SOCAR daxilində kompromat müharibəsi
10:48 26-01-2016
CƏMİYYƏT
Rövnəq Abdullayevdən ilk vurucu həmlə gəldi
Bu gün ölkə mətbuatının əsas gündəm xəbərlərindən biri dövlət məmurunun arvadının Türkiyədə 16 villa alması haqda gedən məlumatdır.
Məlumatda SOCAR-ın yüksək vəzifəli işçisinin arvadının Türkiyədən nə az, nə çox düz 20 milyon dollara 16 villa aldığı iddia olunur.
SOCAR-ın yüksək vəzifəli işçisi Qiymət Mehdiyevin həyat yoldaşı olan Könül Mehdiyevanın adına qeydli olan sənədlərin surəti də mediada dərc olunub. Bu dərəcədə şəxsi xarakter daşıyan sənədlərin üzə çıxmasına nail olmaq üçün istənilən mənbə həmin məmuru yaxından tanımalı, onun nəyi, harada, neçəyə aldığı və digər işləri haqqında tam məlumatlı olmalıdır.
Ölke.az-a görə, ortada iki versiya var. Birinci versiya: bu sənədlər Mehdiyevlərin ən yaxın adamları, yəni onun evinə gedib-gələn və onların etibar etdikləri şəxslər tərəfindən əldə oluna bilər. Ailənin Azərbaycandakı və xaricdəki biznesindən isə yalnız öz yaxın qohumları və dostları xəbərdar ola bilərdi. Sənədlərin surətlərinin və Mehdiyevlərin Türkiyədə əldə etdikləri daşınmaz əmlak haqdakı məlumatı tam təfsilatı ilə yalnız ailəyə yaxın olan şəxslər mətbuata sızdıra bilərdilər.
İkinci versiya: SOCAR-ın daxilindəki çəkişmələr və şirkət rəhbərliyində yaranmış qruplaşmalar haqqında zaman-zaman etibarlı mənbələrdən mətbuata bəzi məlumatlar sızmışdı. Bu məlumatlarda neft bumundan sonra gəlirləri artan, ölkə xaricində onlarla müəssisə alaraq strukturunu böyüdən, dünyanın ən böyük neft şirkətlərindən birinə çevrilməyə başlayan SOCAR-da hazırkı prezident Rövnəq Abdullayev və onun gətirdiyi komandaya qarşı köhnə işçilərdən ibarət çox güclü müxalifətin olduğu bildirilirdi. Qruplar arasındakı "qarşıdurma" bəzən o həddə çatmışdı ki, onlar şirkətin işgüzar nüfuzunu belə zərbə altında qoya biləcək addımlar atmışdı. Rövnəq Abdullayevin neytrallaşdırılmasına çalışan müxalif qruplaşma onun ölkə rəhbərliyi qarşısında gözdən salınması üçün bütün səhvlərini ictimaiyyətə çatdırmış, ona məxsus villaların fotolarını, onun şirkətin xaricdəki strukturlarındakı qohumlarının korrupsiya əməlləri haqqında məlumatları mətbuata sızdırmışdılar. Buna misal SOCAR-a məxsus Petkim şirkətində dəfələrlə rəhbərliyin əleyhinə təşkil edilmiş tətillər, etiraz aksiyaları göstərilə bilər. Burdan belə nəticə çıxarmaq olar ki, Mehdiyevlərin Türkiyədəki kapitalı haqda məlumatı, Türkiyənin hakimiyyət orqanları ilə sıx əlaqədə olan, nüfuzlu şəxslər əldə edə bilərdilər. SOCAR-ın Türkiyədəki sərmayəsinin həcmini, SOCAR rəhbərliyinin Türkiyənin hakimiyyət dairələri ilə sıx əlaqələrini nəzərə alsaq isə, bu versiyanın da doğruluğuna və daha ağlabatan olduğuna heç bir şübhə qalmır.
Bu gün SOCAR-ın yüksək vəzifəli məmuru Qiymət Mehdiyevin arvadının Türkiyədə aldığı villaların sənədlərinin mətbuatda yayılmasını isə Rövnəq Abdullayevin şirkət daxilindəki Qiymət Mehdiyevin də daxil olduğu əleyhdarları qruplaşmasına endirdiyi cavab zərbəsi kimi qiymətləndirmək olar.
Sonda onu da deyək ki, Q. Mehdiyev dünən anspress.com-a göndərdiyi yazılı açıqlamada məlum informasiyanı «yalan» adlandırıb və əlavə edib: «Bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.
Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir.
Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".
O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdı.
Xatırladaq ki, haqqın. az saytının yaydığı məlumata əsasən, Q. Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K. Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K. Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.
Yazıda eyni zamanda Q. Mehdiyevi şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.
SOCAR isə məsələ ilə bağlı araşdırma başlatdığını bildirib.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42