Əti bizim, sümüyü onların...
09:41 27-01-2016
CƏMİYYƏT
Və ya müəllim şillə-təpikləri
Yaxşı yadımdadır, birinci sinfə kövrək qədəmlərimi basanda həmin məktəbdə idman müəllimi işləyən atam başımı tumarlayıb, alnımdan öpüb, uzun-uzun uzaqlara baxıb, köks ötürdü. Sonra qabarlı əllərini çiynimə qoyub belə dedi: "Bu ölüm-dirim savaşıdır, oğul! Gedib də dönməmək, dönüb də şey eləməmək var. Bu gündən sənin qara günlərin başlayır. Müəllimlərin səni mütəmadi olaraq döyəcək, qol-qabırğanı qıracaq, lazım gəlsə, söyəcək, amma sənə elmin sirlərini öyrədəcəklər". Cəsarətlə gözlərinin içinə baxıb: "Mən bu davaya hazıram, atacan!" - dedim. Cəsarət məsələsinə tam əmin deyiləm. Üstündən 25 il keçib, bəlkə də tumanı islatmışdım qorxumdan, dəqiq bilmirəm.
Məktəbin dəhlizinə daxil olan kimi atam yuxarı sinif şagirdlərindən birini amansız bir fəndlə qaldırıb yerə çırpdı, axı o, müəllim idi. Dəhliz boyu irəlilədikcə, qürur duyurdum. Sentyabrın ilk günü məktəbimizin dəhlizi Şaolin məbədini xatırladırdı. İlk dərs günü sevincini yaşayan müəllimlər şagirdləri amansızcasına döyür, müxtəlif güləş, sambo, şotokan fəndləri ilə onları qaldırıb yerə çırpır, eyni zamanda elmin sirlərini elə dəhlizdəcə, döyə-döyə şagirdlərə öyrədirdilər. Atam məni ibtidai sinif müəlliminə təhvil verəndə eynən belə dedi: "Əti sənin, sümüyü mənim". Müəllim razılıqla başını yelləyib, boynumun arxasından yaxşıca bir qapaz ilişdirib mənə yerimi göstərdi. İlk dərsdəcə ortalıq qan gölünə döndü. Ağzı-burnu partlayan, qaşı yarılan, barmağı qırılan... Müəllim ağına-bozuna baxmadan bizi çırpır, eyni zamanda məktəbin faydalarından, təhsilin önəmindən, elmin dərinliklərindən danışırdı.
Biz hamımız xoşbəxt idik.
İlk dərs günü mənim həyatımda dərin iz buraxdı. Müəllimin "mae geri" və "mikazuki geri" adlandırdığı təpik zərbələri çənəmi sındırmışdı. Amma mən bunu evdə demədim, çünki atam sümük məsələsində çox həssas idi. O, şagirdlərin skeletinin zədələnməsinə hər zaman qarşı çıxır, heç vaxt şagirdlərinin sümüklərini qırmırdı. Sözün düzü, sinif müəllimimiz də ayaq zərbələri ilə məni nokdaun vəziyyətinə salanda sümüklərimi qırmaq niyyəti güdmürdü. Sadəcə, uşaq idim və kövrək sümüklərim elmin təpiyinə, yumruğuna kifayət qədər hazır deyildi. Döyülə-döyülə əlifbanı öyrəndim, birinci sinfi yüksək qiymətlərlə başa vurdum. Beşinci sinfə qədər əla qiymətlərlə oxuduğum üçün digər sinif yoldaşlarımla müqayisədə az döyülürdüm. Sinfimizdə elə uşaqlar vardı ki, üçüncü dərsdən sonra "Təcili yardım" maşını ilə xəstəxanaya aparılır, ilkin tibbi yardımdan sonra evə buraxılırdılar. Nənəm müəllim zərbəsindən qorunmağım üçün kəndin mollasına haradasa 30-35 dua yazdırmışdı. Buna baxmayaraq hər rübün sonunda "Qiymət cədvəli" təqdim olunanda sinif rəhbərimiz zarafata salıb məni qurşaqdan aşağı "Kin geri", "Tsumasaki" zərbələrinə qonaq edir, sonra boynumun arxasına yağlı bir şapalaq vurub, tərifləyirdi.
Yuxarı siniflərdə bədənimiz kifayət qədər bərkimişdi. Müəllimlərin qəfil suallarına cavab verə bilməsək də, qəfil zərbələrinə blok qoya bilirdik. Hərdən öz bilik və bacarıqlarımızı nümayiş etdirmək üçün həm suallara cavab verir, dərs danışır, həm də qocalıb əldən düşmüş müəllimlərimizi döyüb xurd-xəşil edirdik.
Yaxşı yadımdadır, müəllimlər bizi döyəndə "eşşək", "qoyun", "öküz", "tərbiyəsiz", "nadan" kimi açar sözlərdən istifadə edir, bizi çiçəklənən ölkəmizin nurlu gələcəyi üçün var gücləri ilə hazırlayırdılar.
Beləcə döyülə-döyülə orta məktəbi bitirib, həyata atıldım. Məktəbi qurtaranda polad iradəli Şaolin rahibləri kimi sərt, eyni zamanda həyatın və elmin sirlərinə bələd olan güclü bir gənc idim. Bu gün də müəllimlərimin şillə-təpiklərini, söyüşlərini unutmuram.
Ustadın bir sözü hələ də qulağımda cingildəyir: "Döyülməyən düyüdən aş olmaz!"
Cəlil Cavanşir
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15