Ötən gün Rioda keçirilən Olimpiya Oyunlarında azərbaycanlı ağırlıqaldıran Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində qızıl medal qazandı. 2013-cü ildə Azərbaycan millisindən qovulan 23 yaşlı idmançı 214 kq təkanla ağırlıqqaldırmada dünya rekordunu yeniləyib və Olimpiya oyunlarının birincisi olub.

Bəs, Nicat Rəhimovu ölkədən kim didərgin saldı?

Nicat Rəhimov 2013-cü ildə Azərbaycan millisindən imtina edib. Səbəb isə həmin vaxt yığmamızın baş məşqçisi olan Zlatan Vanevlə aralarındakı problem olub. Ağır atletika üzrə millimizi çalışdırmış bolqar mütəxəssisin zamanında komandada olan intizamsızlığa görə Rəhimov baş məşqçiyə etiraz edir. Həmçinin bolqar mütəxəssisin təkidlərinə baxmayaraq o dopinqdən istifadə etmir. 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan, həmin il də Avropa çempionu olan atlet bu uğurlarının qarşısında belə baş məşqçi onunla zidd düşür və Nicatı yarışlara aparmır. Bütün bu problemlərin qarşısında Rəhimov 2014-cü ildə rəsmən Qazaxıstan vətəndaşlığını qəbul edir və bu ölkənin yığmasının tərkibində yarışlara qatılır.

Azərbaycan millisini tərk edən Nicat bununla bağlı mətbuata danışmaqdan da çəkinmir. Apasport.az saytına 2014-cü ildə verdiyi açıqlamasında o, baş verənləri belə izah edir: "Baş məşqçi hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə "səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım.

Gənclər və idman naziriAzad Rəhimovda Nicatın millidən getməsinə münasibət bildirmişdi. O qeyd etmişdi ki, bu Rəhimovun öz seçimidir: "O, bu seçimi özü edib. Biz ona nə deyə bilərik?

Ağır Atletika Federasiyasında tez-tez mediada idmançılara qarşı laqeydliklə bağlı məlumatlar yayımlanır. İdmançılar isə bütün günahı federasiyanın rəhbəri Cahangir Əsgərovda görürlər.

Nicat kimi istedadlı bir idmançının Azərbaycanı tərk etməsinə göz yuman hər kəs günahkardı. Sonradan ortaya çıxan qalmaqallar, dopinq problemləri, ağır atletikada olan titullarımızın geri alınması Rəhimovun haqlı olduğunu bir daha sübut edir.

Nicat Rəhimov Azərbaycandan getdikdən sonra 2015-ci ildə Qazaxıstan yığması ilə ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırmada dünya çempionu olur. Bundan sonra açıqlama verən idmançının atası və şəxsi məşqçisi Əli Rəhimov oğlunun yenidən Azərbaycana qayıtmasının mümkün olduğunu bildirir: "Nicat həmişə Azərbaycan bayrağını uca tutmaq istəyib. Onun yenidən Azərbaycana qayıdışı mümkündür. Amma bu sadəcə Rio-2016 Yay Olimpiya Oyunlarından sonra baş tuta bilər.

qafqazinfo.az