiçilik və həm də heyvandarlıq sahəsində iri, müasir texnologiyalar əsasında qurulan müəssisələr və başqa sahələri əhatə edən yeni müəssisələr də qısa zaman kəsiyində daxili bazarda ərzaq bə digər istehlak mallarının qiymətlərinin tədricən sabitləşməsinə gətirib çıxaracaqdır".
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42