SOCAR Qiymət Mehdiyev haqda bəyanat yaydı
14:15 29-01-2016
CƏMİYYƏT
SOCAR şirkətin Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevlə bağlı qalmaqal haqda bəyanat yayıb.
Qurumun yaydığı bəyanatda kütləvi-informasiya vasitələrində SOCAR-ın Baş ofisinin Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı K.Mehdiyevanın Türkiyə Respublikasının Bodrum şəhərinin Gökçebel məhəlləsində dəyəri 20 milyon ABŞ dolları təşkil edən 16 ədəd villanın mülkiyyətçisi kimi təqdim edilməsi barədə yayılan məlumatlar SOCAR-ın Risklərin İdarəedilməsi Komitəsi (Komitə) tərəfindən araşdırıldığı bildirilir. Qeyd olunur ki, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması" üzrə standartlarının tələblərinə uyğun qaydada müvafiq qərar qəbul edilib:
"Komitənin qərarına əsasən, SOCAR-ın Biznes Etika Məcəlləsinin şirkətin əməkdaşları üçün müəyyən etdiyi hər hansı normasının pozulması halları aşkar edilməmişdir. Komitə KİV-də yayılmış bu cür məlumatların SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını, bu məsələ ilə əlaqədar bəzi KİV-in hüquq qaydalarını və jurnalistika prinsiplərini gözləmədən, yoxlanılmadan mütəmadi olaraq əsassız məlumatlar yayımlamasını qeyd etmiş və bu halları SOCAR-ın fəaliyyəti ilə bağlamaq cəhdlərini şirkətin işgüzar nüfuzuna, yerli və beynəlxalq layihələrin reallaşdırılmasına mənfi təsir göstərə biləcək risk kimi qiymətləndirmişdir. Komitə eyni zamanda belə hallarda SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılmasının zəruriliyini qeyd edib.
Risklərin İdarəedilməsi Komitəsinin qərarını nəzərə alaraq SOCAR, bəzi KİV-də öz işgüzar nüfuzuna qarşı yönəlmiş bu məlumatların müəlliflərini, eləcə də KİV-ləri bu sahədə mövcud qanunvericiliyin tələblərini və jurnalistika etikasını pozmamağa, əsassız və yoxlanılmamış məlumatları yaymamağa, xüsusilə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş anlayışları səhv tövsif etməklə ictimaiyyətdə yanlış təsəvvürün yaradılmasına gətirib çıxaran hərəkətlərə yol verməməyə çağırır.
Belə ki, Qiymət Mehdiyevin "dövlət məmuru" anlayışının altına salınması, onun dövlət orqanında çalışması haqqında yanlış təsəvvür yaradılması, aldığı əmlakın dəyərinin bilərəkdən 300 dəfə artırılaraq ictimaiyyətə çatdırılması, əldə etdiyi gəlirlərin isə qeyri-sağlam təhlili bu şəxsin özünü və ailəsini qanuni mənafeləri nəzərə alınmadan ictimaiyyətin gözündən salmağa yönəldilmiş cəhdlərdir.
SOCAR beynəlxalq neft şirkəti olmaqla Azərbaycanın maraqlarını ölkə hüdudlarından kənarda təmsil edir, bunun üçün partnyor şirkətlərlə zəruri əməkdaşlıqlar qurur. Yuxarıda qeyd edilən yanlış məlumatın eyni zamanda SOCAR ilə əlaqələndirilərək ictimaiyyətə təqdim edilməsi təəssüf doğuran haldır və bu hal SOCAR-ın işgüzar nüfuzuna xələl gətirir. Belə hallar SOCAR-ı işgüzar nüfuzunun müdafiəsi üçün əsassız, yoxlanılmamış və böhtan xarakterli məlumatlar yayan xarici və yerli KİV-ə qarşı zəruri hüquqi tədbirlər görmək hüququndan istifadə etməyə məcbur edir. SOCAR bu kimi halların ictimaiyyət arasında bilərəkdən çaşqınlıq yaratmaq məqsədi daşıdığını, onun işgüzar nüfuzuna məqsədli şəkildə zərər vurmaq niyyəti ilə edildiyini bildirir və bəyan edir ki, belə məsələlərdə ictimaiyyətdə ədalətli mövqe formalaşdırılması üçün istənilən mətbuat orqanı ilə əməkdaşlığa hazırdır".
Digər Xəbərlər
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17
2024-11-01 19:35:09
2024-11-01 19:12:41
2024-11-01 18:43:13
2024-11-01 18:29:32
2024-11-01 18:17:19
2024-11-01 18:08:23
2024-11-01 17:54:00