Düzgün qidalanma demək olar ki, insan sağlamlığının əsasını təşkil edir. Lakin bəzi qidaların yararlılıq müddətini uzatmaq üçün tərkibinə xüsusi maddələr vurulur. Bəs görəsən bu maddələr bizim sağlamlığımıza necə təsir göstərir? 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar yaxşı dərk etməlidirlər ki, məhsulun ömrünü uzadan qatqı maddələri, insan ömrünü qısaldır:

"İstehsalçılar mallarını ölümsüz, sonsuz etmək istəyirlər. Lakin bu da istehlakçıların həyatında mənfi izlərini qoyur. Məhsullara dad, qoxu vermək üçün çoxlu üsullar mövcuddur. E-621 işarəli maddə məhsullara müxtəlif dad vermək üçün qatılır, lakin çox təhlükəli maddədir. Bunun istifadə qaydaları ilə bağlı xüsusi sənəd var. Lakin bu sənəddə insan bu maddədən nə qədər qəbul etsə, zəhərlənmə dərəcəsinə gələ biləcəyi ilə bağlı heç bir məlumat yoxdur. Dünyada hər şey bazar üçün hazırlanır, istehlakçının ömrünü uzatmaq üçün isə çox az şeylər var. 

Rus məhsullarının  yararlılıq müddəti yerli məhsullara nisbətən daha uzundur. Amerika və Mərkəzi Avropa ölkələrində isə ərzaq mallarının üzərində yalnız son tarix yazılır. Bu isə o deməkdir ki, Amerika istehlakçılarının təzə mal almaq şansları yoxdur. Bizim yerli məhsullarımızda isə həm istehsal, həm də bitmə tarixi qeyd edilir. Bütün hallarda yerli mallar digər ölkələrin məhsullarından üstündür. Məhsulun istehsal və bitmə tarixi nə qədər qısa müddətli olarsa, bir o qədər keyfiyyətli olar".

Könül Oruc