Milli Məclisdə deputatlar məmurları "topa tutdular"
11:58 02-02-2016
CƏMİYYƏT
İcra başçıları tənqid olundu, bank borcları müzakirə
edildi, restoran adlarının dəyişdirilməsi istənildi və...
Ötən gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasın gündəliyinə 16 məsələ olub və müzakirələr kifayət qədər məhsuldar və gərgin keçib. "Unikal" qəzeti Milli Məclisdəki müzakirələrdən ən yaddaqalan məqamları oxucularının diqqətinə çatdırır.
"Təzə gələn icra başçısı köhnənin..."
"İşğal olunmuş rayonlarımızın adlarının restoran, kafe və şadlıq evlərinə verilməsinin qarşısı alınmalıdır". Bunu isə parlamentin iclasında deputat Zahid Oruc deyib. "İşğaldan sonra biz acımızı kitablara, lentlərə, kinolara daşıdıq. Bir çox adamlar isə Şuşanın, Ağdamın, Xankəndinin adını şadlıq evlərinə, restoranlara, kiçik kafelərə köçürdülər. Bu müqəddəs adlar bəzən yolqırağı obyektlərə də verildi. Biz son dövr hər məsələni devalvasiyanın kontekstində anlamağa çalışmışıq. Amma məncə, bu, müqəddəs adları devalvasiya etdirməkdir. Biz Şuşa adını belə yerlərə qoymaqla, o restoranda açdığımız süfrə ilə başa vururuq. Bu, o adların nə qədər təhrikə uğraması ilə yanaşı, hədəflərə doğru gedib çatmağa ideloji, siyasi baxımdan bir maneədir".
Deputat eyni zamanda qeyd edib ki, Baş Prokurorluğun tərkibində olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu dəyişdirilməlidir.
"Bu yaxınlarda İdarənin illik hesabatı açıqlandı. 70 şəxs korrupsiya cinayətlərinə görə həbs edilib. Düşünürəm ki, bu qurum müstəqil fəaliyyət göstərməlidir". İcra hakimiyyətlərinin rəhbərləri barədə danışan deputat vurğulayıb ki, onlar dəyişdikcə, sahibkarların fəaliyyəti çətinləşir. "İcra hakimiyyətlərinin rəhbərləri dəyişəndə rayonların siması dəyişir. Gələn köhnənin qəbul etdiyi qərarları ləğv edir. Bu, sahibkarlıq sinfi üçün çətindir. Rayonlara investisiya cəlb etmək üçün bu sahəyə diqqət yetirilməlidir və bu məsələyə yenidən baxılmalıdır ki, gələn icra başçısı köhnənin qərarlarını ləğv etməsin".
Zahid Oruc 1000 iş yerinin ünvanını göstərdi...
Mənzil-istismar sahələri barədə danışan Zahid Oruc vurğulayıb ki, bu gün onların statusu qeyri-müəyyən qalıb.
"Onlar xüsusi bir iş görmür. Mənzilin kvadratına görə, nə qədər pul verib, ev alınır. Sonra onlara 50, hətta 100-200 manat haqq veririk. Sanki öz evimizdə kirayə qalırıq. Bu quruma büdcədən də nə qədər vəsait ayrılır. Düşünürəm ki, yeni idarəetmə sisteminə keçid lazımdır ki, dövlətin yükü azalsın". Zahid Oruc eyni zamanda bir neçə vəzifə daşıyan məmurlar məsələsinə də toxunub. "Çingiz Abdullayev özü dörd vəzifəni daşıyır. Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, "əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?". Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü dörd vəzifə daşıyır. Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar".
Qənirə Paşayeva: "Axı bu ailələr varlanmır..."
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin dünənki iclasında kredit götürən və övladı ödənişli ali təhsil alan ailələrin ünvanlı sosial yardımının kəsilməməsi təklifi ilə çıxış edib. Q.Paşayeva Milli Məclis və Hökuməti insanların ünvanlı sosial yardımla bağlı narahatlıq və problemlərinin həllinə çağırıb. Deputat deyib ki, ünvanlı sosial yardım alan ailələr hər hansı bir ağır probleminin həlli istiqamətində, bir xəstəsinin əməliyyatı və hansısa çox önəmli çətinliyini həll etmək üçün kredit götürən kimi ona verilən yardım kəsilir: "Axı bu ailə varlanmır, tam əksinə, borcu daha da artır və belə bir ailəyə ünvanlı sosial yardımı almaq daha çox lazımdır. Amma onlara verilən yardım kəsilir və ailə daha da ağır vəziyyətə düşür. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır. İkincisi, ünvanlı sosial yardım alan ailələrin övladları ali məktəbə ödənişli əsaslarla qəbul olunduğu halda həmin ailəyə verilən yardım kəsilir. Nə üçün? Axı o yardım kəsilsə, həmin ailə övladını ali təhsil arxasınca göndərə bilməyəcək. Belə ailəyə daha çox dəstək göstərmək lazımdır ki, övladını oxuda bilsin. Amma ona verilən ünvanlı sosial yardım kəsilir. Bu insan övladı ödənişli ali təhsil almağa düşəndə varlanmır ki? Tam əksinə, qayğı və problemləri daha da artmağa başlayır. Ona görə də bu iki məsələnin ünvanlı sosial yardımın verilməsi zamanı ləğv edilməsi lazımdır. Cənab Prezidentin aztəminatlı ailələrə daha çox diqqət və qayğının göstərilməsi ilə bağlı göstəriş və tapşırıqları insanlarımızda bu məsələnin öz həllini tapacağına inamı artırıb. Ona görə də mən Milli Məclisi və Hökuməti, müvafiq qurumları bu məsələnin həllinə çağırırıram. Çox sayda insanlarımız bunu gözləyirlər".
Qüdrət Həsənquliyev gürcülərdən gileyləndi:
"belə qonşuluq olmaz..."
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib. Deputat deyib ki, Gürcüstanın ayrı-ayrı vəzifəli şəxslərindən Azərbaycana qarşı ədalətsiz mövqe zaman-zaman müşahidə olunub:
"Biz vaxtilə NATO Parlament Assambleyasında iştirak edən zaman həmin tədbirdə Gürcüstandan Burcanadze də iştirak edirdi. Həmin iclasda Ziyafət Əsgərov da iştirak edirdi, Yəqin ki, yadına gələr.
Həmin iclasda Burcanadzeyə sual olundu. Burcanadze bizə cavabında bildirdi ki, işğalla bağlı Kosovada tətbiq olunan təcrübə Moldova və Gürcüstana tətbiq oluna bilər. O, həmin vaxtı da Azərbaycanın adını çəkməmişdi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 nəfər üzvü sənədin əleyhinə səs verib. Bunu burada hörmətli Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilərlər".
Q.Həsənquliyev qeyd edib ki, Avropanın ayrı-ayrı institutlarında, o cümlədən Fransada güclü erməni lobbisi var: "Bu ölkələrdə hakimiyyət dəyişsə də, ancaq dövlətin mövqeyi dəyişmir.
Ancaq Elxan Süleymanovun təşəbbüsü ilə AŞPA-da "Sərsəng" su anbarı ilə bağlı qətnamə qəbul edilməsi çox əhəmiyyətli addımdır. Bu qətnamənin qəbulunda Elxan Süleymanovun da böyük əməyi var".
Partiya sədri gürcü deputatların Azərbaycana qarşı atdığı bu addımın Gürcüstanın diqqətinin çatdırılmasının vacibliyini söyləyib: "Mən sonda bildirmək istəyirəm ki, biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq və riyakarlıq olmaz".
Azay Quliyev də
icra hakimiyyətlərini
tənqid etdi
Millət vəkili Azay Quliyev "İctimai nəzarət haqqında" qanun layihəsi barədə danışıb. O bildirib ki, qanun layihəsi müzakirələrə təqdim edilib. "Cənab Prezident Nazirlər Kabinetində çıxışı zamanı ictimai nəzarət haqqında ciddi tapşırıqlar verib və ictimai nəzarətin vacibliyini qeyd edib. Bu qanun layihəsi müəyyən boşluqların doldurulmasına, konkret mexanizmlərin yaradılmasına xidmət edəcək.
Təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyətləri orqanları buna riayət etmir. Həmkarım Fazil Mustafa qeyd etdi ki, "İctimai iştirakçılıq haqqında" qanun var və orada ictimai şuraların yaradılması haqqında da maddə var. Niyə bu lazımi səviyyədə icra olunmur? Mən həmkarımın fikrinin bir hissəsi ilə razıyam.
Təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazımi səviyyədə diqqət yetirmirlər. Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş Əsasnaməsi var. Əsasnamədə şuraların yaradılması qaydaları göstərilib. Amma bəzi qurumlar buna əməl etmir".
Siyavuş Novruzov:
"Biz Allaha qarşı gedə bilmərik"
"Mən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədriyəm. Biz Allaha qarşı gedə bilmərik". Bu sözləri isə komitənin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun fikrincə, bu qanun layihəsində kimsə Allahlıq edir.
S. Novruzov bildirib ki, layihədə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır. O qeyd edib ki, ünvanlı sosial yardıma baxış da dəyişməlidir: "Bu, o demək deyil ki, imkansız, kasıb adam hər il bu yardımı almalıdır. Bu, insanların ayağa qalxması üçün köməkdir. Neçə illər insanlara verdiyimiz bu yardımlar havaya atılıb. Bu məsələyə baxış dəyişməlidir. Ünvanlı sosial yardım bir illik verilməlidir və o insanın işlədiyi sahəyə tətbiq olunmalıdır. Oradan gələn gəlir ailə vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Yoxsa, ələbaxımlılıq öyrətmək düzgün deyil".
İnformasiya təhlükəsizliyi ilə bağlı prezidentin fərmanına diqqət çəkən S. Novruzovun sözlərinə görə, bununla bağlı bəzi qanunlara dəyişiklik edilməlidir: "Bir mənbə Azərbaycan ordusu haqqında yazır, yarım saatdan sonra çıxarır. Bütün saytlar ona istinadən yazı verir və onlarda yazı qalır. Lakin məlum olur ki, bu informasiya xaricdə hansısa mənbədən yerləşdirilib və bundan mediamız istifadə edib. Bununla bağlı ciddi addımlar atılmalıdır".
Deputat fəaliyyət göstərməyən partiyaların ləğv edilməli olduğunu söyləyib: "Partiyalar var ki, 20 ildən artıqdır vəzifələrini yerinə yetirmirlər. Dünya praktikasında var ki, bunlar bağlanmalıdır. Bu partiyalar artıq alqı-satqı obyektinə çevrilib. Bunun üçün dəyişiklik zəruridir".
Əflatun Amaşov qəzetlərin bahalaşmasından danışdı
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə manatın devalvasiyasından sonra mətbuatın üzləşdiyi problemlərdən söz açıb. "Ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar", - Ə.Amaşov belə deyib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00