Qanunvericiliyə uyğun olaraq ölkədə yolların çəkilməsi və təmiri işləri ilə bir neçə qurum məşğul olur. Lakin bəzən, xüsusən də şəhərdaxili və ya bölgələrdə kəndlərarası yolların çəkilməsi və ya təmiri zamanı müəyyən bürokratik əngəllər yaranır. 

Unikal.org bildirir ki, Milli.Az-a müraciət edən bir neçə oxucu bu cür problemlərdən qutrulmaq üçün yol çəkilişi və təmiri məsələlərinin yalnız bir quruma verilməsini təklif ediblər. Onların fikrincə, bu iş elə yalnız "Azəravtoyol" ASC-yə həvalə olunsa daha səmərəli olar.



Bəziləri isə bu fikrin əleyhinə çıxaraq bütün bunların yalnız bir əldə cəmləşməsini düzgün hesab etmədiklərini bildirirlər.

Məsələ ilə əlaqədar "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli Milli.Az-a bildirib ki, onsuz da, son vaxtlar deyilən məsələlərlə faktiki olaraq yalnız onların qurumu məşğuldur:



"Cənab prezidentin yolların təmiri və inşası ilə bağlı verdiyi son sərəncamlarla vəsaitlər yalnız "Azəravtoyol"a ayrılır və onların həyata keçirilməsi də yalnız bizim cəmiyyət tərəfindən təmin olunur. Əvvəllər bu vəsaitlər həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də rayon icra hakimiyyətlərinə ayrılırdı, onlar da bu işləri həyata keçirirdi. Amma bu ildən etibarən bu işlər yalnız bir quruma həvalə olunur və cavabdehliyi də yalnız o daşıyır. Yəni artıq istər şəhərdaxili, istər rayonlararası, istərsə də kəndlərarası yolların çəklişi və təmiri işlərini yalnız "Azəravtoyol" görür. Artıq cari təmir işlərini də icra hakimiyyətlərinin sifarişi ilə "Azəravtoyol" yerinə yetirə bilər. Yəni icraçı yalnız bir qurumdur. Artıq bir neçə rayonda kəndlərarası yolların təmiri "Azəravtoyol" icra edilib".