Zakir Qaralov prokurorlara elmi fəaliyyətlə məşğul olmağı niyə qadağan edib?
Saxta və qanunsuz yollarla elmi ad və dərəcələrin alınması ilə bağlı məsələyə bir neçə dəfə toxunmuşuq. Plagiat elmi işlərin üzə çıxması, kimlərinsə saxta yollarla alim olması ilə bağlı faktlar ictimailəşsə də, bu sahəyə nəzarət etməli olan qurum Ali Attestasiya Komissiyası yenə də yanlış yolda yürüməkdədir.
Belə ki, AAK-nın rəhbərliyi yenə də bəzi məmurları, iş adamlarını, deputatları müxtəlif yollarla dissertasiya yazdıraraq müdafiə etdirən elm dəllaları ilə işbirliyi qururlar. Bu qədər etirazlara, narazılığa baxmayaraq, yenə də məmurların, işadamlarının elmi dərəcə almasına yaşıl işıq yandırılıb. Kiminsə elim arxasınca getməsində mənfi bir məqam yoxdur. Amma bəzi məmurların prestij naminə pulla alimlik adı alması elmimizə də, eləcə də həmin məmurun çalışdığı sistemə də zərbə vurur. Apardığımız araşdırma zamanı fikirlərini bizimlə bölüşən ekspertlərimiz də bu sahədə ciddi problemlərin olduğunu dilə gətiriblər.
Mehman Muradlı:"Elmi şuralar vakant dossent və professor vəzifələrinə seçki keçirir, lakin AAK bunu qeydiyyata almağa xəsislik edir"
Tanınmış hüquqşünas Mehman Muradlı «Unikal»a şok faktlar açıqlayıb. O,bu sahədə baş verən hüquq pozuntularına və qanunsuzluqlara işıq salaraq, sistemdəki bütün eybəcərlikləri üzə çıxarıb. Onun sözlərinə görə, Ali Attestasiya Komissiyası Azad Mirzəcanzadədən sonra demək olar ki, lazımsız quruma çevrilib. Hüquqşünasın sözlərinə görə, AAK son dövrlər məmurların "elmi işlərini" təsdiq edən qurum kimi fəaliyyət göstərir: «Faktiki olaraq məmurların "elmi işləri" kosmik sürətlə təsdiq edilir. Lakin illərlə araşdırma aparan elmi işçilər uzun müddət "növbə" gözləyir. Konkret fakt da deyə bilərəm. Tanınmış tarixçi alimlərimizdən birini doktorluq dissertasiyası müdafiəsinə buraxmırdılar. Səbəb isə elmi məqalələrin AAK-ın tövsiyyə etdiyi jurnallarda dərc edilməməsi göstərilirdi. Lakin məhkəmə qaydasında mənim müdafiə etdiyim alimi müdafiəyə buraxılmasına nail olduq. Məhkəmədə sübut etdik ki, AAK-ın tərtib etdiyi jurnallarda məqalə dərci tövsiyyə xarakteri daşıyır, imperativ deyil. Məhkəmə iddia tələbimizi təmin etdi. Digər problem dossent və professor adlarının təsdiqiylə bağlıdır. Deməli, elmi şuralar vakant dossent və professor vəzifələrinə seçki keçirir, lakin AAK bunu qeydiyyata almağa xəsislik edir».
M.Muradlı başqa məqamlara da toxunub. Onun qənaətincə, AAK-ın ən ciddi nöqsanlarından biri də müvafiq sahələr üzrə ekspert şuralarında təmsil olunanlarla bağlıdır: «Yeni texnologiyadan anlayışı olmayanlar həmin şurada təmsil olunur və əlbəttə ki, hansı elmi işin copy paste olmasından xəbərsiz olurlar. Təbii ki, bütün bu problemlərdən yaxa qurtarmaq olar. Bunun üçün AAK-ın əsasnaməsi dəyişdirilməlidi. Bir problemi də qeyd edim. Xarici ölkələrdə müdafiə edənlər müdafiəsinin nəticəsini AAK-da nostitfikasiya elətdirə bilmirlər. Süni manelər yaradılır. Adam 25-26 yaşında müdafiə edir, lakin təsdiqlənməsi 6-7 il çəkir. Bu 6-7 il ərzində gənc alim qocalmağa doğru gedir, daha ciddi elmi araşdırmanı inzibati özbaşınalığın hesabına apara bilmir. Bununlada adamın elmi araşdırma aparması effektivliyi aşağı düşür. Bir məsələni də əlavə edim ki, plagiat elmi işlərin araşdırılması məmurlar üçün yaşıl işıqdı. Deməli, Respublika Prokurorluğunda "alim" prokurorların əmək haqqı hesablanan vaxt müəyyən olunub ki, bir çox prokurorlar "alimdir. Bu barədə baş prokurora məruzə ediblər. Baş prokuror ondan sonra prokurorların elmi işlə məşğul olmasını qadağan edib. Deyib ki, pensiyaya çıxandan sonra gedib alim olarsız. Əslində, çox düzgün addımdar, çünki hərə öz işi ilə məşğul olmalıdır. Alim araşdırması, məmurda vəzifəsiylə».
Vüsal Hətəmov:"Biznesmenlərin, iş adamlarının, bəzi dövlət məmurlarının, millət vəkillərinin elmi titul adı alması düzgün deyil"