Xəzəri hasarlayanlara qara xəbər
10:57 30-01-2016
CƏMİYYƏT
Necə tikiblərsə, elə də sökməli olacaqlar
Yaxın gələcəkdə Xəzərin mənzərəsini pozanlar cəzalandırılacaq. Dənizin sahilboyu ərazilərini hasara alanlar, qanunsuz tikililər inşa edənlər elə özləri əziyyət çəkib onları sökməli olacaq. Bu barədə məlumat verən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadənin sözlərinə görə, "Torpaq məcəlləsi"nə edilən dəyişikliklərdən sonra Xəzər dənizinin görüntüsü məhdudlaşdırıla bilməz.
Hətta dövlət təyinatı ilə sahilboyu ərazilərdə hasar çəkilərsə belə, müəyyən məsafədən sonra giriş-çıxış üçün yerlər saxlanılacaq: "İndi paytaxtın bəzi ərazilərində, məsələn Qaradağ rayonunda dənizi kilometlərcə məsafə boyu görmək mümkün deyil. Bu, düzgün deyil. Xəzər ümumi sərvətimizdir. Artıq yeni qanun layihəsinin təsdiqindən sonra sahilboyu əraziləri hasara alanlar bunu öz hesablarına sökməli olacaq. Yalnız hansısa hallarda dövlət xəttilə sahilboyunda hasarlanma olarsa belə, hər 100 metrdən bir eni 6 metr olmaqla dənizə giriş yolu qoyulmalıdır. 6 metr ona görə qoyulur ki, həm insanlar, həm də maşınların ora daxil olub çıxmasına imkan yaransın" deyə millət vəkili vurğuladı.
Yeni qanun layihəsinə əsasən, Xəzərin sahilboyu ərazisində 20-50 metr məsafədə olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilməyəcək. Yəni bu torpaq sahələrini kiməsə satmaq, bağışlamaq qeyri-qanuni sayılır. Yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu torpaqlar istifadəyə və ya icarəyə verilə bilər. Qeyri-qanuni olaraq həmin əraziləri zəbt edən və ya satan şəxslərsə inzibati məsuliyyətə cəlb olunacaq.
Çingiz Qənizadə bildirdi ki, Milli Məclisdə 2015-ci ilin dekabrında qəbul edilən "Torpaq Məcəlləsi haqqında" yeni qanun layihəsi ölkə başçısının təsdiqləməsindən sonra qüvvəyə minəcək.
Bundan əvvəlsə prezident İlham Əliyev 2015-ci il dekabrın 18-də "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" fərman imzalamışdı. Həmin fərmanda dəniz sahilində qanun pozuntularına yol verənlər üçün yeni cərimələr müəyyənləşdirilmişdi.
Belə ki, həmin dəyişikliklərə əsasən, Xəzər dənizinin sahilboyu 20-50 metr zolağındakı torpaq sahələri ilə bağlı tələbləri pozanlar, həmin torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alan fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslərsə 40 min manat miqdarında cərimə edilir.
Eyni xətalar təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.
Əvvəlki İnzibati Xətalar Məcəlləsində isə bu cərimələr müvafiq olaraq fiziki şəxslər üçün 15 manatdan 25 manatadək, vəzifəli şəxslər üçün 30 manatdan 50 manatadək, hüquqi şəxslər üçün 100 manatdan 150 manatadək miqdarda tətbiq edilirdi.
Xəzər dənizinin sahilinin hasarlanması məsələsi uzun illərdir ölkədə müzakirə obyektidir. Hələ 2014-cü ildə millət vəkili Zeynəb Xanlarova Milli Məclisdə bu məsələni qaldırmış və dənizin müxtəlif şəxslər tərəfindən hasarlanmasından, sahilboyu ərazilərdə villalar. müxtəlif obyektlər tikilməsindən narahatlığını ifadə etmişdi.
Xəzər dənizinin sözügedən problemi ilə bağlı hətta 2003-cü ildə prezident Heydər Əliyevin də xüsusi sərəncamı olmuşdu. "Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında" həmin sərəncamla Xəzər sahilində şəxsi evlərin və obyektlərin tikintisi qadağan edilmişdi.
Həmin sənəddə deyilirdi ki, "Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə verilib. Dəniz kənarında bağ evləri, obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb".
Həmin sərəncamı ilə Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və rayonlarının icra başçılarına tapşırılmışdı ki, Xəzər dənizi sahilinin zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında huquqi və fiziki şəxslərin istifadəsindən geri alınması təmin edilməlidir.
Amma göründüyü kimi, artıq 2016-cı ildə yaşamağımıza baxmayaraq, Xəzər sahilini hasarlardan, müxtəlif əyləncə obyektlərindən, villalardan təmizləmək mümkün olmayıb. Amma il yeni başlayıb. Bəlkə elə Xəzərin və yayda dənizə həsrət qalan əhalinin mövcud probleminin həlli elə bu ilə təsadüf edəcək. Hər halda, ölkə başçısının adıçəkilən yeni qanun layihəsini imzalamasından sonra ümid edirik bəzi dövlət qurumları hərəkətə keçərək qanunsuzluqları aradan qaldıracaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59