Azərbaycanın


Xaricdə iş quran soydaşlarımız vətənə dəvət olunur, yeni iş yerləri açılacaq...

Mövcud iqtisadi böhrandan çıxmaq istiqamətində yeni-yeni layihələr üzərində iş gedir. "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, digər islahatlarla yanaşı xaricdə fəaliyyət göstərən iş adamlarının vətənə dəvət edilməsi planlaşdırılıb.

Xatırladaq ki, bir müddət öncə ölkə prezidenti İlham Əliyev də sözügedən məsələylə bağlı təkliflərini irəli sürmüşdü: "Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim ki, bizim firmalar dünya bazarlarına çıxsınlar, onları tanısınlar". Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı etdiyi bu çağırış əslində xarici ölkələrdə çalışan iş adamlarının Azərbaycana rəsmi dəvəti kimi qəbul edilməlidir. Yəni, xaricdəki soydaşlarımız bununla dərk etməlidirlər ki, artıq Azərbaycanda onların normal fəaliyyəti üçün heç bir problem yarana bilməz. Çünki bu dəvət Azərbaycanda sahibkarların sərbəst və şəffaf fəaliyyəti üçün bütün lazımi şərait yaratmış dövlət başçısı tərəfindən edilir.
Xatırladaq ki, prezident İlham Əliyev deyib ki, o, həmişə, hətta xarici səfərlərdə Azərbaycan sahibkarlarını təbliğ edir, istəyir sahibkarlar xaricdə fəaliyyət göstərsinlər: "Ancaq indiki şəraitdə sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatına, emal sənayesinə, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar".
Bu fikirlər bir daha təsdiqləyir ki, fəaliyyətində qaranlıq məqamlar olmayan, dövlət vergisini ödəyən sahibkarlar üçün ölkəmizin qapısı açıqdır. Etiraf edək ki, Azərbaycanda milli qanunvericiliyə uyğun sahibkarlıq fəaliyyəti quran iş adamlarının sayı kifayət qədərdir. Onlar dövlət qayğısı ilə əhatə olunduğundan heç bir çətinlik çəkmədən fəaliyyət qurublar. Məsələ orasındadır ki, hazırki şəraitdə xaricdə fəaliyyət göstərən soydaşlarımızın Azərbaycana sərmayə yatırması milli iqtisadiyyatın inkişafı ilə yanaşı, onların özləri üçün də sərfəlidir. Məlumdur ki, dünya maliyyə böhranı şəraitində Azərbaycan bəlkə də yeganə dövlətlərdəndir ki, iqtisadiyyatında inkişaf meyilləri müşahidə olunur. Bu isə sahibkarların ölkəmizdə uzunmüddətli iş qurmasına zəmanət verən amillərdəndir.
Sahibkarların iş quracağı sahələr isə yetərincədir. Xüsusən, qeyri-neft sektoruna sərmayənin yatırılması prespektivli hesab olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti bu sahənin inkişafını prioritet hesab edir. Prezident İlham Əliyev müşavirədəki çıxışında sahibkarlara neft-qaz resurslarını unutmağı tövsiyyə edib.
Ekspertlər hesab edirlər ki, xaricdə iş quran soydaşlarımız Azərbaycanın regionlarına sərbəst şəkildə investisiya yatıra bilərlər. Ancaq bunun üçün dövlət tərəfindən də müəyyən addımlar atılmalıdır. Regionlarda investisiya yatıran şirkətlərə ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Hətta onlar 5-7 il ümumiyyətlə vergidən azad oluna bilərlər ki, ölkəyə vəsait yatırmaqda maraqlı olsunlar. Bu gün dünyada baş verən proseslərin Azərbaycana təsiri danılmazdır. Hər gün məlumatlar daxil olur ki, ABŞ-da, Çində birjalar çökür. Dünyanın birinci və ikinci iqtisadiyyatı olan bu ölkələrdəki real vəziyyət bütün ölkələrə təsir edir. Neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hamı bilir ki, bu məsələdə siyasi faktor da var. Amma bununla bərabər bizim iqtisadiyyatımızın ciddi problemləri var. Hesab edirəm ki, bu problemlərin həlli məqsədilə lazımi qərarların qəbul edilməsində yubanırıq. Odur ki, sürətli qərarlar qəbul etməklə özəlləşdirmə prosesi həyata keçirilməlidir.
Mütəxəssislərin qənaətinə görə, ölkəyə investisiyaların cəlb edilməsi üçün digər məsələ biznes mühitinin üstünlük təşkil etməsidir. Ümumiyyətlə, razılaşdırılmış hüquqi və tənzimləyici baza biznesə sərmayəni müəyyənləşdirir. Tənzimləyici baza biznesə sərmayələrin yaradılması iqtisadi amillərdən daha zəruri olan biznes fəaliyyətinin necə asanlıqla həyata keçirilə bilməsini müəyyən edir. Biznes fəaliyyətinin aparılmasında normativ tələbləri yerinə yetirmək üçün tələb olunan vaxt və səylərin biznes qərarlarına daha çox təsiri olur. Belə ki, əlverişli biznes mühitinin yaradılması investisiyaların təşviqi üçün əhəmiyyət kəsb edən şərt ola bilər. Həmçinin qeyri-neft sənayesində investisiya üçün mükəmməl hüquqi bazanın yaradılması Azərbaycanda qeyri-neft ticari sektorunun inkişafında açar rolu oynaya bilər. Xatırladaq ki, Azərbaycan əlverişli biznes mühitinin yaradılması sahəsində geniş islahatlar həyata keçirib. Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanı dəfələrlə bir nömrəli islahatçı ölkə elan edib. Azərbaycan dünyada əsas islahatçı ölkələrdən biri kimi öz statusunu qoruyub saxlayıb. Bu səbəbdən də idarəetmə və hüquq sistemində aparılan struktur islahatları davam etdirməklə yanaşı, Azərbaycanda investisiyaların cəlb edilməsi və qeyri-neft ticari sektorunun təşviqi məqsədilə sənaye sahəsində xüsusi siyasətin qəbul edilməsi zəruridir. Bunun həyata keçirilməsinin ən sadə yolu azad iqtisadi və ya sənaye zonalarının yaradılmasıdır. Onu da qeyd edək ki, Azərbaycanın qəbul etdiyi "Azad iqtisadi zonalar haqqında" Qanun özündə "xüsusi hüquqi rejim"i ehtiva edir. Eyni zananda, sahibkarların qeyri-neft ticari sektora sərmayə yatırmaları üçün Azərbaycan faydalı, məqsədyönlü stimullaşdırıcı tədbirlər həyata keçirə bilər. Sonda onu da qeyd edək ki, Azərbaycanda kifayət qədər brend məhsullar var ki, dünya bazarına ölkəmizin adı ilə çıxarılır. Bunun üçün hansısa xarici ölkədə fəaliyyət göstərmək heç bir halda xüsusi şərt kimi qəbul edilə bilməz. Yəni iş adamı Azərbaycanda yerli xammaldan istifadə edərək dünya bazarına brend məhsulunu təklif edə bilər. Üstəlik öz dövlətindən də dəstək almış olar.
Orxan Həsənli