İlham Əliyev: "Vəzifədən gedəndən sonra bəziləri qaçıb gizləndilər"
17:06 29-01-2016
CƏMİYYƏT
Bu gün Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.
Bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev 1996-cı ilə ekskurs edib. Azərbaycanın müstəqillik tarixindən danışan dövlət başçısı ilk illərin ölkəmiz və xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini deyib. Prezident İlham Əliyev bildirib ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi.
"Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır", - deyən dövlət başçısı bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən Prezident İlham Əliyev deyib ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqların bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən Prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirib.
"Heydər Əliyevin xidmətləri sayəsində "Əsrin müqaviləsi"nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı", - deyən Prezident İlham Əliyev bildirib ki, indi əsas məqsəd ölkədəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.
"Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır", - deyən Prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə edib, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirlmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.
Prezident İlham Əliyev bir daha Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın danışıqlar prosesində vaxt uzatdığını, Minsk qrupunun isə məsələnin həllinə yox, dondurulmasına çalışdığını bildirib.
Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə edib, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib.
Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olunub.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının hər zaman dövlətimizin başçısının diqqət və qayğısını hiss etdiyini deyib, buna görə Prezident İlham Əliyevə təşəkkür edib.
"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı hazırda ölkədə 3 mindən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini deyib, könüllülərin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların fəaliyyətinin birinci Avropa Oyunlarında, "ASAN xidmət"in fəaliyyətində daha aydın hiss olunduğunu bildirib. O, Gənclər Evi, peşə ixtisası təhsili, xaricdə təhsil proqramının perspektivləri ilə bağlı təkliflərlə çıxış edib.
Prezident İlham Əliyev könüllülər hərəkatının ölkəmizdə böyük gələcəyinin olduğunu, peşə təhsilinin geniş vüsət almasının əhəmiyyətini vurğulayıb, dünyanın aparıcı ali məktəblərinin Azərbaycanda öz filiallarını açdığını diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını deyib, bu prosesin davam etdiriləcəyini vurğulayıb.
"Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası" İctimai Birliyinin sədri Məryəm Məcidova qeyri-formal təhsilin inkişafı və intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Prezident İlham Əliyev ölkəmizdə bir çox intellektual beynəlxalq oyunların keçirilməsi ideyasını dəstəklədiyini bildirib.
"BMT-nin modeli" layihəsinin əlaqələndiricisi Elmira Məmmədova Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxunub.
Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.
Gənc sahibkar, Davos İqtisadi Forumunun "Qlobal şefrs" təşkilatının üzvü Müşfiq Həsənov gənc sahibkarlara daha geniş imkanların yaradılması məsələsindən danışıb.
Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
Prezident İlham Əliyev gələcəkdə də Fondun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirib.
Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov gənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldırıb.
Prezident İlham Əliyev də bu məsələnin əhəmiyyətini vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59