Özbəkistanda bir qrup süpürgəçi süpürgə və xəkəndazla etiraz aksiyasına toplaşıb.
Onlar əmək haqqlarını ala bilmədiklərinə görə etiraz edirlər.
Unikal.org Azadlıq Radiosuna istinadən xəbər verir ki, bir müddət əvvəl qədim Səmərqən şəhərində baş verən bu hadisələri nadir etiraz aksiyası kimi də təqdim etmək olardı, ancaq hazırki vəziyyət göstərir ki, bu yalnız aysberqin görünən hissəsidir.
Əllərində süpürgə, xəkandaz və başqa iş alətləri ilə etiraz edən əsasən qadınlardan ibarət kommunal xidmət işçiləri, yerli idarənin qarşısına toplaşaraq idarə rəhbərini görmək istədiklərini tələb ediblər.
Onlar may, iyun və iyul ayı üçün ala bilmədikləri maaşlarını tələb ediblər və maaşları üçün məsul olan şəxsləri görmək istədiklərini bildiriblər. Dərhal 20-ə yaxın polis hadisə yerinə gəlib. Onlar uzun bir süpürgəçi cərgəsi ilə qarşılaşıblar.
Polis Sosial Təminat idarəsi, Özbəkistan Mərkəzi bankı və yerli maliyyə idarəsi ilə əlaqə saxlayıb. Büdcədə pul yoxdur Təəccübləndirici haldır ki, polis aksiyaçıları saxlamayıb.
Sonra məlum olub ki, polis və xüsusi xidmət orqanları əməkdaşları da bir neçə il əvvəl eyni vəziyyətlə üzləşibmişlər. Onlar da bir neçə ay maaşlarını vaxtında ala bilməyiblər.
Hadisə yerinə gələn Səmərqənd Sosial təminat idarəsinin rəhbəri Mamurjon Muhsinov deyib ki, "edə biləcəyimiz bir şey yoxdur, büdcədə pul yoxdur, mərkəzi hökümət də pul göndərmir." "Sən və sənin məmurların bütün pulları xərcləyib qurtarmısınız" deyə bir etirazçı qadın cavab verib.
Rəsmilərin maaşların veriləcəyi ilə bağlı verdikləri sözdən sonra aksiyaçılar dağılışıb. Azadlıq Radiosunun Özbəkistan xidmətinin öyrəndiyinə görə, ayın 8-də onlara may və iyun aylarının maaşları ödənib. Səmərqənd Sosial təminat idarəsindən Azadlıq radiosuna bildiriblər ki, ayın 12-də onların iyul ayı maaşları da ödənəcək.
Rəsmilərin dediyinə görə Səmərqənd Sosial təminat idarəsinin rəhbəri Mamurjon Muhsinov hadisə günü işdən çıxarılıb. Daha sonra da idarənin mühasibi də prokurorluq tərəfindən sorğulanıb.
Gecikmiş məvaciblər
Maaş geçikmələri Özbəkistanda ciddi problemə çevrilib. Məlum olur ki, süpürgəçilərdən əlavə bank və enerji sektorunun işçiləri, dövlət rəsmiləri və güc sturukturları işçiləri də gecikmiş maaş qurbanları olublar.
Etirazlara əl atanların az olduğuna baxmayaraq, ümumilikdə əhalinin səbr kasasının daşmaqda olması hiss olunur.
Azadlıq Radiosu xəbər verir ki, 2015-ci ildə Qazalkənddə, bir neçə həftə əvvəl isə Fərqanə şəhərində əhali evlərə verilən qazın kəsilməsinə görə etiraz aksiyasına çıxıb şəhərin əsas yolunu bağlamışdılar.
Özbək mediası etiraz aksiyasını işıqlandırmır, hökümət istəmir ki, insanlar görsünlər ki etiraz edərək nəyəsə nail olmaq olar.
Özbəklər deyir ki, hökümət və prezident İslam Kərimov ölkəni dəmir yumruqla idarə edir, ancaq dəmir yumruğun da idarə edə biləcəyi sərhədləri var. İnsanları repressiya etmək, onların təməl haqqlarını rədd etmək indi mümkünsüzdür. Ümidsizlik və aclıq qorxudan daha güclüdür. Süpürgəçilərin etirazı da bunu göstərir.