1931-ci ildə Türkiyənin Xarici İşlərNaziri Tövfik Rüştinin və SSRİ Xarici İşlər Naziri M.M.Litvinovun ölkəyə müvafiq səfərindən sonra azərbaycanlı mühacirlərin Türkiyədə Sovet İttifaqı əleyhinə təbliğatı dayandırıldı.

Unikal.org xəbər verir ki, bu qərarı SSRİ ilə əlaqələri pisləşdirməsin deyə Mustafa Kamal Atatürk şəxsən imzalayıb.
 
Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Türk Ocaqları" qurumu da fəaliyyətini dayandırandan sonra, azərbaycanlıların Türkiyədəki siyasi fəaliyyəti tamamilə dayandırılıb. 

İstanbulda M.Ə.Rəsulzadənin ümumi redaktorluğu altında çıxan mətbuat orqanları olan "Odlu Yurd", "Azəri Türk", "Bildiriş" və s. kimi məcmuələr bağlandı. Rəsulzadə isə Türkiyədə fəaliyyətlərinə imkan verilmədiyinə görə çox təəssüflənir, Azərbaycan istiqlalçılıq məfkurəsinin boğulmasından narazılıq edir və bildirirdi ki, bu iş qardaş Türkiyənin əli ilə edilib. Buna görə də o, "Heyif bu dövrə" - deyə bildirmişdi.

Təəssüflər olsun ki, Sovetlər Birliyinin təsiri altında Türkiyə dövlətinin bütün siyasi qafqazlılara münasibəti kəskinləşdi. 1931-ci ildə siyasi baxışlı mühacirlərin, o cümlədən M.Ə.Rəsulzadə və başqalarının, ölkəni məcburən tərk etməsindən sonra növbəti bir addım atılıb.

Belə ki, 1931-ci ilin avqustun 17-də Atatürkün şəxsi imzası ilə 11631 saylı belə bir qərarnamə qəbul edilib:

"Əcnəbi politikasına alət olaraq qonşu və dost hökumət əleyhinə nəşr olunan "Yeni Qafqasiya", "Odlu Yurd", "Bildiriş" və "Azəri Türk" qəzet və risalələrinin Mətbuat Qanununun 50-ci maddəsinə uyöun olaraq qapadılmaları, Xariciyə Vəkili Bəyəfəndinin şifahən təklifi üzərinə İcra Vəkilləri Heyətinin 17/8/931 tarixli qərarında qəbul olunub. 
Rəisicümhur: Qazi M.Kemal" (imza)

Qeyd edək ki, Türkiyə dövləti getdikcə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışırdı. Bu mənada Mustafa Kamalın 1922-ci ilin aprelin 10-da Leninə yazdığı məktub da çox maraqlıdır. 

"Əziz sədr! Rusiya ilə bağlanan xoşbəxt müqavilədən sonra biz Qafqaz respublikaları və Ukrayna ilə də müqavilə bağladıq. Türkiyə Böyük Millət Məclisi hazırda həmin sənədləri ratifikasiya edir... Rusiya ilə dostluq Böyük Millət Məclisi hökumətinin keçmişdə olduğu kimi hazırda da siyasətinin əsasını təşkil edir", - deyə Atatürk öz məktubunda bildirib. 

Sovetlər Birliyinin Türkiyə ilə yaxınlaşmasını M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: 

"Cümhuriyyət Türkiyəsi ilə Sovet Rusiyası siyasətcə dost ola bilərlər; mənfəətləri bir qaldıqca bu dostluq ta varlığını mühafizə edə  bilir. Fəqət unutmamalıdır ki, Türkiyə Cümhuriyyəti ilə Sovetlərin siyasi mənfəətləri bir zaman üçün, bir olsa da, bu iki təşəkkülü canlandıran əsl əsaslar arasında dərin bir müxalifət vardır. Milliyyətçiliklə kommunizmin dost bir qüvvət olduğunu kim iddia edə bilər?" 

Qeyd edək ki, M.Ə.Rəsuzadə və M.K.Atatürk tarixən bir-birləri haqqında xoş çıxışlar ediblər. 

Ağarza Elçinoğlu