Elman Babayev: "2014-cü illə müqayisədə 2015-ci ildə 77,6 faiz çox əlilliyi olan şəxsin, 53 faiz çox sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib"
Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olmalarına şərait yaradılmasıdır.
Ölkə başçısı İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısı nəticəsində qeyd olunan istiqamətlərdə tədbirlər ilbəil güclənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, hazırda respublikamızda aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, həmin müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb: "Eyni zamanda əmək pensiyaçılarının 28,8 %-ni əlilliyə görə əmək pensiyası alanlar təşkil edir və 2003-cü illə müqayisədə ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım qeydə alınıb. Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunan şəxslərin də 69 faizi müharibə əlilləri və onlara bərabər tutulanlardan, 20 Yanvar əlillərindən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillərdən ibarətdir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb".
E. Babayev deyir ki, Azərbaycanda müharibə əlilləri və onlara bərabər tutulanların dövlət hesabına minik avtomobilləri ilə təminatı istiqamətində mühüm addımlar atılır: "Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən hələ 2014-cü il ərzində həmin ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı başa çatdırılıb və ölkədə ilk dəfə olaraq, imtiyazlı şəxslərin elə növbəyə dayandıqları ildə avtomobillə təminatına başlanılıb. Yəni 2014-cü ildə növbəyə dayananlardan bir qisminə elə həmin il avtomobil təqdim olunub. Ötən il də bu proses davam etdirilib. Bu vaxta qədər ölkəmizdə dövlət tərəfindən 5750 nəfər yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobil verilib ki, onların 33,6 faizi, yəni 1933 nəfəri son iki ildə "Naz-LİFAN" markalı avtomobillə təmin ediliblər. Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı da diqqət mərkəzindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu istiqamətdə mühüm addımların atılmasına imkan yaradıb. Sərəncamın icrası olaraq, Nazirliyin sifarişi ilə ilkin mərhələdə respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb, onlardan inşası başa çatan evlər, həmçinin Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır yaşayış binalarından tender əsasında alınaraq təmir etdirilmiş mənzillər ardıcıl olaraq istifadəyə verilir. Bu işlərin davamı kimi ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib".
Həmsöhbətimizin sözlərinə görə, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Sərəncam imzalanması müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatına diqqət və qayğının növbəti təsdiqidir: "Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb. Respublikamızın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir. Əlillərin bərpa müalicəsi sahəsində də məqsədyönlü işlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin respublikanın müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. 2015-ci ilin sentyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulması yönündə görülən uğurlu işlərin nümunəsidir. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır. Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri də uğurla davam etdirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən 2014-cü ildə göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin 2014-cü illə müqayisədə 2015-ci ildə 77,6 faiz çox əlilliyi olan şəxsin, 53 faiz çox sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Onlar Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirilərək, həmin bölgənin zəngin təbii müalicəvi resurslarından istifadə şəraitində və peşəkar həkim-reabilitoloqların nəzarəti altında bərpa-müalicə kursu keçiblər".
E. Babayevin sözlərinə görə, ötən il əlamətdar günlərlə və ildönümlərlə, Bilik günü ilə əlaqədar, eləcə də sosial-məişət problemlərinin həllinə, ölkə daxilində və xaricdə müalicəsinə köməklik məqsədilə ümumilikdə 13,3 min nəfərədək əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq birdəfəlik maddi yardımlarla təmin olunub. Həmçinin 221 nəfər belə şəxsin əl işlərindən ibarət ümumrespublika yaradıcılıq sərgisi təşkil olunub. 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq əsasən reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib: "Əlilliyi olan insanlarla bağlı aparılan siyasətin əsas istiqamətlərindən biri də onların peşə reabilitasiyasının və əmək bazarına çıxışının dəstəklənməsidir. Dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə müasir tələblərə cavab verən maddi-texniki bazanın formalaşmasında mühüm rol oynayıb. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər peşə təlimi müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Hazırda Bakının Sabunçu rayonunda nazirliyin sifarişi ilə Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşa etdirilməsi də müvafiq şəxslərin peşə və ümumən sosial reabilitasiyasının daha dolğun şəkildə təmin olunmasına yönəlib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Son illərdə Fondun dəstəyi ilə gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsi üçün müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb. Fond həmçinin nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasını təmin edib. Əmək və məşğulluq sahəsində milli qanunvericilik aktlarında əlilliyi olan şəxslərlə bağlı bir sıra güzəşt və imtiyazlar əksini tapıb".
E. Babayev bildirib ki, əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin mütərəqqi dünya təcrübəsi, habelə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının prinsipləri əsasında təkmilləşdirilməsi yönündə də işlər aparılır. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi, həmçinin "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihəsi hazırlanaraq, geniş ictimai müzakirə şəraitində xeyli təkmilləşdirilib. Azərbaycan qeyd olunan Konvensiya ilə bağlı üzərinə düşən öhdəlikləri uğurla icra edir. Konvensiyanın icrası sahəsində ölkəmizdə görülən işlərə dair respublika hökumətinin hesabatı, həmçinin hazırlanan yeni qanunvericilik layihələri ötən ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında yüksək dəyərləndirilib.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16